YAXŞI Kİ, OXUMAMIŞAM

YAXŞI Kİ, OXUMAMIŞAM

Cavan vaxtları dostları şair Hüseyn Arifin başına toplaşırlar. Könüllərindən yemək-içmək keçir. Amma cibləri boş olur. Birdən Hüseyn qətiyyətlə deyir:

-         Gedək Əli Vəliyevin yanına.

-         Niyə?

-         Pul almağa.

-         Verərmi?

-         Borcudur, Litfondun direktorudu. Cavan yazıçılara əl tutmalıdı.

-         Ağlımız çətin kəsir.

-         Sizin işiniz yoxdu, onun dilini mən bilirəm.

Gedirlər. Yoldaşları qapının ağzında dayanır, Hüseyn içəri girir.

- Salam, Əli müəllim, hekayənizi oxudum, əla hekayədi.

Əli Vəliyev qələmi yerə qoyur, eynəyi qaldırır və diqqətlə Hüseynin üzünə baxır.

-         Hüseyn, pulumuz yoxdu.

-         Əli müəllim, klassik hekayə yazıbsınız.

-         Hüseyn, dedim pulumuz yoxdu, dil tökmə.

-         Doğru sözümdü, Əli müəllim, hekayəniz əvəzsiz hekayədi.

Əli Vəliyev ayağa durur və daha da sərtləşir:

-         Hüseyn, get bir aydan sonra gəl, pulumuz yoxdu.

Hüseyn pərt halda bayıra çıxır. Yoldaşlarının üzünə baxmadan öz-özünə deyinir:

-         Muzdur oğlu muzdur, elə yaxşı eləyib hekayəni oxumamışam.

TUT YEMƏK MƏDƏNİYYƏTİ

İyul ayında Şuşada tutun təzəcə fəyən vaxtı imiş. Xan qızı Xurşidbanu Natəvan pəncərədən balaca səbətlərdə tut satan kəndli qızlarını görüb, tut almaq məqsədi ilə onları evə dəvət edir. Kəndli qızlar Natəvanın dəvətini məmnuniyyətlə yerinə yetirib tutu onun qapısına aparır və ev sahibinin bütün hərəkət və davranışlarını diqqətlə izləyirlər. Xan qızı seçdiyi səbəti alıb içəri aparanda, dözməyib qapının dalında onun üstündən bir ovuc götürüb yeyir. Sonra tutu boşqaba töküb, kəndli qızların gözü qabağında iynə ilə götürüb bir-bir ağzına qoyur. Qızların onun tut yeməsinə heyran-heyran baxdıqlarını görən Xan qızı sual verir:

- Qızlar, sizlərdə də tutu iynə ilə yeyirlər?

Qızlardan bir diribaşı dərhal cavab verir:

- Xeyr, xanım! Bizlərdə tutu bayaq siz qapının arxasında yediyiniz kimi yeyirlər.

 

 

CÜMƏ AXŞAMI

 

Hər cümə axşamı Azərbaycan musiqisinin banisi sayılan Üzeyir bəy Hacıbəyovun evində plov bişirmək adət halını almışdı. Həmin günlər onun süfrəsinin başında oturan qonaqlar da çox olurdu. Bir cümə axşamı da bəstəkar Səid Rüstəmov bir işdən ötrü onlara gəlir. Üzeyir bəy onu mehriban qarşıladıqdan sonra deyir:

- Səid, yaxşı vaxtında gəlmisən, Məleykə xanımın bişirdiyi plovdan da yeyərsən!

Səid Rüstəmov təvazökarlıq edib:

- Üzeyir bəy, mən evdə möhkəm yeyib gəlmişəm, -deyir.

- Nə yemisən? –deyə Üzeyir bəy ondan soruşur.

- Düz on kələm dolması yemişəm, hər biri də əl boyda.

Üzeyir bəy zarafatla: - İndi baxarıq, -deyir.

Xülasə, süfrə salınır, plov ortalığa gələndə, Məleykə xanım Səidin iştahasından xəbərdar olduğu üçün, boşqabı təpələmə doldurub onun qabağına qoyur. Bəstəkar da plov payını axıra qədər yeyib qurtardıqdan sonra meyvələrdən dadmağa başlayır. Süfrə yığışdırılan zaman Üzeyir bəy üzünü Məleykə xanıma tutaraq zarafatla deyir:

- Məleykə xanım, yaxşı ki, Səid evlərində yeyib gəlmişdi.

 

 

ƏHMƏD İZİN VERMƏZ

Osmanlı dövlət xadimlərindən olan sədrəzəm Keçəçizadə Fuad Paşaya yetmiş yaşlı bir qadının otuz yaşında bir gənclə evlənmək istədiyindən bəhs edirlər. Paşa dərhal:

-         Əhməd icazə verməz, deyir. Soruşurlar ki:

-         Hansı Əhməd. Cavab verir:

-         Qaraca Əhməd.

(Qeyd: Qaraca Əhməd İstanbulun ən qədim qəbiristanlığıdır.)

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz