İMAN VƏ ƏMƏL MEHVƏRİNDƏ ŞƏXSİYYƏT İNŞASI

İMAN VƏ ƏMƏL MEHVƏRİNDƏ ŞƏXSİYYƏT İNŞASI

   Uca kitabımız Qurani-Kərimə nəzər saldıqda insanın yaradılış məqsədlərindən birinin yer üzərində Allahın xəlifəsi olma gerçəyi ilə qarşılaşırıq. "Bəqərə" surəsinin 30-cu ayəsində buyurulur: “Xatırla ki, Rəbbin mələklərə “Yer üzündə bir xəlifə yaradacağam”,- demişdi...”

   Allahın yer üzündəki xəlifəsi olaraq yaradılan insan bu rolunu icra etmək üçün, ilk növbədə, şəxsiyyət olaraq özünü yetişdirmək məcburiyyətindədir. Sadə bir misal verərək deyə bilərik ki, hər hansı dünyalıq bir iş üçün vəzifələndirilən insanın o işin öhdəsindən gəlməsi üçün əvvəlcə xüsusi olaraq yetişdirilməsi və müəyyən istedada sahib olması şərtdir. Yer üzündə Allahın xəlifəsi olmaq isə hər şeydən daha çətin, daha məsuliyyətli və daha şərəfli bir işdir. Rəbbimizin bu istəyi istiqamətində yaşamaq istəyənlər, əlbəttə ki, bu nemətə layiq olmaq üçün, ilk növbədə, özlərini şəxsiyyət olaraq formalaşdırmaq məcburiyyətindədirlər. Bəşəriyyətə göndərilən bütün kitablar, peyğəmbərlər və İslam dini olaraq adlandırılan bütün əhkamlar məcmuəsinin əsas hədəflərindən biri insanı şəxsiyyət olaraq formalaşdırmaq olmuşdur.

   İslamın bizdən tələb etdiyi şəxsiyyət modelində aranan iki əsas şərt iman və əməldir. Belə ki, əqidə baxımından kamilləşməyən insan əsla Allahın yer üzündəki xəlifəlik vəzifəsini yerinə yetirə bilməyəcəkdir. Bu iş üçün öncə Onu layiqincə tanımaq və iman xüsusunda bütün batil inanclardan uzaq olmaq şərtdir. Həzrət Muhammədin (s.ə.s) peyğəmbər olduqdan sonra Məkkədə keçən on üç illik həyatına və bu dönəmdə nazil olan Quran ayələrinə baxdıqda bunu asanlıqla görmək mümkündür. Allah Rəsulu məhz bu dönəmdə Rəbbindən aldığı vəhylərlə iman və əqidə üzərində durur, ilk növbədə, şəxsiyyət olaraq yetişdirəcəyi səhabə toplumunu batil inanclardan təmizləyirdi. Çünki qəlbində Allahdan başqasına iman olan və Ondan başqasına əyilən bir insan əsla şəxsiyyət kimi formalaşa bilməzdi. Yalnız xeyrin də, şərin də Ondan gəldiyini bilənlər şəxsiyyəti alçaldıcı hərəkətlərdən uzaq ola bilərlər. Məhz belələri mənfəət üçün başqasına əyilməz, həyatda qalmaq naminə insana, vəzifəyə və var-dövlətə kölə olmaz, sahib olduqları imkanlarla da əsla doğru yoldan çıxmazlar. Ona görə də Allah Rəsulu on üç illik Məkkə dövründə imanı qəlblərə möhkəm yerləşdirməyə çalışırdı. Çünki gələcəkdə əshabi-kiramı böyük imtahanlar gözləyirdi. Qarşılaşacaqları xeyir və şər onları yoldan çıxarmamalı idi.

   Bir insanın şəxsiyyət olaraq yetişdiyini göstərən digər xüsus əməldir. İnandığına əməl etməyən, yəni inandığı kimi yaşamayan bir insanın şəxsiyyət olması qeyri-mümkündür. İslamda quru nəzəriyyələrə yer yoxdur, bu din yaşanaraq insanların həyat tərzinə çevrilmək üçün göndərilmişdir. Qurani-Kərimə baxdığımız zaman bir çox ayədə iman ilə əməlin yanaşı qeyd olunduğunu görürük. “Allaha iman gətirib, saleh əməl işləyənlər” ifadəsi Quranda tez-tez təkrarlanır və belələri tərif olunur. Çünki imanla əməl bir bütünlük təşkil edir. İnsanın iman etməsi onun daxili dünyasını gözəlləşdirirsə, bunun zahirə sirayət etməsi də saleh əməl dediyimiz düzgün davranışlarla mümkündür. Quru sözlərlə iman gətirdiyini söyləyənlər və insanlara nəsihət etməyə çalışanlar, öz əməllərinə gəldikdə isə dediklərindən uzaq qalanlar haqqında isə belə buyurulur: Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab  oxuyursunuz…” (əl-Bəqərə, 44).

  İndi isə şəxsiyyətin formalaşmasına təsir edən başlıca amillərə toxunaq. Bir insanın yaxşı və ya pis insan kimi formalaşmasında, əlbəttə ki, təsiredici amillər öz rolunu oynayır. Şəxsiyyətin düzgün inkişafı üçün ailə, ətraf mühit, elm və örnək insan modeli böyük əhəmiyyət kəsb edir.

   Uşaq, ilk növbədə, ailədə böyüyür, sonra cəmiyyətlə tanış olur. Bir insanın gördüyü ailə tərbiyəsi müəyyən mənada onun gələcəyini formalaşdırır. Həzrət Peyğəmbərin “Hər bir körpə dünyaya İslam fitrəti üzrə gələr. Sonradan ata-anası onu ya yəhudi, ya xristian, yaxud da məcusi edər” (Buxar, Təfsir (Rum), 2) hədisi-şərifi insan həyatında ailə tərbiyəsinin əhəmiyyətini göstərir. Ətraf mühit də eynilə ailə qədər insan üzərində təsirə malikdir. Ünsiyyət qurduğumuz, durub-oturduğumuz insanlar bizə mənfi və ya müsbət mənada təsir edir. Aldığımız bu təsirlərin hər biri doğulduğumuz andan ölənə qədər inşası davam edən şəxsiyyət binamızın kərpicləridir əslində. Həzrət Peyğəmbərin (s.ə.s) “İnsan dostunun dini (həyat tərzi) üzrə yaşayar” (Əbu Davud, Ədəb, 16) kəlamı yoldaşlıq etdiyimiz kəslərin həyatımıza nə qədər təsirli olduğunu açıq-aşkar ortaya qoyur. Digər bir hədisi-şərifində isə ətrafımızdakı insanlardan nə qədər təsirləndiyimizi belə dilə gətirir:“Yaxşı ilə pis yoldaşın halı gözəl ətir satanla körükçüyə (dəmirçiyə) bənzəyir: Müşk satan ya sənə gözəl ətrindən hədiyyə edər, ya sən pul verib alarsan, yaxud da (ən azından onunla birlikdə olduğun müddət ərzində) burnuna gözəl ətirlər gələr. Körükçü isə ya patlarını yandırar, ya da körüyün pis iyindən narahat olarsan (Buxari, Zəbaih, 31). Yaxşı insanlarla əlaqə qurmağımızı əmr edən ayeyi-kərimədə isə belə buyurulur: Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun!” (ət-Tövbə, 119). Ətraf mühit dedikdə bir zamanlar sadəcə sosial cəmiyyət nəzərdə tutulurdusa, bu gün televizor, internet, ağıllı telefonlarımız və s. kimi informasiya vasitələri də ətraf mühitimiz sayılır. Son zamanlar teleserialların dağıtdığı ailələrin, feysbuk yoldaşlığının səbəb olduğu mənfi yoldaşlıqlar və əxlaqsız münasibətlərinin şahidi olduq. Elə isə şəxsiyyət inşasında bunu da gözardı etməməliyik.

  Elm də öz növbəsində şəxsiyyəti formalaşdıran mühüm amillərdən sayılır. Elmdən məqsəd oxumaqdır. Nəyi oxumaq, hansı niyyətlə oxumaq və nə üçün oxumaq? Rəbbimizin Həzrət Peyğəmbərə ilk əmri “Oxu!” olmuşdur: “Yaradan Rəbbinin adı ilə oxu!” (Ələq, 1). Acı bir gerçəkdir ki, Rəbbinin adı ilə oxumayanlar, başqa cür desək, Onun varlığından bixəbər olanlar aldıqları elmlə bəşəriyyətə xidmət etməli olduqları halda, dünyanı yaşanmaz hala gətirmişlər. Oxuyub öyrəndikləri ilə atom bombası, nüvə silahları, kütləvi qırğına səbəb olan virus ixtira edənlər, heç şübhəsiz ki, şəxsiyyət olmaqdan nəsib almayanlar və insanlıqdan çıxanlardır. Elə isə oxumağa Rəbbimizin kitabından başlamalıyıq. Çünki yalnız bunun sayəsində dünya və axirətimiz üçün faydalı elm sahibi ola bilərik. Qurana bağlı qalmadıqdan sonra oxuduğumuz digər kitablar bizi Ondan, özümüzdən və insanlıqdan uzaqlaşdırar. Pakistanlı mütəfəkkir mərhum Muhamməd İqbalın bu sözləri Quranın şəxsiyyət inşasına təsirini nə gözəl ifadə edir: “Bir vaxtlar quldurluq edib yol kəsənlər Quranı oxuyaraq yol göstərən ulduzlara çevrildilər”

  İnsanın bir şəxsiyyət kimi yetişməsində ən mühüm və əsla gözardı edə bilməyəcəyimiz xüsus isə, heç şübhəsiz  ki, örnək insan modelidir. Çünki insan elə bir varlıqdır ki, mütləq kimisə təqlid etməli, özü üçün canlı nümunə seçməlidir. Ona görə Allah-Təala sadəcə kitablar göndərməklə kifayətlənməmiş, bir də o kitabların canlı nümunəsi olan peyğəmbərləri göndərmişdir. Bir müsəlmanın ibrət alacağı ən gözəl nümunəvi insan, şübhəsiz, Həzrət Peyğəmbərdir. Onun ən gözəl örnək olduğunu Rəbbimiz "Əhzab" surəsinin 21-ci ayəsində belə bildirir: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!

  O, insanların ən şərəflisi, bütün bəşəriyyətə nümunəvi əxlaqı ilə örnək olan ən gözəl insan idi. Elə bir hərəkəti, elə bir sözü yoxdur ki, bizim üçün tərbiyəvi xarakter daşımasın. Kiçiyindən tutmuş böyüyünə, çobanından tutmuş rəhbərinə kimi hər kəsin ibrət alacağı gözəl insan idi. Özümüzə nümunə götürəcəyimiz, örnək şəxsiyyət kimi təqib edəcəyimiz insanların başında, əlbəttə ki, O, sonra isə yetişdirdiyi əshabi-kiram, elmi ilə əmək edən həqiqi İslam alimləri, Allah dostları gəlməlidir. Nümunə götürəcəyimiz insan modelində bu ardıcıllığa riayət etmək, övladlarımıza bunu təlqin etmək gələcək nəsillər naminə atılmış ən gözəl addımdır.

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz