ŞƏXSİYYƏTİN İNKİŞAFINDA TƏHSİLİN ROLU

ŞƏXSİYYƏTİN İNKİŞAFINDA TƏHSİLİN ROLU

   Məqaləmə Viktor Hüqonun dahiyanə deyilmiş sözü ilə başlamaq istəyirəm: "Açılan hər məktəb bir həbsxananın bağlanması deməkdir". Artıq bu sözün nə şərhə, nə də izaha ehtiyacı var. 

   Açıq-aşkar bütün parlaqlığı hər şeyi ortaya qoyur. Deməli, məktəb, təhsil cəmiyyət üçün, insan üçün bu qədər əhəmiyyətlidir. Əgər cürət edib bu sözə izah versək, deməli, məktəb cinayətin qarşısını alan, insanı bir şəxsiyyət kimi formalaşdıran tərbiyə ocağıdır.

   İnsan bilmədiyinin düşmənidir deyiblər. Təhsil, bilik, elm insanın cövhəridir. İnsanın şəxsiyyət kimi formalaşmasında təhsilin, elmin, biliyin mühüm əhəmiyyəti vardır. Təhsil tərbiyəvi mahiyyət daşıyan elm ocağıdır. Təhsil insanı parlak gələcəyə, xoşbəxt sabaha götürən yeganə nurlu, işıqlı yoldur. Təhsil nəinki şəxsiyyətin inkişafında, həmçinin cəmiyyətin inkişafında da mühüm rol oynayır, insanların bir-biri ilə münasibətlərində, biri-biri ilə dostluq əlaqələrində vasitəçi mahiyyət daşıyır, bir sözlə, təhsil şəxsiyyət üçün, cəmiyyət üçün danılmaz sərfəli amildir.

   İnsan ömrü boyu- ta oğulandan ölümünə qədər öyrənir, müşahidə edir, öyrəndiklərini, gördüklərini həyata keçirir, təcrübə yığır, necə deyərlər, öyrənə-öyrənə formalaşır. Şəxsiyyət anlayışı deyiləndə, gözəl insan, cəmiyyətə, dövlətə, xalqa faydalı bir şəxsdən söhbət gedir.

   Şəxsiyyət insanda xarakterlə meydana çıxar. Xarakter anlayışı ümumiyyətlə təbiət və xasiyyət anlayışı ilə eyni mənada işlədilir. Xarakter anlayışını şəxsiyyətdən ayıran ən əhəmiyyətli xüsus əxlaqi xüsusiyyətləri izah etmək üçün istifadə edilmiş olmasıdır. Cəmiyyətdə "xarakterli" və ya "xaraktersiz" insanlardan söz edilir. Davranışları cəmiyyətin əxlaq qaydalarına uyğun, ictimai dəyərlər sistemini mənimsəmiş olan şəxslərə "xarakterli" deyilir. Çünki xarakter doğuşdan gəlməz, sonradan ictimai əlaqələr nəticəsində qazanılır. Təhsillə istənilən xarakterdə insanlar yetişdirmək mümkündür. Çünki xarakter ilk yaşlardan etibarən ictimai həyatın nəticəsində bir sıra qaydaların mənimsənilməsi ilə inkişaf edər və formalaşır. Burada Platonun bir sözünü qeyd etmək istəyirəm: "Elmlər insan ruhunun gözünü təmizləyir və yenidən açır. Ruhun gözü min dənə adi gözdən önəmlidir, çünki ancaq onun köməyi ilə həqiqəti görmək mümkündür".

   Təhsilin fərqli yönlərdən bir çox faydaları vardır. Fəqət gözəl və düzgün təhsil ümumiyyətlə, insanın həyatda daha da zəkalı, daha da qabiliyyətli, daha da dindar, daha da əxlaqlı və daha da savadlı olmasını təmir edir.

   Biz təhsil deyəndə təkcə məktəblərdə tədris olunan elmləri əzbərləmək, universitet diplomunu almaq, magistatura və doktoranturanı yüksək səviyyədə bitirməyi nəzərdə tutmuruq. Şəxsiyyət deyəndə cəmiyyətə, xalqa, vətənə fayda verən, haqqı, ədaləti bərqərar edən, doğruluğun, düzgünlüyün tərəfdarı olan, haqzıslığa göz yummayan bir şəxsiyyətdən bəhs edirik. Elmlə fitri xarakterin vəhdətindən meydana gələn gözəl şəxsiyyətin formalaşmasından söhbət gedir.

   Əgər təhsil Allahın bizə verdiyi fitrəti pozmadan əsl əxlaqi dəyərlərini, etik normalarını, ali keyfiyyətlərini və bunun kimi müsbət xüsusiyyətləri önə çıxarıb, ona istiqamət vermirsə, o zaman təhsilin heç bir faydası yoxdur.

   İnsan böyüdükcə, dünya görüşü artdıqca, həyata baxış tərzi dəyişir. Ancaq təhsil həm insanın dünya görüşünü artmasına yardım edir, həm də bununla yanaşı, əxlaq keyfiyyətlərinin də formalaşmasını təmin edir.

   Ümumiyyətlə, dinimiz İslam da təhsilə böyük önəm vermişdir. Elm öyrənmək, elm öyrətmək kimi məsələlər İslam dinin ən vacib məsələlərdəndir. İstər Qurana, istərsə də hədislərə nəzər yetirəndə, görürük ki, həm elmə, təhsilə, həm də alimə böyük dəyər verilmişdir. Çox maraqlıdır ki, Quranda alimlər haqqında çox xoş sözlər işlənmişdir. “De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!” (Zumər, 9). “Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar” (Fatir, 28) kimi ayələr göstərir ki, İslam dinində alim, elmin, təhsilin əhəmiyyəti böyükdür.

   Amma bunu da qeyd etmək lazımdır ki, şəxsiyyət deyəndə, yuxarıda da qeyd etdiyimiz kimi, gözəl insan nəzərdə tutulur. Nümunəvi insan şəxsiyyətdir. Bunu da biz Peyğəmbərimizin timsalında görürük. Çünki Peyğəmbərimizin böyük Müəlllimi Allah-Təaladır. O, təhsilini İslam məktəbində almışdır. İslam təhsilində tədris almış Peyğəmbərimiz də öz davamçıları olan səhabələrin müəllimi olmuşdur. Tarixdə ən seçilmiş nəsil kimi tarixə düşən səhabələr də özlərindən sonra gələn tabeunlara müəllimlik etmişdirlər. Beləliklə, tarixin səhifələrində qızıl hərflərlə öz möhrünü vuran bu mübarək nəsillərin təhsili İslam məktəbindən keçmişdir.

   Sonda məşhur Çin atalar sözünü qeyd etmək istəyirəm:  "Planınız bir illikdirsə – düyü əkin, on illikdirsə – ağac əkin, yüz illikdirsə – insanlara təhsil verin".

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz