YARADANI SEVMƏK

YARADANI SEVMƏK

   İsti yay günlərində istirahətə getmişdim. İstirahət zamanı qarşılaşdığım hadisə mənim diqqətimi çəkdi. Hardasa 45-50 yaşında olan bir kişi qarışqa yuvalarının üstünə qaynar su töküb həşaratları qəddarlıqla öldürürdü.  Mənim kimi, bu hadisəni başqa müşahidə edənlər də vardı. Lakin onların heç biri səsini çıxarıb bu insana bir kəlmə də olsun bir söz demədilər. 

   Vicdanım tab gətirmədi. Məndən yaşca xeyli böyük olan bu kişiyə söylədim ki, sənin bu elədiklərin bizim Yaradana qarşı hörmətsizlikdir. Çünki onlara bu canı verən biz deyilik, Odur. Sən isə bu həşaratları rahatlıqla öldürürsən və sonunu düşünmürsən. Axı, Allah səndən nə vaxtsa bu etdiklərinin intiqamını alacaq. Sənin tökdüyün bu qaynar su həşaratların canını necə yandırırsa, bir gün sənin də canını elə yandıracaq. Söylədiyim sözlər hər nə qədər sərt olsa da, hiss etdim ki, kişi həşaratları öldürməyinə peşman oldu və mən orada çox dayanmayıb onun yanından uzaqlaşdım.

   İnsan olaraq həyatda qurub-yaratmaq bizim əsas prinsipimizdir. Əzab-əziyyətə qatlaşsaq da, gec-tez öz arzumuza çatırıq. Tikdiyimiz evin, qazandığımız pulun və s. bir sözlə, zəhmətlə əldə olunan nə varsa, onun qədrini bilirik. Onu hər cür təhlükədən qoruyuruq. Halbuki qurub yaratdığımız hər nə varsa, cansız əşyalardır. Halbuki biz onlara can verməkdə çox acizik. Onda bəs biz nə üçün Yaradanın yaradıb can verdiklərinə laqeyd yanaşırıq?!

   Çəkə biləcəyim təkcə qarışqa misalı deyil, hər gün demək olar ki, buna bənzər hadisələrlə rastlaşırıq. Elə hallar olur ki, özümüz də bilmədən, görmədən adi səhvlərə yol veririk. Sonra da səhvlərimizi xatırladığımız zaman onun peşmanlığını çəkirik. Çəkdiyimiz bu peşmanlığın faydası o olur ki, sonradan eyni səhvi təkrarlamırıq.

   Müsəlman olduğumuz üçün qəlbimizdə olan ən həsas duyğulardan biri də sevgidir. Bu sevgidə şəfqət və mərhəmət də var. Ona gördə də müsəlmanlığı qəbul edən hər bir insan Yaradanın yaratdığını sevməklə İslamı yaşayır və bu dində rahatlıq tapır.

   Yaradanı sevmək və bu ülvi hiss ilə yaşamaq insana ruh yüksəkliyi verir. Həyat insanın gözündə günü-gündən gözəlləşir. Nifrət hissi insandan uzaqlaşır. Bu minvalla Yaradana qarşı olan sevgi insanı ülviyyətə çatdırır.

   Hər şeydə bizə örnək olan Peyğəmbərimiz (s.ə.s) Allahı sevməkdə də bizə ən gözəl örnəkdir. Əgər Peyğəmbərimizin (s.ə.s)  həyatı, yaşam tərzi ilə daha yaxından tanış olsaq, Onun Allahı nə qədər dərin məhəbbətlə sevdiyini görərik.

   Allah sevgisi insanı Allaha yaxınlaşdırar və Onun rizasını qazanmağa səbəb olur. Hədislərin birində Peyğəmbərimizin (s.ə.s) belə buyurduğu rəvayət olunur: "Davudun (ə.s) dualarından biri belə idi: "Allahım, Səndən Sənin sevgini və Səni sevənləri sevməyi, məni Sənin sevginə çatdıracaq əməlləri diləyirəm. Allahım, Sənə olan sevgimi, nəfsimdən və soyuq sudan daha sevimli et".

Ömər ibn əl-Xəttabdan (r.a) rəvayət olunur ki: "Peyğəmbərimizin (s.ə.s) hüzuruna Həvazin qəbiləsidən bir dəstə əsirlər gətirildi. Bunların içində uşağını itirmiş əmzikli bir qadın vardı. O, köksündə yığılmış südü əsirlərin ac uşaqlarına verirdi. Bu qadın əsirlər arasında öz körpəsini tapınca, həmin an onu bağrına basdı və dərin sevgiylə körpəsinə süd verməyə başladı. Bu uca sevgi və şəfqəti görüncə Peyğəmbərimiz (s.ə.s) buyurdu: "Bu qadının öz əlləri ilə körpəsini oda atacağını ehtimal edirsinizmi?"

   Biz dedik: "Xeyr, bacardığı qədər atmaz".

   Bunun üzərinə Peyğəmbərimiz (s.ə.s) dedi: "Allah-Təala öz qullarına bu qadının körpəsinə olan sevgi və şəfqətindən daha mərhəmətli və şəfqətlidir!"

  Bir gün səhabələrdən biri Rasulullahın (s.ə.s)  yanına gəlib belə bir hadisəni nəql etdi: "Bir yuvanın içində bir neçə quş balası gördüm. Onları götürüb səbətimin içərisinə qoydum. Bir az sonra anaları gəldi. Səbətimin üzərində fırlanmağa başladı. Mən səbətimi açan kimi o da balalarının yanına girdi". Peyğəmbərimiz (s.ə.s) bu hadisəni dinlədikdən sonra dedi: "Analığın şəfqətinə heyrətmi edirsiniz?! Məni göndərən Allaha and içirəm ki, Allah-Təala qullarını bir ananın balasını sevdiyindən daha çox sevir".

   Göründüyü kimi, Yaradanı sevmək onun yaratdıqlarını sevməkdən başlayır. Bu sevgidən özlərini məhrum edən insanlar nifrət bataqlığında boğulurlar. Bu dünyada baş verən ölüm və qətl hadisələri də bu nifrətin nəticəsidir. Bu nifrəti sevgiyə çevirmək üçün insanların qəlbinə sevgi toxumu əkmək lazımdır ki, zülmün qarşısı alınsın. Həm də müsəlman olaraq Yaradanı sevmək  və Onu sevdirmək bizim əsas borcumuzdur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz