OT KÖKÜ ÜSTƏ BİTƏR

OT KÖKÜ ÜSTƏ BİTƏR

Dünya ədəbiyyatında, bütövlükdə isə dünya mədəniyyətində Şərq-İslam mədəniyyəti, eyni zamanda onun ədəbiyyatı özünəxaslığı ilə seçilir. Xüsusilə İslami çalarların ön planda olduğu bu nədəniyyət bir çox dahi mütəfəkkirlər, şairlər, incəsənət xadimləri, siyasət nəhəngləri yetişdirmişdir ki, bunların da içərisində Türk-Azərbaycan çalarlarının öz yeri var. Bu ulu dahilər əsrlər boyu digərləri arasından seçilərək yolumuzu aydınlatmışlar. Hansı birini deyək? Sağlam elmi-əxlaqi şeirləriylə Şərqin dahisi olan Nizami, özünəxas üslubuyla seçilən Xaqani, Leyli-Məcnun poemasıyla şeir dünyasında öz möhürünü vuran, beytləriylə həqiqi eşqin, məhəbbətin məktəbini ucaldan Məhəmməd  Füzuli, Mövlananın eşq atəşini körükləyən, ondakı cövhəri kəşf edən Şəms Təbrizi kimi ulular yetişdirmiş bir millətə sahibik. Bu və bu kimi dahilərimiz sözünü etdiyimiz Şərq-İslam mədəniyyətinin əmsalsız abidələridir. Elə bir abidə ki, milyonlarla kilometr uzaqlardan - əsrlər sonrasından öz əzəmətiylə görünür.

Şeyx Ədəbalinin Osmanlı xanədanının rəhbəri, gələcəkdə qurulacaq Osmanlı İmperiyasının təməllərini atan Osman Qaziyə nəsihətləri arasında bir cümlə keçir: “İnsanlar vardır şəfəq vaxtı doğular, axşam azanında ölərlər.” Necə də doğru bir təsbitdir. İnsan bu dünyada bəşəriyyət üçün heç bir xeyir iş görmədən yüz il də yaşasa nə fayda? Şəfəqlə doğular, qürubla batıb gedər. Yaddaşlardan birdəfəlik silinər. Mədəniyyətimizi formalaşdıran dahilər məhz bu şüur içində idilər. Elə ona görə də əbədiyyətə qədər adları dillər əzbəri oldu, könüllərdə sonsuzadək taxt qurdular. Və bu gün də səmamızı aydınladırlar.

Onlar bizi dünyada tanıdan qiymətli dəyərlərimizdir. Hər dəfə söz düşəndə onlardan qürurla danışırıq. Sinəmiz qabarır. Lakin gəlin görək onları nə qədər oxuyur, öyrənir, nümunə götürürük? Bu suala cavab verməksə çox çətindir. Nədənsə bugünkü nəsil öz mənəvi dəyərlərinə sahib çıxmaqda tənbəllik edir. Bugünün gəncləri Conların, Jakların, İzabellaların ardınca düşərək öz qəhrəmanlarını ehmal edirlər. Nədir axı bu özündən qaçış? Nədir maddə dərdinə düşərək mənəvi dəyərlərdən, mənəvi köklərdən uzaqlaşma?

Yenə Şeyx Ədəbalidən sitat verək: “Atanı, ananı say. Bərəkət böyüklərlə bərabərdir!” Əcdadına, böyüklərinə, soykökünə xor baxan bir nəslin irəli gedə bilməsi mümkün deyildir. İnkişafın sirri bu cümlədə yatır. Bərəkət böyüklərlə bərabərdir. Əcdada hörmət, açdıqları cığırla irəliləmək hər kəsin ən ümdə borclarındandır. Atalarımız “Ot kökü üstə bitər” deyiblər. Bizim kökümüz çox dərinlərdədir. Peyğəmbərlərdən, ilahi vəhydən bəhrələnən köklərə sahibik. Bu köklərə sadiq qalaq ki, vəd olunan xoşbəxt gələcəyə nail olaq.

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz