YOXSA ÖLƏN MƏNƏM?

YOXSA ÖLƏN MƏNƏM?

Dəvətsiz bir müsafirdir ölüm.

Nə zaman gələcəyinə də özü qərar verir.

Gəldiyi zaman nə edəcəyinə də. Gəlir, görüşür və yenə öz qərarı ilə gedir.

Ölüm sözün qurtardığı yerdir. Ölümün xəbərdarlığı ilə təbəssüm yerini acı bir baxışa, sevinc yerini kədərə verir. Qəflətən gəlir ölüm.

Kiminə qorxunc üzlə, kiminə təbəssüm edərək gəlir.

Kiminə də qucaq açaraq “mən gəldim” deyir. Səni almağa, Rəfiqi-Əlaya aparmağa gəldim, -deyir.

Gəldiyi zaman fəryad-fəğan yüksəlir. Ölən insan mat qalır, danışan insanlar niyə ağlayır görəsən. Nədən danışırlar. Soruşmaq istəyir, soruşa bilmir. Danışmaq istəyir, danışa bilmir. Və öldüyünü hiss edir.

Aman, -deyir. Aman! Ölən mənəmmi? Bu insanlar mənim üçün ağlayırlar?

Uşaqlarım hanı?

Qızım, oğlum hanı?

Yoldaşım, anam, atam hardadır?

Budur… hamısı ağlayır. Deməli, mən ölmüşəm.

Amma görüləcək çox işim vardı!

Bazar günü uşaqlarla gəzməyə gedəcəkdik. Bazar ertəsi maaşımı alacaqdım.

Bu ayın axırı tətilə çıxacaqdım…

Amma hələ gənc idim. Heç əlli yaşım olmamışdı…

və sonu gəlməyən peşmanlıqlar, “kaş ki”lər…

Dərviş yaşıl örtüklü tabuta yaxınlaşdı və əlini xəfif şəkildə tabuta vuraraq, Yunusun bu şeirini pıçıldadı:

 “Yunus öldü deyu sala verilir.

Ölən heyvan imiş aşiqlər ölməz.

Ya Allah, ya Allah, Allah, Allah, Allah.”

Aşiqlər ölməzlər. Onlar vüslətə çatarlar. Məkan dəyişdirərlər. Ölən bədəndir. Yox olan sənin ətin, sümüyündür. Amma ruhun ölməz. Ölməyən ruhunu dünyada ikən nə ilə bəslədiyin sənin axirətdə necə qarşılanacağını müəyyənləşdirir.

Yaşıl örtüklü tabut “ən gözəl nəsihətçi ölümdür” deyirdi sanki. Üstünə “Hər nəfs ölümü dadacaqdır. Sonra hər biriniz Allaha döndəriləcəksiniz” ayəsi yazılmışdı. 

Hamı fəryad edərkən dərvişin tabutun içindəkinə söyləyəcək sözləri vardı.

Əslində bunları ona söyləyərkən həm də buraya toplaşan insanlara da nə isə demək istəyirdi. Ölən bir növ dünya məşəqqətindən, günaha batmaqdan xilas olmuşdu. Əslində geridə qalanların ibrət alması daha mühümdü. Tabutun hal dili ilə anlatdıqlarını yüksək səslə orada olan camaata çatdırmaq istəyirdi:

  Şair nə gözəl deyir:

Ölüm, son qapıda ölümsə

Hər qapıda ağlayıb o qapıda gülümsə.

O qapıda gülə bilməyin sirri bu həyatı necə yaşamağına bağlıdır. Əbədi aləmə köçərkən “Üzü ağ”lardan olmaq istəyirsənsə, bu dünyada da üzü ağ bir həyat yaşamalısan.

Dərviş tabutun içində ona qulaq asan ölüyə nəsihətini davam etdi:

Bunu bil ki, “Ölümün bir dili yoxdur. Lakin  o, dərin bir səssizliyə çox qorxunc mənalar sığdırmışdır.

Həzrət Peyğəmbərin bu hədisini yəqin ki, eşitmisən:

“Sizə iki nəsihətçi buraxdım. Biri susar, digəri danışar. Susan nəsihətçi ölüm, danışan isə Qurani-Kərimdir.”

Ölüm səssiz dərsdir. Həssas insanlara ən səlahiyyətli ağızlardan daha mükəmməl ibrət, aqibət və həqiqət bəyan edər.

Ölümün hürküdücü ağırlığını kəlmələrin zəif çiyni daşıya bilməz. Ölüm qarşısında bütün iqtidarlar sona çatar.

Fani sövdalar, çılğın arzular, zövqü-səfalar və insanları pərişan edən naqis fəlsəfələr ölümün önündə solğun payız yarpaqlarından daha bərbad bir sürünmə ədası içində aciz qalır.

Məzarlıqlar fani həyatlarını yaşamış ata-ana, oğul-uşaq, dost-tanış, qohun, düşmən ünvanları ilə doludur. Dünya həyatı istər sarayda, istərsə saman üzərində yaşansın bütün yolların məcburi çıxış yeri qəbirdir. Ondan xilas olacaq nə bir zaman, nə də məkan vardır.[1]

Qəlb gözü açıq olan Əbud-Dərda həzrətləri bir qəbrin başında durub:

“Ey qəbir! Çölün nə qədər səssiz, amma için nə dəhşətli qorxularla doludur!..” demiş və hönkür-hönkür ağlamışdır.

Həzrət Peyğəmbər (s.ə.s) buyurmuşdur:

“Ağıllı insan ölümü çox düşünən və ona qarşı hazırlığını tamamlamaqla məşğul olan kəsdir…”

Nəfsinə məğlub olan qafil insanların dünyadakı evləri sanki yaşayan ölülərin ailə qəbiristanlığıdır. Düşünməzlər ki, ölüm nə gec, nə də erkən gəlir. Ancaq və ancaq vaxtında gəlir.

Ölümdən qaçmaq istəyənlərə Quran belə buyurur:

“(Ya Peyğəmbər!) De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır.”[2]

Budur, sən ölümlə yeni bir həyata başlayırsan. Əbədi bir həyata. Fani həyatında sənə ayrılan müddəti doldurdun. Əsl və əbədi həyata addım atmaqdasan. Bundan sonrakı peşmanlığın nə sənə, nə də səndən sonrakılara bir fayda verməyəcək. Artıq hesab günü var və hər fani kimi sən də o hesab günündə etdiklərindən və etmədiklərindən sorğu-sual olunacaqsan. Əgər mizanda saleh əməllərin daha ağır gələrsə qurtulanlardan olarsan. Günahların daha ağır gələrsə o zaman Allahın mərhəmətindən başqa çarən yoxdur. Sən gedirsən. Bədənini torpağa qoyacaqlar. Torpaq sənin əslindir. Ondan yaradıldın, ona gedəcəksən. Bədənin torpaqda yox olacaq, amma ruhun hesab gününü gözləyəcək. Bu gözləmə müddətində görəcəklərin  əməllərinin əvəzi olacaq. Və hesab günü etdiklərin bir-bir önünə qoyulacaq. Kimə nə etmisən, kimin haqqında nə düşünmüsən - hər şey. Gizli və aşkar işlərin. Bilərək və ya bilməyərək etdiyin hər şey ən xırdalıqlarına qədər səndən soruşulacaq. İnşallah imtahanın asan, hesabın qısa olar


[1] Osman Nuri Topbaş, Altınoluk jurnalı, 1998, Noyabr – Sayı,153 ''Həyat və Ölüm'' məqaləsi

[2] əl-Cumuə, 8

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz