BİR HƏDİS

BİR HƏDİS

   Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Kim elm öyrənmək üçün yolçuluğa çıxarsa, Allah o kimsənin cənnətə gedən yolunu asanlaşdırar. Mələklər elm tələbəsindən razı qaldıqları üçün onun üzərinə (rəhmət) qanadlarını açarlar. Göylərdə və yerdə olanlar, hətta suyun içindəki balıqlar belə alim üçün Allahdan məğfirət istəyərlər. 

   Alimin abidə olan üstünlüyü ayın digər ulduzlara olan üstünlüyü kimidir. Şübhəsiz, alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər varislərinə miras olaraq qızıl və gümüş qoyub getməzlər. Onlar sadəcə elmi miras olaraq qoyub gedərlər. O mirası alan kimsə çox dəyərli və qiymətli bir pay almış olar”  (Əbu Davud, Elm, 1; Tirmizi, Elm, 19).

   İnsan oğlunun elm öyrənmək məqsədilə yolçuluğa çıxması və əldə etdiyi elm sayəsində alimlik dərəcəsinə yüksəlməsi ən şərəfli və təqdirə layiq yollardan sayılır. Elm yolçuluğu nəticə etibarilə insanı cənnətə aparan bir yolçuluqdur. Bu elə bir yoldur ki, bu yolda qarşılaşılan bütün çətinliklər və məşəqqətlər insana yüksəklik qazandırır. Çünki bu yol peyğəmbərlərin yoludur. Peyğəmbərlər başlarına gələn hər cür çətinliklərə rəğmən Allahın elmini insanlara çatdırdıqları kimi, alimlər də Allahın Kitabı və Rəsulunun Sünnəsini öyrənən, yaşayan və başqalarına öyrədən kimsələrdir. Peyğəmbərlər göndərildikləri qövmlərə rəhbərlik edərək onlara doğru istiqaməti göstərməklə məsuldurlar. Hədisi-şərifdə Rəsulullah (s.ə.s) alimlərin peyğəmbərlərin varisləri olduqlarina diqqət çəkməklə alimlərin də peyğəmbərlər kimi bir məsuliyyətə sahib olduqlarını bildirmişdir. Yəni alimlər yaşadıqları cəmiyyətə öndərlik edən şəxsiyyətlərdir.

   Hədisi-şərifdə peyğəmbərlərin özlərindən sonra miras olaraq yalnız elmi buraxdıqları da vurğulanmışdır. Bu nöqteyi-nəzərdən alimlər də peyğəmbərlər kimidir. Alimlər də özlərindən sonra miras olaraq elm buraxarlar və miras olaraq buraxdıqları bu elm onları yaddaşlarda canlı tutaraq bəşəriyyət var olduqca ölümsüzləşdirər. Əsrlər öncə yaşamış bir çox alimin bu gün müxtəlif vəsilələrlə xatırlanması bunun canlı örnəklərindəndir. Bu da elmin insana qazandırdığı yüksəkliyin bariz nümunəsidir.

   Rəsulullah (s.ə.s) bu hədisi-şərifdə alim ilə abidi qaşılaşdıraraq alimin abiddən üstünlüyünü ayın ulduzlara olan üstünlüyü ilə müqayisə etmişdir. Çünki elm yolçusu olan insan davamlı olaraq çalışmaqla sadəcə özünə deyil, başqalarına da faydalı olar. İbadət əhlinin əməli də fəzilətli sayılmaqla yanaşı, faydası yalnız şəxsin özünə aiddir.

   Bütün bu üstün xüsusiyyətləri səbəbilədir ki, Rəsulullah (s.ə.s) bu hədisi-şərifdə göylərdə və yerdə olan hər bir varlığın alimlər üçün dua etdiklərini və mələklərin alimlərin üzərinə rəhmət qanadlarını açdıqlarını bildirmişdir. Hər şeyin bilgisinə sahib olan Allahın (Alim) öz elmindən zərrə qədər bəxş etdiyi insanlara bu yüksək məqamı bəxş etməsi, elmin Allahın dərgahında nə dərəcədə fəzilətli olduğunu göstərməkdədir. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz