PEYĞƏMBƏRIMİZİN YETİŞDİRDİYİ ŞƏXSİYYƏTLƏR

PEYĞƏMBƏRIMİZİN YETİŞDİRDİYİ ŞƏXSİYYƏTLƏR

   Gənclik insan ömrünün ən qiymətli xəzinəsi, həyat mövsümünün bahar fəslidir.  Gəncliyin bu qiymət və dəyərini çox yaxşı bilən Hz. Peyğəmbərimiz (s.ə.s) peyğəmbərlik vəzifəsinin ilk günlərindən etibarən gənclərlə yaxından maraqlanmışdır. 

   Bu yaxın əlaqəni də hər insanın ayrı bir xarakter, idrak səviyyəsi və qabiliyyətini nəzərə alaraq həyata keçirmişdir. Belə ki, Hz. Peyğəmbər (s.ə.s) maraqlandığı gənclərin, ilk növbədə, xasiyyətini, itedadını və təbiətini təsbit etmişdir. Daha sonra onlarla öz qəlbi arasında sanki bir cərəyan xətti kimi səmimi və dərin bir məhəbbət bağı qurmuş, məcazi bir ifadə ilə desək, onların ruhuna girəcək bir damar tapmışdır. Bunun sayəsində onları nəbəvi tərbiyə ilə yetişdirib İslam dünyasının öndərləri halına gətirmişdir.

   Hz. Peyğəmbərin (s.ə.s) yetişdirdiyi dahi şəxsiyyətlərin sayı çoxdur. Bunlar: Hz. Əli,  Zeyd bin Harisə, Üsamə bin Zeyd, Hz. Ömərin oğlu Abdullah, Cəfər bin Əbi Talib, Musab ibn Ümeyr, Abdullah ibn Abbas, Attab bin Əsəd (r. anhuma) kimi gənc səbabələrdir.

  Bu siyahını uzatmaq mümkündür. Fəqət burada diqqət çəkən xüsus Hz. Peyğəmbər (s.ə.s) gənc səhabələri ən diqqətli şəkildə yetişdirməsi və onlara etimad göstərərək İslam xidmətində onlara mühüm vəzifələri etibar etməsidir. Bu səbəblə deyilə bilər ki, İslam əksəriyyətlə gənclərin həyəcan iqlimində inkişaf etmişdir. Bu nəbəvi tərbiyə ilə yetişmiş şəxsiyyətlər İslam dəvətini böyük bir həyəcan və həvəslə bütün dünyaya və qitələrə çatdırmışlar.

  Ona görə də düşünmək lazımdır ki, günümüzdə təqribən iyirmi yaşındakı gənclər, görəsən, hansı istəklərin arxasından qaçırlar? Bu yaşlardakı gənclərin dünya görüşü, həyata baxış tərzləri hansı formadadır?

“Məni Rəbbim tərbiyə etdi və tərbiyəmi də çox gözəl etdi” (Suyuti) buyuran Allah Rəsulu (s.ə.s) Ona Allah tərəfindən yüklənən bu ülvi vəzifə səbəbilə hər kəsə rəhmət, mərhəmət və şəfqət pəncərəsindən baxaraq heç kimi bu hidayət dəvətindən uzaq tutmamışdır. Onun üçün də tək məqsədi bütün gözəllikləri Haqqa və xeyrə yönləndirmək olmuşdur. Gənclərlə əlaqəli hədislərə baxıldığında da əziz Peyğəmbərimizin onları daim əbədi həyatı qazanmağa yönləndirdiyi görülməkdədir. Bunun bariz nümunələrindən olan bu hadisəni misal götərmək olar:

  “Rəsulullah (s.ə.s) bir gün Hz. Muazın (r.a) əlini tutaraq:

   –Ey Muaz! Vallahi səni çox sevirəm!- deyə buyurdu. Muaz (r.a):

   –Atam, anam Sənə fəda olsun, ey Allahın Rəsulu! Mən Səni çox sevirəm!- dedi. Daha sonra Fəxri-Kainat (s.ə.s) ona belə buyurdu:

  –Sənə hər namazın sonunda: “Allahım! Səni zikr etmək, Sənə şükr etmək və gözəl şəkildə qulluq edə bilmək üçün mənə yardım et!" duasını heç tərk etməməyini tövsiyə edirəm" (Əhməd, Əbu Davud, Nəsəi, Tirmizi).

   Bir millətin gələcəyini əvvəlcədən görə bilmək uzaqgörənlik deyil. Bunun üçün o millətin gənclərinin gününü, enerjilərini haralarda sərf etdiyinə baxmaq kifayətdir. Çünki hər dövrün gəncləri aldığı tərbiyyəyə görə bir həyat tərzi mənimsəyər. Gənclərin həyat tərzi də o cəmiyyətin gələcəyini göstərən şəffaf bir güzgüdür. Əgər bir millətin gəncləri güclərini xeyriyyəçilik, mənəvi dəyərlərini ucaltma və əzmkarlığa sərf edirsə, o milləttin gələcəyi əmin-amanlıqdır.

   Mömin bir gəncin almaz kimi qiymət qazanıb başlara tac olması üçün daim istiqamət üzrə bir həyat yaşaması, xidmət və səbirlə yetişməsi lazımdır.

  Ona görə də gənclərin maddi və mənəvi cəhətdən yüksək keyfiyyətdə, elmli və üstün xarakter sahibi olaraq yetişdirilməsi, böyük və ciddiliklə ələ alınması gərəkən mühüm bir məsələdir. Çünki ancaq buna müvəffəq olan millətlər gələcəyə ümidlə baxa bilərlər. Muhamməd İqbalın dediyi kimi: “Ey bəsirətli insan! Bir millətin sərmayəsi pul, gümüş, parça və qızıl deyildir. Onun əsl sərmayəsi, imanlı, sağlam, dinc və qüdrətli beyinlərə sahib, çox çalışqan və cəld övladlarıdır.”

   Peyğəmbərlər insanların müəllimləridir. Onlar həyat məktəbinin müəllimləridir. Hz. Peyğəmbərimizin (s.ə.s) ən böyük möcüzəsi olan Qurani-Kərimin feyzinə məzhər olan və Onun sünnəsini diqqətlə yaşayıb, hər məsələdə Onu özlərinə rəhbər götürüb, ən yüksək səviyyədə Ondan istifadə edərək yetişmiş şəxsiyyətlər olan,  Hz. Peyğəmbərimizin  inşa etdiyi şəxsiyyətlər olan səhabələr də, məhz bu sayədə bütün dünyaya müəllim və ustad olmuşdurlar.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz