DUA VƏ RƏHMƏT PEYĞƏMBƏRİ (s.ə.s)

DUA VƏ RƏHMƏT PEYĞƏMBƏRİ (s.ə.s)

   Şəfqət və mərhəmətin qaynağı olan Peyğəmbərimizin (s.ə.s) müqəddəs həyatı Onu sevən və onun yolundan gedən ümməti üçün ən gözəl nümunələrlə doludur. Onun yüksək əxlaq sahibi olması, rəbbani tərbiyə ilə tərbiyələnməsi və yaşadığı sadə həyatı ilə dünyaya rəhmət olaraq göndərilməsi insanlıq üçün böyük bir səadətdir.

   Böyüklərdən birinin ifadəsi ilə "Buradan Mədinəyə, Rövzeyi-Mutahharaya qədər Peyğəmbərimizdən bəhs edən cildlərlə kitab yazılsa belə, yenə Onun yüksək əxlaqını, gözəlliyini bəhs etməyə acizdir".  Bunun üçün də Rəsulullahın şəxsi mənəviyyatı ilə hər an bərabər olma səyi, Onunla qəlbən bir rabitə içində olma istəyi insanı həm bu dünyada, həm də hesab günü nitaca aparacaq bir əməldir.

   Sözü-söhbəti rəhmət çağlayan Rəsulullahın dilindən yenə rəhmət çeşmələri fışqırmış və O, özünə edilən ən ağır işgəncə və ittihamlar qarşısında səbir, mətanət və təvəkkül göstərmişdir. Siyəri-Nəbidən öyrəndiyimiz qədəri ilə bir neçə xüsus xaric Peyğəmbərimizin mübarək dodaqlarından lənət və bəddua çıxmamışdır.

  Taifdə belə Peyğəmbərimizin rəhməti ilə hərəkət etmiş və Taifin gələcəyinə ümid bəsləmişdir. Çünki Taif tarixən Peyğəmbərimizin ümid yeri olmuşdur. Bir az da olsa, qövmünün zülmündən uzaq qalıb rahat nəfəs alacaq, onlara dinini təbliğ edəcək, gördüyü bütün işgəncə və təzyiqdən uzaq qalacaqdı. Taifin öndə gedənləri uşaqlarına Peyğəmbərimizi daş-qalaq etmələri və bu hərəkətin qarşısında Cəbrayılın Allahın sənə salamı var, istəsən buranı yerlə bir edəcəyəm deməsinin qarşısında O:

   -Xeyr!- deyir,- Mən sadəcə onların nəsillərindən Allaha ibadət edəcək, Ona heç bir şeyi şərik qoşmayacaq insanlar gəlməsini diləyirəm.

   Onun müqəddəs həyatına baxanda duanın çox önəmli bir yer tutduğunu görürük. Bu əhəmiyyət Rəbbimizin duaya və özünə dua ilə yalvarmasına böyük qiymət verməsindən irəli gəlir. Zira qulun Rəbbinə yaxın olduğu, beş vaxt hüzurunda durduğu namazın bir mənası da daudır. Quran ayələrinin bir çoxu birbaşa və ya dolaylı olaraq dua ilə əlaqəlidir və Quranda bir çox dua ayəsi mövcuddur.

   Dua qulun acizliyini dərk edərək, bir mənada öz həddini bilərək Rəbbini ucaltması və Rəbbinin hüzurunda təslimiyyətlə boyun əyməsidir. Dua acizliyin etirafıdır. Onsuz da Allah-Təala da qullarının özünə dua edilməsini istəyir: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!" (Mömin, 60).

   "Əgər duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?" (Furqan, 77) ayəsinin ortaya qoyduğu ölçü Rəbbimiz biz qullarına dəyər verməsidir. Bu da duamız və yalvarmağımızla əlaqəlidir. Həyat düsturumuz olan Qurani-Kərim bizə nəyi və necə etmə məsələsində yol göstərdiyi kimi, necə dua etmək gərəkirsə, onu da öyrətmişdir.

    Rəbbimiz "Fatihə" surəsində yalnız Ondan kömək istəmək və yalnız Ona ibadət ediləcəyini buyuraraq duanın, ilticanın ünvanını göstərməkdədir (Fatihə, 5).

   Dua və rəhmət Peyğəmbərinin hədis kitablarında qeyd edilən yüzlərlə duası vardır. Həyatın hər sahəsində və hər anında Rəbbinə iltica halında olan Peyğəmbərimizin dualar arasında ümmətinin qorunması, islahı, məğfirəti üçün duaları ən çox yer tutan dualardandır. O, duanı təşviq mənasında belə buyurmuşdur:

   "Kimə dua qapısı açılırsa, ona rəhmət qapıları açılır. Allahın ən çox sevdiyi şey Ondan sağlamlığın istənilməsidir. Dua gələn  və gəlməyən bəlaya faydalı olur. Onun üçün, ey Allahın qulları, duaya sarılın" (Tirmizi, Dəavat, 101/2548).

  Yenə Peyğəmbərimizin əsri-səadətində səhabələr üçün etdiyi dualardan bir neçəsini qeyd edərək Onun dua və rəhmət peyğəmbəri olmasını birbaşa onun ifadəsindən görək:

   Devs qəbiləsindən Tufeyl bin Amr qəbiləsini İslama dəvət edir, ancaq onlar qəbul etməzdilər. Buna görə də, Məkkəyə, Rəsulullahın yanına gedib: "Ey Allahın peyğəmbəri! Devs qəbiləsi mənə qalib gəldi, onlar asi oldular. Onların əleyhinə Alllaha dua et!"- deyə tələb etdi. Rəsulullah (s.ə.s) isə:

   "Allahım, Devsə hidayət ver!" - deyərək dua etdi və Tufeylə:

   "Qövmünün yanına dön! Onları İslama dəvət etməkdə davam et və onlarla yumşaq davran!"- deyə buyurdu.

   Tufeyl qövmünün yanına döndü. Rəsulullah Mədinəyə hicrət edincəyə qədər onları İslama dəvət etdi (Buxari, Məğazi, 75; Əhməd, II, 243; İbn Sad IV, 239).

   Rəsuli-Əkrəmin bəzi duaları da səhabələrini mənəvi xəstəliklərdən təmizləməyə həsr etdiyini görürük.

   "Ey insanlar! Nəfsindən qorxan varsa, ayağa qalsın ki, onun üçün dua edim!"- deyə buyurdu. Bir nəfər ayağa qalxdı:

-  Ya Rəsulullah! Mən çox xəsisəm, qorxağam və bir də yuxu xəstəsiyəm. Allah dua et ki, məndən bunları götürsün!- dedi. Rəsulullah ona dua etdi. Sonra bir nəfər də ayağa qalxdı və:

   -Ya Rəsulullah! Mən çox yalançıyam. Çirkin sözlü, çirkin əməlliyəm. Həm də yuxu xəstəsiyəm- dedi. Peyğəmbərimiz:

   "Ey Allahım! Ona doğruluq və iman kamilliyi nəsib et. Yatmaq istəyəndə ondan yuxunu uzaqlaşdır!"- deyə dua etdi.

    Bundan sonra məscidin qadınlar tərəfindən bir qadın ayağa qalxdı:

    -Məndə belə-belə hallar var. Allah dau et ki, məndən bu halları götürsün!- dedi. Peyğəmbərimiz ona:

   "Sən Aişənin evinə get"- buyurdu. Sonra minbərdən endi. Hz. Aişənin evinə dönəndə qadının başına əsanı qoydu və onun üçün dua etdi (İbn Sad, II, 255).

    Nəticə olaraq mömin Peyğəmbər əxalqını nümunə götürməli, kindən, nifrətdən və bunlara səbəb olacaq hər cür ifadədən çəkinməlidir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz