Axirətə açılan sabah

Axirətə açılan sabah

Allah-Təala Qurani-Kərimdə belə buyurur:

(Qiyaməti inkar edənlər) belə deyirlər: “Dünya həyatından başqa heç bir həyat yoxdur; ölürük və dirilirik (biri ölür, digəri anadan olur); bizi öldürən ancaq dəhrdir (ömür müddətidir; yaşa dolub qocalmağımızdır). Bu barədə belə düşünənlərin heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar!” (əl-Casiyə, 24)Heyrətamiz yaranış həqiqətinin zirvəsi hesab edilən insan daxil olduğu məsuliyyət dairəsinin genişliyi haqda heç olmasa müəyyən qədər məlumata malik olarsa yəqin ki, yaşadığı dünya həyatını əhəmiyyətli dərəcədə qiymətləndirmədə bu qədər əziyyət çəkməz. Zahirən hər şeyin özbaşına tərəqqi etməsi fikrini rəhbər tutan bəşər övladı təəssüf ki, ilahi səltənəti hər anda, hər addımda hiss edəcək və dəyərləndirə biləcək bir biçimdə xəlq edilmişdir. Hakimiyyətini bərqərar edən insan övladının malik olduğu hissiyyat və düşüncə orqanları ilə nəzərini sərhədsiz səmaların fəthinə çevirməsi, onun təbiətinə xas olan bir özəllikdir. Lakin bütün bu nailiyyətlərinə baxmayaraq yaşadığı və çalışdığı aləmdə ilahi nizamın heyranlıqla cərəyan edən ahənginə qarşı laqeyd yanaşması həqiqətən də təəccüb doğurur. Bu dəyərləndirmənin təhlükəli məntiqi bizi bir daha xəbərdar edir: Yaşadığımız məkanda dünya ilə əbədi axirət həyatı arasında nəinki qırılmaz əlaqələr, əksinə miqyasını ifadə etməkdə belə çətinlik çəkdiyimiz böyük bir uçurum mövcuddur. Obyektiv reallıq dünya həyatında ikən bizdən mənəvi və maddi uçurumun dəf edilməsinə yönələn təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir. Əks təqdirdə insan aqibətinin necə də dəhşətli bir məcraya yönələcəyini Qurani-Kərim belə xəbər verir:

“Kafir olanlara isə (belə deyiləcəkdir): “Məgər ayələrim (dünyada) sizə oxunmurdumu?! Amma siz (iman gətirməyə) təkəbbür göstərdiniz və günahkar bir tayfa oldunuz!” (Sizə:) “Allahın (ölüləri dirildəcəyi barədəki) vədi haqdır və o saata (qiyamətin qopacağına) heç bir şəkk-şübhə yoxdur!” -deyildiyi zaman: “O saat nədir, bilmirik! Onun ancaq bir zənn (güman) olduğu qənaətindəyik. Biz (qiyamətin qopacağına) əmin deyilik!” -deyə cavab verdiniz. (O gün dünyada etdikləri) pis əməllərinin cəzası onların gözünə görünəcək və istehza etdikləri (əzab) onları saracaqdır!” (əl-Casiyə, 31-33)

İlahi əmrlərə qarşı laqeyd və səhlənkarcasına yanaşma tərzi yalnız və yalnız ölüm anına kimi öz fani sultanlığını sürdürəcəkdir. Ölümün gəlməsi və qəflət dövrünün tamamlanması ilə tamamilə fərqli bir mənzərənin şahidi olanların fəlakətli aqibətini Qurani-Kərim belə bildirir:

(Ya Peyğəmbər!) Sən onları (müşrikləri) bir qorxduqları zaman görəydin! Artıq qaçıb can qurtarmağa heç bir imkan yox, özləri də (Cəhənnəmə) yaxın bir yerdə yaxalanmışlar. Onlar: “Ona (Qurana və ya Məhəmmədə (s.ə.s)) inandıq!” -deyirlər. Amma (axirət kimi) uzaq bir yerdən əlləri (imana, tövbəyə) necə çata bilər?!” (Səbə, 51-52)

Axirət aləminin belə ifadə edilərkən yaşanılan dözülməz bir dəhşəti qarşısında titrəyən kəslərin əbədi əzabdan qurtulmaq üçün etdikləri səylərinin nə qədər faydasız olduğunu müqəddəs Kitabımız tam təfsilatı ilə xəbər verir:

“Yer üzündə nə (sərvət) varsa, hamısı, üstəlik bir o qədər də kafirlərin olmuş olsaydı, mütləq onu qiyamət gününün pis əzabından qurtarmaq üçün fidyə verərdilər (lakin onlardan fidyə qəbul olunmaz). Və (o zaman) Allahdan onlara güman etmədikləri (gözləmədikləri əzab) görünəcəkdir.” (əz-Zumər, 47)

Artıq hər şeydən əlləri üzülənlərin əbədi axirət həyatındakı fəryadları hələ də düşünmək üçün zamanı olan dünya əhlinə əvəzsiz bir örnəkdir: “Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki, (dünyada) edirdik!” (Onlara belə deyəcəyik:) “Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər ömür vermədikmi?! Hələ sizə (Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!” (Fatir, 37)

Allah-Təalanın Qurani-Kərimdə:

“Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar. Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!” (əz-Zumər, 42) buyurduğu ayeyi-kərimənin məna dərinliyində hər bir insanı qəflətin pəncəsindən xilas edəcək qüvvətli bir məntiq mövcuddur. Gördüyümüz kimi ilahi mərhəmətin müqayisəsiz bir təcəllisi sayəsində hər səhər yeni günə başlayarkən bizə ərməğan edilən yeni can və yeni nəfəslə buraxdığımız bütün səhv və günahlarımızın bağışlanmasına və ilahi əmrlərə sarılaraq əbədi səadətimizi təmin edəcək əməllərə yönəlmə imkanı əldə edirik. Atılacaq hər bir addımı doğru, dürüst və təmkinlə qiymətləndirərək əməli müstəviyə əks etdirmək üçün tələsmək lazımdır. Çünki açılacaq növbəti sabahlardan biri artıq dünyaya deyil, mütləq axirətə açılacaqdır:

“Bu (Quran) aləmlərə (həm insanlara, həm də cinlərə) ancaq bir öyüd-nəsihətdir! Siz onun verdiyi xəbəri (Quranda deyilənlərin doğru olduğunu) bir müddətdən (öləndən, yaxud qiyamət qopandan) sonra mütləq biləcəksiniz!” (Sad, 87-88)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz