ƏDALƏTLİ OLAQ
Allah-Təala Qurani-Kərimdə belə buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar” (Əhzab, 70-71).
Ürəklərdə elə bir boşluq vardır ki, onu ancaq Allaha yönəlmək, Onu sevmək və Ona dönmək doldura bilər. Ürəklərin dağınıqlığını ancaq əzaların günahlardan qorunması, haramlardan uzaq dayanmaq və şübhələrdən çəkinmək aradan qaldırar. Allah özünü hesaba çəkən, Rəbbindən haqqı ilə qorxan və axirəti üçün hazırlıq edən adama öz rəhməti ilə rəftar edər.
İslam dini insanları batil dinlərin təzyiqindən İslamın ədalətinə çıxarmaq üçün gəlmişdir. Çünki göylər və yer ədalətlə ayaqda dayanar. Allah-Təala da ədalət sifətinə sahib olduğunu və ədalətin ziddi olan zülmdən uzaq olduğunu bildirir: “Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz” (Nisa, 40).
İslam dini ədalət üzərində qurulmuşdur. Yenə belə buyurulur: “(Ya Rəsulum!) Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu” (Ənam, 115). İslam dininin verdiyi xəbərlər doğrudur və hökmləri ədalətlidir. Qəsb, zülm və haqsızlığı qəbul etməz. Əksinə o, harada olursa-olsun daim haqqın yanındadır. Kafirlərlə əlaqələrdə belə olsa, verilən sözlərə və razılaşmalara riayət etməyi əmr edir. Yenə buyurulur: “Əgər (əhd bağladığın) bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan, (döyüşə başlamazdan əvvəl) onlarla olan əhdini pozduğunu açıq-aydın (mərdi-mərdanə) özlərinə elan et. Çünki Allah xainləri sevməz!” (Ənfal, 58). İslam ədalətli olmağa o qədər təşviq edir ki, nəinki dostun, tanışın, qohum-əqraban, hətta düşmənin haqqında belə ədalətli olmağımızı əmr edir. Yenə ayədə belə qeyd olunur: “Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!” (Maidə, 8). Yəni aramızda sevgi və mehribançılıq olmasa belə, hər kəs haqqında ədalətlə qərar vermək məcburiyyətindəyik.
Adil olmaq hər kəsə və hər vəziyyətdə fərzdir. Allah ədalətli olmağı bütün insanlara əmr edir: “Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!” (Nəhl, 90).
Allahın kölgəsindən başqa heç bir kölgənin olmayacağı Qiyamət günündə bu kölgədə olacaq yeddi qrup insan arasında ədalətli idarəçi də hədisdə qeyd olunur. Bu hədisi Buxari və Muslim rəvayət edir. Ədalətin ziddi zülmdür. Qurani-Kərimdə buyurulur: “...Zalımlar mənim əhdimə nail olmazlar...” (əl-Bəqərə, 124). Yenə buyurulur: “Allah zülm edənləri sevməz!” (Ali İmran, 57).
Heç şübhəsiz, zülmün ən böyüyü Allaha şərik qoşmaqdır. Loğman (ə.s) öz oğluna nəsihətində belə deyir: “...Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)” (Loğman, 13). İslam ümməti yer üzündə ədalətlə hökm etdikcə, Allahın köməyini və dəstəyinə nail olacaqdır. Alimlərdən biri belə deyir: "Şübhəsiz ki, Allah kafir belə olsa, ədalətli cəmiyyəti ayaqda tutar və müsəlman belə olsa, zalım cəmiyyəti ayaqda tutmaz."
Bir hədisdə Peyğəmbərimiz heyvanların belə bir-birinə etdikləri zülmün yerdə qalmayacağını bildirmişdir: “Qiyamət günü mütləq haqlar öz sahiblərinə veriləcəkdir. Belə ki, buynuzsuz qoyun buynuzlu qoyundan haqqını alacaqdır” (Müslim, Birr, 6). Başqa bir hədisində isə belə buyurduğu rəvayət edilir: “Kimdə qardaşının namusu ilə və ya başqa bir şey ilə əlaqəli bir haqqı varsa, dinar və dirhəmin olmayacağı (gündən) əvvəl, bu gün onunla halallaşsın. (O gün) onun saleh əməli varsa, üzərindəki haqq miqdarı ondan alınır. Əgər onun hasənatı yoxdursa, (haqqını yediyi) yoldaşının günahlarından alınır və ona yüklənir” (Buxari, 6447).
Xülasə, ədalətin İslamdakı məqamı böyükdür. Allahın dərgahında savabı çoxdur. Adil kimsənin duası məqbuldur. Allah ədalətli olanları sevər. Adil insan Qiyamət günü Rəhmanın kölgəsindədir. Başçı ədalətli olmaqla əmr olunmuşdur. Hakim ədalətlə hökm verməlidir. Bir sözlə, əgər ədaləti itirəriksə, Allahın bizə bəxş etdiyi kainatın sonunu özümüz gətirmiş olarıq.
“Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir!” (Nisa, 58).
ŞƏRHLƏR