HƏYATI CƏNNƏTƏ ÇEVİRƏN TƏKAN AYLARI
Vərdişlər və cəmiyyət insanı iradəsinin xaricinə sürükləyir. İnsan nəfsini seçdiyi yola gətirə bilmir. Özü ilə ixtilafa düşən insan narahat olur. Daha çox zahiri dünyasıyla məşğul olan insan daxili dünyasına baxmağa vaxt tapmır. Sonra da narahatlığının səbəbini müxtəlif yerlərdə axtarır.
Bir növ yuxu olan qəflət adlı bəla insanları əsl yaradılış qayəsindən uzaqlaşdırır. Məhz belə bir zamanda hər hansı bir səbəb olmalıdır ki, insan da ondan təkan alaraq həyatını cənnətə çevirsin... Cəsədinin yaradıldığı torpaqdan başını qaldırsın... Ruhunun üfürüldüyü ruhani aləmlərə baxsın... Baxsın ki, həqiqətləri görə bilsin... Görsün ki, ömür su kimi axıb gedir.
Heç düşündükmü, qoparılan hər təqvim səhifəsi yeni bir günün gəlişindən xəbər verirkən, bizdəki yenilik nədir? Hər təqvim səhifəsi ömrümüzdən bir günü də geridə qoymurmu? Bu həyat boş yerəmi axıb gedir? Hər şeyə dəyər verən insan özünə nə qədər dəyər verir?
“Tərəzi özünü çəkə bilməz” deyirlər. Göz də özünü görə bilməzmiş. Özünü görə bilmək üçün ürək lazımdır. Mühüm olan insanın özünü tanıya bilməsidir. Özünü tanıya bilməlidir ki, Rəbbini də tanısın.
Məhz özümüzü tanıya bilmək üçün yeni bir mövsümün ərəfəsindəyik. Hər il təkrar olunan böyük bir imkan, qiymətli bir fürsət və el arasında “üç aylar” kimi məşhur olan Rəcəb, Şaban və Ramazan ayları yaxınlaşır. “Üç aylar” Uca Allahın ruhumuza ikram etdiyi fəzilətli və feyzli bir zaman kəsiyidir. Mənəvi hesabat mövsümüdür. Müasirləşən dünyanın insanı özündən uzaqlaşdırdığı bir zamanda yenidən özünə qayıdış, özünə baxış mövsümüdür. Mələki olduğu qədər şeytani xislətlərə də sahib olan, günah işləməyə meyilli insanın günahlardan təmizlənməsi üçün böyük bir fürsətdir.
Haqq dostlarından biri buyurur ki: “Rəcəb əkmək, Şaban becərmək, Ramazan isə məhsul götürmək ayıdır.” Əgər ili bir ağac olaraq təsəvvür etsək, Rəcəb o ağacın yarpaqları, Şaban çiçəkləri, Ramazan isə yetişmiş meyvələridir. Meyvələrin çürük olması isə bağbanın boş yerə zəhmət çəkməsi deməkdir. Axirətdə əməllərin çürük çıxması isə ömrün hədər olmasıdır. Ona görə də bu aylar insana durub düşünmək, axıb gedən zamanın dəyərini idrak etmək və daha yaxşı dəyərləndirmək üçün verilən möhlət aylarıdır.
Axı insan ehtiyatlı bir varlıqdır. Sabahını düşünür, həm də çox dəqiq hesablarla... Çünki bu bir ağıl işidir. Daha az qazanclı olanla, daha çox qazanclı olanı hesab edər ağıllı adam. “Üç ayları” fürsət bilib beş günlük dünya həyatı üçün min bir təlaş içində olan insan əbədi həyatını da bir düşünsün. Borclu olduğu qulluq vəzifəsini yerinə yetirə bilirmi? Ümmətinə təşnə olan Peyğəmbərin izindən gedə bilirmi? Müttəqilərə hidayət rəhbəri olan Qurani-Kərimin əmr və qadağalarına riayət edə bilirmi? Allahın nemətlərini yediyi halda, şükrünü edə bilirmi? Şübhəsiz ən qəddar düşməni olan şeytana iman gücüylə qarşı gələ bilirmi? Ölümün haqq olduğunu bilib özünü ölümə hazırlayırmı? Cənnəti qazanacaq əməlləri işləyirmi? Cəhənnəmə aparacaq pisliklərdən uzaq dura bilirmi?
Bəli, “üç aylar”ı fürsət bilən hər bir insan bu sualları öz-özünə verməlidir. Hər an günah ləkələri ilə kirlənən dodaqlarını duaya, könüllərini uca dərgaha yönəltməlidir. Həyat dəftərinə xeyirlərin yazılmasına, xətaların bağışlanmasına, savabların qazanılmasına səbəb olan “üç aylar” nemətini layiqiylə dəyərləndirmək ondan sonrakı aylar içində də həyatımızı doğru istiqamətləndirməyə kömək edəcəkdir.
Unutmamalıyıq ki, gedişimiz dönüşümüzün xəritəsidir. İnsan bu dünyada necə yaşayarsa, qiyamət günündə Allahın hüzuruna dünyada işlədikləriylə birlikdə çaxar. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!” (əl-Həşr, 18)
ŞƏRHLƏR