İbadətlərdən ala bilmədiyimiz hisslər
Bəzən müsəlmanlar arasında "mən ilk vaxtlar namaz qılmağa başlarkən yaşadığım o həyəcanı, o şövqü, o hissləri indi etdiyim ibadətlərdən o qədər də ala bilmirəm" və ya "Quran oxuduğum ilk zamanlar yaşadığım hisslər üçün çox darıxmışam" deyən insanlar günümüzdə heç də az deyil. Allaha inanan, amma Ona ibadət etməyib yaşadığı həyatında Allahın qoyduğu ölçülərdən kənar olan şəxs əslində "ac" insandır.
Yəni Allahla mütəmadi və düzgün şəkildə təmasda olmadığından onun ruhu mənəvi hisslərdən uzaq qaldığı üçün "ac" olar. Ancaq insan səmimi olaraq Allaha bağlandığı ilk andan etibarən Onun sayəsində bir-birindən gözəl olan nemətlərlə qarşılarşaraq, keçmişdə özündə olan pis hissləri yeni və mükəmməl hisslər ilə əvəzləyər. Allah həmin adamın dünyasını, daxilini dəyişərək ölü insandan diri və möhtəşəm bir insan çıxarar. Ona görə də insan yeni ibadətə başlayarkən mənəvi cəhətdən çox “ac” olur. Diqqət edin, insan çox ac olarkən və ya oruc tutduqdan sonra iftar vaxtında yediyi yeməklər ona necə ləzzətli gəlirsə, bizim də ilk qıldığımız namazlar və etdiyimiz digər ibadətlər mənəvi “ac” vaxtımızda bunun kimi, hətta bundan daha ləzzətli olmuşdur. Çünki biz çox "ac" olmuş və ruhumuz yüksək dərəcədə mənəvi qida tələb etmişdir. İnsanın fitrəti gərəyi daima mənəvi qidaya tələbi və ehtiyacı vardır. Bir insanın mənəvi qidaya tələbi yoxdursa o insan fiziki olaraq yaşayan amma mənəvi olaraq ölmüş, qəlbi qatılaşmış insandır. Çünki bir insan qidasız yaşaya bilmədiyi kimi onun mənəvi aləmi də qidasız qala bilməz. Bəzi insanlar da öz cahilliklərinə görə mənəvi qida ehtiyaclarını səhv yollara əl atmaqla ödəməyə çalışırlar. Allaha bağlı olan mömin əgər düzgün şəkildə ibadət edər, Allah rızası üçün səy göstərərək gözəl əməllər işləyərək özünü günahlardan qoruyarsa o zaman qıldığı namazlardan, tutduğu oruclardan, xeyirxah işlərdən çox böyük dərəcədə möhtəşəm mənəvi hisslər qazana və sözün əsl mənasında xöşbəxt ola bilər. Amma əgər insan bir müddətdən sonra keçirdiyi möhtəşəm hissləri yenidən keçirmirsə bu onun etdiyi günahlardan etdiyi səhvlərdən də qaynaqlana bilər. İbadət etdiyimiz zaman Allahın bizə verdiyi möhtəşəm şövqü, həyəcanı yaşamamaq etdiyimiz yalan, qeybət, harama baxmaq və sair kimi günahlardan da qaynaqlana bilər. Bu günahların isə hər biri qəlbə və ruha doğru atılan güllələrdir. Günahların insana zərəri çoxdur. Çünki insan günah qazanarkən gözün, qulağın və digər bədən üzvlərinin şövqü, həyəcanı zədələnir. Çünki günahlar müsəlmanda olan şövqü, həyəcanı sarsıdır. Hər bir insan bir ölkə, bir dövlətdir. Bu ölkənin də paytaxtı qəlbdir. İnsan günah işlədikdə qəlbinə qara ləkələr düşür. Yəni ölkənin paytaxtına zərbə dəyərək ölkə təhlükə altında qalır. Məhəmməd Peyğəmbər (s.ə.s) buyurur: "İnsanda bir bədən üzvü vardır. Əgər o sağlamdırsa bütün bədən sağlam olar. Əgər o pozularsa bütün bədən pozular. Diqqət edin! O, qəlbdir." (Buxari) Etdiyimiz ibadətlərdən də zövq almaq istəyiriksə işlədiyimiz günahlardan uzaq durmalıyıq. İşlədiyimiz günahlara qarşı müharibə elan edərək, o günahları özümüzdən qovaraq kənar etməliyik. Şövq, həyəcan, kimi gözəl olan digər hisslərin hər biri əslində bizə gözəllər gözəli olan Allahın çox böyük nemətləridir. Biz mümkün olduğu qədər bu hissləri yaşamağa çalışmalı, amma etdiyimiz ibadətləri bu hissləri yaşamağa görə yox qarşılıqsız olaraq Allah üçün etməliyik ki, Rəhman olan Rəbbimiz də bizi mükafatlandırsın. Biz heç bir maraq güdmədən səmimi niyyətlə Allaha bağlı olaraq həyatımızı düzgün şəkildə qurarsaq, bu halda Allahın rəhmətini, sevgisini, məğfirətini öz üzərimizə cəlb edərik.
ŞƏRHLƏR