BİR AYƏ

BİR AYƏ

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيم

لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا

“Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!.” Əhzab surəsi, 33/21

  Qurani-Kərimdə Hz. Peyğəmbərin (s.ə.s) yüksək əxlaqi keyfiyyətlərə malik olduğu və möminlər üçün nümunə olduğu bildirilmişdir. Peyğəmbərimizin hər mövzuda nümunə alına biləcək cəhətinin olduğu açıqca bəyan edilmişdir.

  Çünki O, gözəl əxlaqı tamamlamaq üçün göndərilmişdir. Gözəl əxlaqı tamamlamaq üçün göndərilən və şübhəsiz, bu məsələdə ən gözəl mövqeyi ortaya qoyan, yaşayaraq aləmə örnək olan Hz. Peyğəmbərin əxlaqı necə idi? Bu sualın cavabını Hz. Aişə (r.a) anamızdan öyrənirik. Ondan Peyğəmbərimizin əxlaqını soruşulanda “Onun əxlaqının Quran olduğunu” ifadə etmişdir. Buradan da məlum olur ki, Qurani-Kərimin əmr və qadağalarına riayət etmək ən gözəl əxlaq, ən gözəl nümunə təşkil edir. Belə olanda həm dünyada gözəl əxlaq ilə yad edilmək, insanlar arasında ən zirvə bir yerə sahib olmaq, həm axirətdə qurtuluşa nail olmaq, cənnətdə Allah-Təalanın saleh bəndələri üçün hazırladığı nemətlərə qovuşmaq istəyən, digər ifadə ilə, həqiqi mömin olmaq istəyən hər kəs Quran əxlaqına tabe olmalı, onun işığında bir həyat tərzi yaşamalı və bu yoldan əsla ayrılmamalıdır.

Peyğəmbərimizin (s.ə.s.) iyirmi üç illik qısa zaman zərfində tarixdə mislinə az rastlanan möhtəşəm bir mədəniyyət təsis etməsi məhz Onun “üsveyi-həsənə” olmasının ən bariz təzahürüdür. Bəsit səbəblər üzündən bir-birini qətlə yetirən, qız övladlarının diri-diri torpağa basdırılmasını adi hal sayan bir cəmiyyətdən “səadət  dövrü” deyə bəhs etdirən, qarışqanı əzməkdən belə çəkinən nümunəvi cəmiyyət meydana gətirən Odur.

  Gözəl əxlaq sahibi olaraq nümunəvi olması Ona peyğəmbərlik vəzifəsi verilməmişdən əvvəl başlamışdır. Çünki qırx yaşlarına qədər formalaşmış bir xarakter və təbiəti o cəmiyyətdə diqqətləri cəlb edən biri olaraq tanınmışdır. Onun nə nübüvvətdən əvvəl, nə də sonrakı həyatında insanlarla olan münasibətlərində heç bir qüsuru və tənbeh ediləcək hər hansı əksik davranışı olmamışdır. O, Allahın himayəsi və inayəti ilə şirkə düşməmiş, cəmiyyətdəki içki, qumar, falçılıq və s. kimi pis əməllərə qətiyyən bulaşmamışdır.

  Bəşəriyyət üçün nümunə olan həyatı başdan sona qədər təsbit və tədqiq edilən bir şəxsiyyətin keçmişində ən xırda bir ləkənin olmaması çox mənalıdır. Bu xüsus qiyamətə qədər gələcək insanların ona baxışlarını daim müsbət yöndə dəyişdirəcəkdir. İnanan və inanmayan hər kəs onun əxlaqının gözəlliyini qəbul etmiş və ya etmək məcburiyyətində qalmışdır.

  Allah-Təala bizi Onun (s.ə.s) gözəl əxlaqından nəsibi alan bəndələrindən eyləsin...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz