Həcc ömrün zəkatıdır
Həcc Kitab, Sünnə və ümmətin icması ilə sabit olan ən qüvvətli fərzlərdən biridir. Şərtlərinə sahib olan möminlərin ömürlərində bir dəfə həccə getmələri fərzdir.
Həcc Hz. İbrahimin canı, malı, övladı və hər şeyi ilə Rəbbinə göstərdiyi təvəkkül, tam təslim olma və itaətin qiyamətə qədər davam edəcək ən gözəl bir simvoldur.
Həcc saleh insanlardan ibarət olan böyük bir izdihamın müəyyən bir zaman və məkanda toplanmasıdır.
Həcc ehram, təlbiyə, təvaf, səy, Ərəfatda vəqfə, şeytana taş atma, qurban və saçları qırxdırmaq kimi bir simvolik xarakter daşıyan və geniş mənalı bir ibadətdir. Bu səbəbdən də İslamın beş əsası içərisində ən sonuncusu olaraq həcc fərz buyurulmuşdur. Bir ayədə belə buyurulur:
“Həqiqətən insanlar üçün ilk bina olunan ev Məkkədəki evdir ki, o, şübhəsiz bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr- İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. (təhlükədən kənardır.) Onun yoluna (ərzaq, minik və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə, (özünə zülm etmiş olar) Əlbəttə Allah aləmlərə (heç kəsə) möhtac deyildir.”[1]
Kəbə, Allahın ilahi əmrinə tabe olaraq, dünyanın hər yerindən gələn dilləri, irqləri, rəngləri ayrı olan yüz minlərlə müsəlmanın, eyni iman, eyni şuur altında ağappaq ehramlar içərisində “Allah-Allah” nidalarının yüksəldiyi mübarək bir məkandır. Kəbə Hz. Rəsulullahın (s.ə.s): “Allaha and olsun ki (ey Məkkə) sən Allahın ən xeyirli yerisən. (əgər) Səndən (zorla) çıxarılmış olmasaydım qətiyyən (bu yerdən) çıxmazdım” buyurduğu bərəkətli bir torpaqdadır.
Həcc insan ömrünün zəkatıdır. Malın zəkatı pulla, bədənin zəkatı namaz və orucla verildiyi kimi ömrün zəkatı da həcc etməklə verilmiş olur. Ağappaq kəfəni xatırladan ehramlara bürünən möminlər bu ibadət əsnasında dünyanın fani olduğunu, özlərinin isə əbədi bir həyatın yolçuları olduqlarını daha yaxından hiss edirlər. Həcc insanın günahlardan təmizlənməsinə ən gözəl bir vasitədir. Həccin şərtlərinə uyaraq yerinə yetirənlərə Allahın Rəsulu bu müjdəni vermişdir:
“Kim həcc edər, həcci əsnasında ağzından pis bir söz çıxarmaz, günahlara girməzsə, o kimsə anasından yeni doğulmuş kimi günahlardan təmizlənmiş olaraq dönər.”[2]
Həccə gedən bir müsəlmanın Kəbədə yerləşən Həcərül-Əsvədi öpməsi sünnə əməldir. Ancaq başqalarına əziyyət etmək insanları itələmək surəti ilə bu sünnəni yerinə yetirmək istəyən kimsə sünnə deyil, əksinə, məkruh bir iş görmüş olur. Necə ki, bu barədə Hz. Peyğəmbər (s.ə.s) Hz. Ömərə belə buyurmuşdur:
“Ey Ömər, sən qüvvətli bir insansan, Həcərül-Əsvədə yaxınlaşmaq üçün çiyninlə insanları itələmə, zəifləri kənara sıxışdırma! Nə narahat ol, nə də başqalarını narahat et. Qələbəlik olduğuna görə Həcərül-Əsvədə yaxınlaşa bilməsən, aralıdan “əl sürtüb öpmək” işarəsi et, kəlmeyi-tövhid oxuyaraq və təkbir gətirərək keç!”.[3]
Namaz əsnasında çiyin-çiyinə saf quran möminlər həcdə daha toplu və daha geniş bir şəkildə yan-yana gəlirlər. Qəlblər eyni duyğu ilə döyünür, dillər eyni şeyləri təkrarlayır. Müxtəlif rəng və millətlərdən olan möminlər həqiqi qardaşlığın necə olduğunu həcc əsnasında bir daha göstərirlər. Bu baxımdan bir məşvərət və fikir mübadiləsi demək olan həcdə müsəlmanlar bir-birlərinin dərdlərinə şərik çıxmağa çalışaraq, kədər və sevinclərini birlikdə paylaşırlar.
Bunun üçün üzərinə həcc fərz olan kimsələrin işi gecikdirmədən bu fərzi yerinə yetirmələri lazımdır. Həccə getməyə hər cür imkanı olduğu halda həccə getməyən kimsələr haqqında Hz. Peyğəmbər (s.ə.s) belə buyurur:
“Hər kim azuqəsi və onu Allahın evi Kəbəyə aparacaq bir miniyi olduğu halda həcc ziyarətinə getməzsə istər yəhudi, istərsə də xristian kimi ölsün heç bir fərqi yoxdur.”[4]
Yazıma Pakistanın mənəvi memarı Muhamməd İqbalın həcdən gələn hacılara söylədiyi bu sözlərlə son verirəm:
“Ey hacılar! Məscidi-Həramı, Mədineyi-Münəvvərəni ziyarət etdiniz. Oradan nə kimi hədiyyələr gətirdiniz. Gətirdiyiniz təkkələr, təsbehlər, səccadələr bir müddət sonra solacaq və köhnələcək. Solmayan, köhnəlməyən, müsəlmanların könüllərinə həyat və hüzur verən hədiyyələr gətirdinizmi? Gətirdiyiniz hədiyyələr arasında Hz. Əbu Bəkrin təslimiyyəti varmı, Hz. Ömərin ədaləti varmı, Hz. Osmanın comərdliyi varmı, Hz. Əlinin cəsarəti varmı?”
Bəli, bu gün biz müsəlmanların Məkkədən, Mədinədən gətirilən təkkələrdən, təsbehlərdən, səccadələrdən daha çox Hz. Əbu Bəkrin təslimiyyətinə, Hz. Ömərin ədalətinə, Hz. Osmanın comərdliyinə, Hz. Əlinin cəsarətinə ehtiyacımız var.
[1] Ali-İmran: 97.
[2] Buxari, Müslim, Tirmizi, Nəsai, ət-Tac, c. 2, sh. 120.
[3] Heysəmi, III, 241; İbn Hənbəl, I, 28.
[4] Tirmizi, Həcc 3.
ŞƏRHLƏR