YOL DƏRSLƏRİ
Dəmir təkərlərin üstündə Qazaxıstanın Çimkənd şəhərindən Bişkekə doğru gedirik. Qatarda elektrik samovarı var. Ürəyi istəyən hər kəs 24 saat hazır olan sudan istifadə edərək özünə çay dəmləyə bilər. Orta Asiyada qatar səfərləri bir neçə gün davam etdiyi üçün yatağından tutmuş isti suyuna kimi hər şeylə təmin edirlər.
Qazaxıstanın bu başından o başına 48-60 saata getmək mümkündür. Ölkənin şərqi ilə qərbi arasında 1 saat zaman fərqi var. Qazaxıstandan Moskva-Bişkek qatarına mindik. Qatar dörd gün yol qət etdikdən sonra Moskva-Bişkek arasındakı səfərini başa vurur. Hər vaqonda bir konduktor var. Vəzifəsi sadəcə biletləri yoxlamaq deyil, ayaqyolu təmizliyi də daxil olmaqla samovarın qaynamasına nəzarət, yataq dəsti vermək və təhvil almaq, ara satıcılarına mane olmaq və sərhəddə yoxlama zamanı gömrük işçilərinə kömək etməkdən ibarətdir. Konduktorun kupesində stəkanlar və xırda çayniklər var. İstəyən hər kəs heç bir məbləğ ödəmədən götürüb istifadə edə bilər. Mən evdən gətirdiyim stəkanı götürürəm, samovardan su doldurub içinə paket çayımı atıram. Yol uzun olduğuna görə bəzən sadəcə qaynamış su götürüb içirik. Çinlilər çayı çox sevsələr də, deyilənə görə qaynamış suyu çox içirlər. Yanlarından termosu əskik etmirlər. Yəqin ki, biz də qonşudan təsirlənmişik, tez-tez isti su içirik. Çayın öz rəngi olub-olmadığından şübhələndiyimiz paket çayından daha yaxşı deyilmi? Evdə içdiyimiz çayların rənginin çıxması üçün 10 dəqiqə dəmləməli oluruq. 2,5 qram ağırlığı olan paket çayları isə bir stəkan suyu çox qısa müddətdə rəngləndirir. İçdiyim qaynamış suyun dibində ərp yığıldığını görürəm. Stəkan tərpəndikcə ərpli su bulanıq görsənir. Stəkanın dibindəki bir udumluq suyu heç vaxt tərtəmiz görmədiyim toz-torpaqlı vaqon pəncərəsindən çölə atıram. Batmaq üzrə olan günəş zəifləmiş şüalarını saçaraq son dəfə həyatda qalmağa can atsa da, heç bir faydası yoxdur. Tozlu və palçıqlı pəncərə şüşəsinə düşən bir neçə damcı su par-par parıldamağa başlayır. Bir az əvvəlki bulanıqlıqdan əsər-əlamət yoxdur. Düşdüyü yer torpaq olsa da sanki kristallaşıb. Öz-özümə “hər damcı parıldayar, yetər ki, sən işıq ol, günəş ol, düzgün bucağı seç”,- dedim.
Qaranlıq damcı yoxdur, işığı qəbul etməyənlər var. Bir damcı su öz canına işığı yaxşı çəkə bilsə, göy üzünü də içinə sığışdıra bilər. Günəş, ay və kosmosdan baxanda zeytun boyda görünən gözün içinə dünya sığışmırmı?
Hər insan bir damla su deyilmi? Həmin bir damla su ana bətnində üç qaranlıq içində yaşayar (Zumər surəsi, 6). Sonra iməkləməyə, danışmağa, yüriməyə, düşünməyə, sevməyə başlayar.
Hər insan bir damla sudur. Su damlası təmiz stəkanın dibində çirkli və bulanıq görsənə bilər. Amma tozlu və palçıqlı pəncərədə par-par parıldayar. Rəsulullah (s.ə.s) müşriklərin kirlətdiyi Məkkədə par-par parıldayaraq işıq saçdı. Lut peyğəmbərin xanımı, Nuh peyğəmbərin oğlu isə peyğəmbərin tərtəmiz və nurlu evində zülmət qaranlıqda qaldı. Ata Əbu Cəhlin bulanıqlığı oğlu İkriməyə təsir etmədi. Əsas məsələ həqiqət, eşq, vəhy günəşinin onların üzünə vurmasıdır. Hz. Peyğəmbər Məkkədə doğuldu, amma orada parıldayırdı, zülm və şirk qaranlığından uzaq idi. Vəhb bin Kəbşə həzrətləri it-pişik, siçan əti yeyilən torpaqlarda qiyamətədək par-par parlayacaq, işıq saçacaq.
Uşaqları həddən artıq gigiyenik mühitdə böyütməkdənsə, üzərlərinə həqiqət günəşi, yoxsa zülm, batil və şərin kölgəsi düşdüyünə diqqət etmək lazımdır. Təki günəş doğsun, təki səmada bədirlənmiş ay olsun, əgər pəncərə açıqdırsa, hər yeri işıqlandırar, isidər.
Bişkekdə bir axşam vaxtı işıqlar sönsə də bədirlənmiş ay səmadan şəfqətlə gülümsəyir. Dəvətsiz qonaq kimiaçıq pəncərəmdən içəri süzülən ay işığı Mövlananı xatırladır. “Ayın işığı hər nə qədər məşriqlə məğribi əhatə etsə də evə girməsi pəncərənin böyüklüyü qədərdir”. Ey Rəbbim, bu şəhərdə pəncərə və qapı açmama yardım et. İnşallah günəşi və ayı göstərər, günəşlə isinər, günəşlə kamilləşərəm. Bişkekə çatmamış dərslər başlayır. Üstəlik yolda. Yaşlanan müəllim olaraq hərzamankı kimi dərsi təkrarlayıram. Hər insan damladır. Damla yer üzündən quruyub yox olana qədər parıldayacağından ümid kəsilməz. Rəsulullah (s.ə.s) Əbu Talibi son nəfəsinə qədər parıldamağa dəvət etdi. İman və məhəbbət parıldadır. Küfr isə örtmək, gizlətmək deməkdir. Qaranlıq mənası da var. Qurani-Kərimdə kafirlərin yerlərində saydıqlarından, istiqaməti itirdiklərindən söz açılır. Hər insan parıldamaq üçün yaradılmışdır. Yetər ki, sən kölgə salma. Allahsız parıldamaq makiyajla mümkündür. Ömrü də xlorlu suyu görənə qədərdir.
ŞƏRHLƏR