ELMI İLƏ ƏMƏL ETMƏK

ELMI İLƏ ƏMƏL ETMƏK

   Əməl edilməyən bir elm sahibinin əleyhinə dəlil olmaqdan başqa bir işə yaramaz. Allah Rəsulu (s.ə.s) elmi ilə əməl etməyən alimi cahillə eyni səviyyədə tutmuşdur[1].

   Hz. Peyğəmbərimiz (s.ə.s) belə buyurur:

  “Qiyamət günü bir adam gətirilir və cəhənnəmə atılır. Bağırsaqları çölə çıxır və bu vəziyyətdə dəyirman fırladan ulaq kimi dayanmadan fırlanır. Cəhənnəm əhli onun başına toplaşıb:

   -Ey filankəs! Sənə nə oldu? Axı, sən (dünyada ikən) yaxşılığı əmr edib pislikdən çəkindirərdin? - deyə soruşurlar. O da:

   -Bəli, yaxşılığı əmr edərdim, lakin özüm etməzdim, pislikdən çəkindirərdim, amma özüm edərdim - deyir[2].

   Bu hədisdə elmi ilə insanlara fayda verib özünü unudanların düçar olduqları qəm-qüssə və əzab halı göz önündə canlandırılır. Sahib olduqları elm əməl etmədikləri üçün özlərinə fayda verməmişdir.

   Allah Rəsulu (s.ə.s) elmdən fayda görməyənlərin acınacaqlı aqibətini belə təsvir edir:

   “Başqalarına xeyir öyrədərkən özünü unudan alim insanları aydınladarkən özünü yandırıb-yaxan şama bənzəyir[3].

   Halbuki insanın biliyi, savadı əvvəlcə özünə fayda verməlidir. Bunun üçün də biliyin qəlbin əməlinə çevrilməsi və davranışlarda təzahür etməsi zəruridir.

   Hz. Əlinin (r.a) bu xəbərdarlığı nə qədər də ibrətamizdir:

“Ey elm sahibləri, elminizlə əməl edin! Çünki əsl alim bildiyi ilə əməl edən və elmi əməlinə uyğun olandır. Elə insanlar gələcək ki, elm öyrənəcəklər, ancaq elmləri boğazından aşağı keçməyəcək, etdikləri bildiklərinə, daxilləri də zahirlərinə uyğun olmayacaqdır...”[4]

Əslində bu şəkildə elmi ilə əməl etməyən kimsələrə alim demək düzgün deyil. Onlar bir çox şeyi bilən cahillərdir.

Hz. Süfyan bin Uyeynə belə buyurur:

“İnsanların ən cahili bildiyi şeyi tətbiq etməyəndir, insanların ən alimi isə bildiyi ilə əməl edəndir...”[5]

Ammar bin Yasir (r.a) nəql edir:

Rəsulullah (s.ə.s) məni Kays qəbiləsinin bir məhəlləsinə göndərmişdi. Onlara İslamın qaydalarını öyrədirdim. Ancaq xalq vəhşi dəvə sürüsü kimi idi. Hamısı da gözləri havada olan təkəbbürlü insanlardı. Bütün dərdləri qoyun və dəvə idi. Peyğəmbərimizin yanına gəldim. Məndən: “Ey Ammar, nə edə bildin?”- deyə soruşdu. Mən də qəbilənin vəziyyətini ona xəbər verdim. Qəflətdə olduqlarını və yanıldıqlarını ona bildirdim. Rəsulullah (s.ə.s) belə buyurdu:

Ammar, sənə bu qövmdən də heyrətləndirici olan kəsləri xəbər verimmi? Onlar bu xalqın bilmədiyi şeyləri bildikləri halda, eynən onlar kimi qafilcəsinə bir həyat yaşayarlar[6].

Bəli, hər şeyi bilən, hər cür biliyə asanlıqla nail olma imkanı olan, ancaq eynilə həmin cahil bədəvi insanlar kimi dünya malından başqa bir şeyi gözü görməyən insanlar...

Şübhəsiz ki, bildikləri halda, əməl etməyən insanlar daha da səhv yoldadırlar və yükləndikləri günah daha böyükdür.

Səhabələr öyrəndikləri bir şeyi dərhal tətbiq edərdilər. Əbu Abdurrahman əs-Süləmi belə rəvayət edir:

"Allah Rəsulunun (s.ə.s) əshabından bizə Qurani-Kərimi öyrədən bir nəfər var idi. Belə deyərdi:

“Biz Peyğəmbərimizdən on ayə alar, onlardakı məlumatları və əməlləri öyrənmədən digər on ayəyə keçməzdik. Rəsululllah (s.ə.s) bizə həm elmi, həm də əməli (birlikdə) öyrədirdi”[7].

Allah Rəsulu (s.ə.s) elmi əməl etmək və onu yaşaya biləcək insanlara çatdırmaq şərtilə öyrədərdi. Bunun bir misalını Əbu Hüreyrə (r.a.) belə rəvayət edir:

Bir gün Rəsulullah (s.ə.s) əshabına:

Bu kəlmələri kim məndən götürüb onlarla əməl edər və ya onlarla əməl edəcək insanlara öyrədə bilər?”- deyə buyurdu.

Mən dərhal irəli atılıb: “Mən, ey Allahın Rəsulu!”- dedim.

Rəsulullah (s.ə.s) əlimdən tutdu və bu beş hikməti saydı:

Haramlardan çəkinsən, Allahın ən abid qulu olarsan.

Allahın sənə olan qismətinə riza göstərsən, insanların ən zəngini olarsan.

Qonşunla iltifat et (gözəl rəftar et) ki, (kamil bir) mömin olasan.

Özün üçün istədiyini başqaları üçün də istə ki, (kamil bir) müsəlman olasan.

Çox gülmə! Çünki çox gülmək qəlbi öldürür[8].


[1] Tirmizi, Elm, 5, 2653.

[2] Müslim, Zöhd, 51.

[3] Heysəmi, I, 184.

[4] Darimi, Müqəddimə, 34.

[5] Darimi, Müqəddimə, 32.

[6] Heysəmi, I, 185.

[7] Əhməd, V, 410; Heysəmi, I, 165.

[8] Tirmizi, Zöhd, 2, 2305. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz