Duada TƏVƏSSÜL

Duada TƏVƏSSÜL

“Təvəssül” lüğətdə “vəsilə etmək”, “vəsilə” isə “başqasına yaxınlaşmaq üçün vasitə edilən” mənasına gəlir. Təvəssülün termin mənası “Allah-Təalaya yaxınlaşmaq, ya da bir fayda əldə edib bir zərərin dəf edilməsi məqsədi ilə saleh bir əməli və ya saleh bir insanı vəsilə edərək Allahdan yardım istəməkdir”.

Quranda Allaha yaxınlaşmaq üçün vəsilə axtarmaq əmr edilmiş (Maidə 5/35) və insanı Allaha yaxınlaşdıracaq vəsilənin Ona iman edilməsi və Onun razılığına uyğun saleh əməllərin görülməsi olduğu bəyan edilmişdir (Səbə 34/37). Bu ayələrdə təvəssül lüğət mənasında işlədilmişdir. Üzərində ixtilaf edilən isə termin olaraq işlədilən təvəssüldür.

İlk əvvəl qeyd etməliyik ki, dünya və ya axirətlə əlaqəli bir məsələdə olan istəyin və duanın yalnız Allaha ediləcəyi, başqasına edilən duanın caiz olmadığı xüsusunda ixtilaf yoxdur. Yenə “əsmayi-hüsna” və saleh əməllər ilə təvəssülün, yəni dua edən insanın “əsmayi-hüsna” və etdiyi saleh əməlləri vəsilə etməsinin caiz olmasında görüş ayrılığı yoxdur.

İxtilaf saleh kimsələrlə -diri və ya ölü olsun- edilən təvəssül mövzusundadır. Bu mövzuda dörd görüş vardır:

1- Ümumiyyətlə rədd edilməsi,

2- Ümumiyyətlə caiz olması,

3- Təkcə Hz. Peyğəmbərlə (s.ə.s.) caiz olması,

4- Hz. Peyğəmbərlə (s.ə.s) təvəssülün sadəcə o həyatda ikən caiz olması.

Vəfat edən şəxslərin ruhları bərzəx aləmində canlıdır. Qəbir əhli özlərini ziyarət edənləri tanıyır. Həyatdakıların əməlləri onlara göstərildiyi zaman xeyirli əməl gördüklərində Allaha həmd edib sevinirlər və o əməli işləyənlərə dua edirlər. Pis bir əməl gördüklərində belə dua edirlər: “Allahım, onları itaətə və ibadətə yönəlt. Bizi hidayət etdiyin kimi onları da hidayət et”. Bu söylədiklərimiz hədislərdə mövcud olub ümmətin icması ilə sabitdir.(İbn Qəyyim əl-Cevziyyə, Kitabur-ruh, s. 21-147; Zəbidi, İthafus-səadə, XIV, 312-328.) Bir hədisi-şərifdə belə buyurulur: “Ölü özünü daşıyanı, yuyanı və qəbrə qoyanı tanıyır.”(Əhməd b. Hənbəl, Müsnəd, IV, 126, Hədis № 11600.)

Buxarinin rəvayət etdiyi bir hədisi-şərifdə: “Ölən kimsə dəfn edildikdən sonracamaatın geri dönərkən cıxardıqları ayaq səslərini eşidər”(Buxari, Cənaiz, 67.)buyurulmuşdur.

Bəziləri təvəssülü bütpərəstlərin duada bütləri vəsilə etməsinə bənzədir və “bu ibadətdir, ibadətsə yalnız nəss ilə bilinər, bu xüsusda isə nəss yoxdur” deyərək rədd edirlər. Təvəssülün caiz olduğuna işarə edən hədislərin sənədini tənqid edir, yaxud da təvil edirlər. Halbuki burada dua Allaha edilir, təsir və güc də Ona nisbət olunur.

Mövzunu məntiqi və nəqli dəlilləri ilə ələ alaq:

Saleh əməlləri vəsilə etmək ilə saleh insanları vəsilə etmək arasında bir fərq yoxdur. Hər ikisində də dua Allaha edilir. “Allahım, filan saleh əməlim hörmətinə, filan saleh əməlim Sənin qatında məqbul isə, Hz. Peyğəmbərə (s.ə.s) olan sevgim hörmətinə” demək caiz isə, “Hz. Peyğəmbər (s.ə.s) hörmətinə” demək nə üçün caiz olmasın? Onları bütpərəstlərə bənzətmək isə xətalıdır, çünki burada hərhansı bir insanı Allaha ortaq etmə, ona ibadət etmə və ya Allah ilə qul arasında bir vasitə görmə yoxdur.Yardım edəcək olan yalnız Allahdır. Duada təvəssülü Allahdan başqasından kömək istəmək kimi qəbul etmək doğru deyil. Çünki təvəssüldə yalnız Allaha əl açılır.

Nəqli dəlillərə gəldikdə isə, duaların məqbul olması üçün təvəssül ediləcək xüsuslardan biri də salavati-şərifədir. Necə ki, Hz. Peyğəmbər namazdan sonra Allaha həmd etmədən və Peyğəmbərə salavat gətirmədən dua edən adam görmüş və: “bu adam tələsdi”,- buyurdu. Sonra da o adamı yanına çağıraraq “Dua edəcəyiniz zaman əvvəlcə Allaha həmd-səna edin, sonra Peyğəmbərə salətu-salam gətirin. Daha sonra istədiyiniz kimi dua edin” (Tirmizi, Dəavat, 64).

Duanın müstəcəb olmasını təmin edən bir başqa vəsilə də əsmayi-hüsnadır. Ayeyi-kərimədə buyurulur:

Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin.(əl-Əraf, 180).

Saleh əməllər çətinlikdən qurtarıb xeyirlərə nail olmaq üçün vəsilədir.Əvvəlki ümmətlərdən səfərə çıxan üç dostun halını bildirən hədisi-şərif bunu izah edir.(Bax. Buxari, Ədəb, 5, Ənbiya, 53; Zikr, 100)

Hz. Peyğəmbərin (s.ə.s) şəxsi ilə təvəssül. Bir korun Hz. Peyğəmbərin yanına gəlib gözlərinin açılması üçün dua istəməsi və israr etməsi üzərinə Hz. Peyğəmbər belə dua etməsini tövsiyə edir: “Elə isə get, gözəlcə dəstəmaz al, sonra iki rükət namaz qıl, davamında belə dua et: “Ya Rəbbi! Mən səndən istəyirəm, rəhmət Peyğəmbərin (s.ə.s)ilə Sənə yönəlirəm. YaMuhamməd (s.ə.s) mən səninlə Rəbbinə yönəlirəm ki, gözlərim açılsın. Ya Rəbbi! Onun şəfaətini və duamı qəbul et.”  Bu duadan sonra o insanın gözləri açılmışdır. (İbn Macə, İqamə, 189. Həmçinin Hz. Adəmin Hz. Peyğəmbəri vəsilə edərək dua etdiyi haqqında rəvayət üçün bax. Beyhəqi, Dəlail, V, 488, 499.)

Digər bir xüsus saleh insanlarla təvəssül məsələsidir. Bunun da caiz olmasına müxtəlif hədislərdən dəlillər var. Ənəs bin Malikdən rəvayət edildiyinə görə qıtlıq zamanında Hz. Ömər Abbas b. Əbdülmüttəlibi (r.a) vəsilə edərək Allahda yağış yağdırmasını istəmişdi: “Allahım, biz daha əvvəl Peyğəmbərimizi vəsilə edərək Sənə dua edirdik, Sən də bizə yağış yağdırırdın. İndi isə Peyğəmbərin əmisini vəsilə edərək Səndən istəyirik. Bizə yağış ehsan et!”(Buxari, İstisqa, 3; Ayni, Umdətu`l-Qari, VI, 13).

Bəziləri vəfat etmiş peyğəmbər və salehlərlə təvəssülü, onların ruhaniyyəti ilə təbərrük etməyi tövhid inancındna uzaq olan cahiliyyə müşriklərinin hərəkətinə bənzədirlər. Quranda müşriklərlə əlaqəli olan ayələri təvəssül edənlərə şamil edərək eyni hökmə tabe olduqlarını iddia edirlər.

“Xəbəriniz olsun, xalis din ancaq Allahındır. Onu tərk edib özlərinə bir qism  dostlar (məbudlar) edənlər, onlara (bütlərə) bizi Allaha yaxınlaşdırsınlar deyə qulluq edirik, deyərlər. Doğrusu Allah ixtilafa düşdükləri şeylərdə aralarında hökm verəcəkdir. Allah şübhəsiz yalançı və inkarçıyı doğru yola yönəltməz.”(əz-Zumər, 3.) Bu ayəni dəlil və məsnəd alaraq təvəssül edənlərin də müşrik olduqlarını söyləyirlər. Əslində isəonlar bütə tapanlarla ölülərlə təvəssül edənlərin məqsədlərinin bir olduğunu irəli sürərək təvəssül və şəfaəti yanlış dəyərləndirmişlər.

Halbuki Allaha yaxın olan peyğəmbər və salehlərlə təvəssül edərək Ona sığınan möminlərlə müşriklərin arasında heç bir əlaqə yoxdur. Bunların arasındakı bənzərlik səbəbiylə qiyas etmək doğru deyil.

Belə ki, mütəvəssillər (təvəssül edənlər) müşriklərə qiyas edilməz və aralarında bu bariz fərqlər var:

1.           Müşriklər Lat, Mənat, Uzza kimi bütləri ilah qəbul edirdilər. Halbuki müsəlmanlar ancaq bir ilaha inanırlar. Onlara görə peyğəmbər peyğəmbərdir, vəli vəlidir. Onları müşriklər kimi ilah görmürlər.

2.           Müşriklər o bütlərin ibadətə layiq olduğuna inanırlar. Halbuki müsəlmanlar təvəssül edilənlərin ibadətə layiq olduğuna əsla inanmırlar.

3.           Müşriklər o bütlərə ibadət edirdilər. Allah-Təala onların sözlərini belə hekayə edir “Bizi Allaha yaxınlaşdırsınlar deyə onlara ibadət edirik”. Halbuki müsəlmanlar Allaha təvəssül edərkən peyğəmbər və salehlərə ibadət etmirlər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz