SÜNNƏYƏ BAĞLI QALMAQ
Sünnə: İslam ümmətinin meydana gəlməsi üçün Hz. Peyğəmbər (s.ə.s)-in metodunun əsas alınması və Peyğəmbərin üsulunu ittifaqla təqib edən səhabələrin yolunun izlənməsidir. İslam cəmiyyətinin fikri və əməli birliyini qoruyub saxlayan Allahın Kitabı və Hz. Peyğəmbərin sünnəsidir. Bunun üçün də Allah-Təala Quran ilə birlikdə Peyğəmbərə tabe olub və ona itaət etməyin vacibliyini bildirmişdir. Qurani-Kərimdə belə buyurulur; "Allah, bundan əvvəl açıq bir dəlalət içində olan insanlara, Allahın ayələrini oxuyan, pisliklərdən təmizləyən Kitabı (Quran) və hikməti (sünnə) öyrədən və sizə bilmədiyiniz neçə-neçə şeyləri də öyrədən bir Peyğəmbər göndərdi.” (əl-Bəqərə:151) Pisliklərdən təmizləmək haram və halalı Qurandan öyrənmək ilə təfsir edilmiş, hikmətsə ittifaqla "sünnə" olaraq qəbul edilmişdir.
Qurani-Kərim fərzi, vacibi təyin etmək, halal-haramı bildirmək yönündən Allahın hökmü ilə Rəsulunun hökmünü iki təməl əsas qəbul etmişdir. Bu haqda belə buyurulur; "Aralarında hökm verilməsi üçün Allaha və Rəsulunun yoluna dəvət olunduqlarında möminlər “eşitdik və itaət etdik “ deyə cavab verərlər. Bəli, elə qurtuluşa çatanlar da ancaq bunlardır.” (ən-Nur:51)
Sünnəyə bağlı qalmaq ilahi bir əmrdir. Kitabla birlikdə Sünnə də verilmiş olan Hz. Peyğəmbər (s.ə.s)-ə itaəti əmr edən Quran ayələrinin sayı xeyli çoxdur. Biz bunlardan sadəcə bir neçəsini qeyd edirik. “Allaha və Peyğəmbərə itaət edin ki, mərhəmət olunasınız” (Ali-İmran; 132), “Kim Peyğəmbərə itaət edərsə Allaha itaət etmiş olar” (ən-Nisa; 80), “Ey Peyğəmbər, de ki; Əgər Allahı (həqiqətən) sevirsinizsə mənə itaət edin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın.” (Ali-İmran; 31), “Ey Peyğəmbər, de ki: Allaha və Peyğəmbərə itaət edin; əgər üz çevirsəniz (bilin ki) Allah kafirləri sevməz.” (Ali-İmran; 32)
Sadəcə bir neçəsini misal verdiyimiz bu ayələr bizə, Rəsulu-Əkrəmin sünnəsinə itaətin vacib olduğunu göstərməyə kifayətdir. Bu, İslamdan və imandan doğan bir zərurətdir. Sünnə olmasa, imandan və İslamdan heç bir əsər-əlamət qalmaz. Elə bu səbəbdəndir ki, Rəsulullah hələ həyatda ikən səhabələr Quran hökmlərinin təfsirində, müşkil ayələrin bəyanında, öz aralarında meydana gələn fikir ayrılıqlarının və şikayətçilərin məsələlərinin həllində ona müraciət etməyi dinin əmri kimi qəbul etmişdilər. Din işlərində onun “namazı mənim qıldığım kimi qılın” (Buxari; 1/155) əmrinə tabe olaraq namazın formasını, vaxtını, rükətlərin sayını ondan öyrənmişdilər. Onun; “həclə əlaqəli ibadət qaydalarını məndən öyrənin” (Müslüm;2/943) əmrinə tabe olaraq da həclə əlaqəli nə varsa hamısını sünnəyə uyğun olaraq mənimsəmişlər.
Hz. Peyğəmbər (s.ə.s) onun yoluna tabe olmağın zərurətini bir hədisində belə bildirmişdir: "Sizə əmr etdiklərimi yerinə yetirin, qadağan etdiklərimi də gücünüz çatdığı qədər tərk edin" (Müslüm, 412, İbn Macə, Müqəddimə:1) Yuxardakı hədisi dəstəkləyən bir ayədə Uca Rəbbimiz belə buyurur; “Rəsul (Elçimiz) sizə nəyi verirsə onu götürün və sizi nədən də çəkindirirsə ondan da uzaq durun” (əl-Həşr, 7)
Dinimizin Qurani-Kərimdən sonra ikinci dəlil qaynağı olan Sünnəni yaşamaq, yaşatmaq, öyrənmək və öyrənilməsinə köməklik gösərmək və yaymaq hər birimizin birinci dərəcəli vəzifəsi olmalıdır. Çünki bu, biz inananların ilahi rizaya nail olması üçün, yerinə yetirməsi zəruri bir yoldur. Eyni zamanda cəmiyyətimizin də parçalanıb dağılmaması, milli və mənəvi dəyərlərimizin qorunması üçün ilkin şərtdir. Təəssüf hissi ilə qeyd edək ki, bu gün biz Rəsulullah (s.ə.s)-in yolundan çox uzaqlaşmışıq. Cəmiyyətimizdə baş verən mənəvi böhranlar, əxlaqi pozulmalar, boşanmaların sayının çoxalması, intiharlar, valideynlərin sözlərinin eşidilməməsi daha neçə-neçə sosial problemlərin bir səbəbi də, Rəsulu-Əkrəmin sünnəsindən ayrı bir həyat tərzi mənimsəməkdir.
Çox təəssüf ki, bəzən ibadət edən insanlar arasında da sünnə mövzusunda bəzi cahil davranışlara şahid oluruq. Məsələn; filan əməl sünnədir, etsək də olar etməsək də. Halbuki biz bütün sünnələri gücümüz nisbətində yerinə yetriməklə əmr olunmuşuq. Sünnənin böyüyünə və kiçiyinə baxmadan hər birini yerinə yetirməyə çalışmalıyıq.
Rəsulullah (s.ə.s) Vəda Xütbəsində bizə iki mühüm əmanət qoyduğunu bildirmişdir. Bu da Qurani-Kərim və Sünnədir. Bu hədisin başqa bir rəvayətində isə, bu iki əmanətin, Qurani-Kərim və Əhli-Beyt olduğu bildirilir. Bu da birinci hədislə heç də ziddiyyət təşkil etməməkdədir. Çünki sünnəni ən yaxşı bilən və yaşayan məhz elə Rəsulullah (s.ə.s)-in ailəsi, yəni Əhli-Beyti idi. Bir sözlə, dünya və axirət qurtuluşumuzun yeganə şərti Kitab və Sünnəyə bağlı qalmaqdır
ŞƏRHLƏR