Qəbir və Türbə Ziyarəti Ədəbləri

Qəbir və Türbə Ziyarəti Ədəbləri

Dinimizdə qəbir ziyarəti ölümü və axirəti xatırlatdığı üçün kişilərə müstəhəb, fitnədən əmin olunduğu təqdirdə qadınlar üçün də caizdir (icazəlidir). Hədisi-şərifdə Hz.Peyğəmbər (s.ə.s) qəbir ziyarətini tövsiyə edərək belə buyurur: “Qəbirləri ziyarət edin, çünki bu, sizə axirəti xatırladır” (İbn Macə).

Hz. Peyğəmbər (s.ə.s) hələ qədər inancının kökləşmədiyi və cahiliyyə vərdişlərinin davam etdiyi dövrdə qəbir ziyarətini bir zaman üçün qadağan etmiş, ancaq daha sonra bunu sərbəst buraxmışdır. İslamın başlanğıcında Hz. Peyğəmbərin qəbir ziyarətlərini qadağan etməsinin səbəbi bu idi. Yəhudi və xristianlar əziz saydıqları kimsələrin qəbirlərini ibadət yeri halına gətirmişdilər. Cahiliyyə dövründə qəbirlərə səcdə edilir, bütlərə sitayiş olunurdu.

Bütpərəstlik böyük tanınan kəslərin heykəllərinə sayğı və təzim ilə başlamış, nəticədə də bu sayğı bütlərə ibadətə çevrilmişdi. İslam dininin qayəsi tövhid əqidəsini (Allahı yeganə xaliq və yaradıcı kimi tanıyıb, yalnız Ona ibadət etməyi) qəlblərə yerləşdirmək idi. Hz. Peyğəmbər (s.ə.s) İslamın ilk illərində şirkdən yeni qurtulmuş əshabına təhlükəli gördüyü qəbir ziyarətini qadağan etmiş, fəqət tövhid inancı qəlblərə tamamilə yerləşib müsəlmanlar tərəfindən tam şəkildə anlaşıldıqdan, dərk edildikdən sonra qəbir ziyarətinə icazə vermişdi. Bu qadağa; “Bir vaxtlar sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim. Artıq qəbirləri ziyarət edin. Çünki bu ziyarət sizə axirəti -ölümü xatırladır” (Müslim, Tirmizi, Əbu Davud, Nəsəi, Muvatta) hədisi-şərifi ilə qaldırıldı. İstər yaxın kimsələrin qəbirləri olsun, istərsə də hər hansı saleh insanların türbələri olsun, əsasən ibrət almaq məqsədi ilə ziyarət edilməlidir. Buna görə dinimiz qəbir ziyarəti üçün bəzi qaydalar qoymuşdur.

Qəbirləri ziyarət edərkən İslamın əsaslarına və tövhid inancına uyğun olmayan, etiqadi baxımdan yanlış olan bəzi davranış və hərəkətlərdən uzaq durmaq lazımdır. Qəbirlərdə və ziyarətgahlarda yatan kimsələri bəşər üstü varlıqlar olaraq görmək, bu zatların duaları qəbul etdiyinə, ilah kimi qüdrətinin olduğuna inanmaq, bəzi istək və ehtiyacları Allaha deyil, onlara ərz etmək, onlardan yardım istəmək və mədəd ummaq; bu məqsədlə qəbir və ziyarətgahlara (türbələrə) əski parçaları bağlamaq, şam yandırmaq, qurban aparıb kəsmək və s. hərəkətlərlə onlardan yardım diləmək tövhid dini olan İslamla əsla uyğun gəlməməkdədir. Bu cür davranış və hərəkətlər şirkdir, böyük günahdır. Bizim borcumuz istər yaxınlarımızın qəbri olsun, istərsə də salehlərin türbəsi, üsul və ədəbinə görə ziyarət edib işlədiyimiz xeyir, etdiyimiz ibadət, oxuduğumuz fatihənin savabından onların ruhlarına bağışlamaq və onlara dua etməkdir.

Qəbir və ziyarətgahlar ziyarət edilərkən bidət və xürafələrə yer verməməli, din -sünnə ölçülərinə uymalı, türbələrdə ağla, məntiqə və dinimizin qaydalarına uyğun olmayan davranışlardan qaçmalıyıq.

Qəbir, ziyarətgah və türbələr ziyarət edilərkən diqqət olunacaq mühüm cəhətlərdən bəziləri belədir: Qəbir və ziyarətgahlara; nəzir demək olmaz, qurban kəsilməz, şam yandırılmaz, əski-parça bağlanmaz, daş və ya pul yapışdırılmaz, əyilərək və iməkləyərək gedilməz və  girilməz, pul atılmaz, yeyiləcək şeylər qoyulmaz, türbə və qəbiristanlıq divarlarına əl-üz sürtmək olmaz, şəfa məqsədilə orada olan daşları bədənə sürtmək olmaz, türbə və qəbirlərdən yardım və şəfa istənməz, türbə və qəbirlərin ətrafında təvaf edilməz, türbələrin içində yatılmaz, qəbir və ya türbəyə yalvarılmaz, ağlayıb fəryad edilməz, qəbir və ya ziyarətgaha qurban adanmaz (ya filankəs baba, filan işim düzəlsin, övladım olsun, oğlum əsgərlikdən qayıtsın, balam universitetə qəbul olsun, qızım ərə getsin sənə qurban kəsərəm və s. kimi, məqsədlərlə  hansısa qəbirdən, övliya və ya babalardan bunları istəmək böyük bir yanlışdır, bunlar böyük günahdır, şirkdir.) Ziyarətgahlarda qurban niyyəti ilə hər hansı nəzir heyvan da kəsilməz. Bunlar imanı təhlükəyə salan günahlardır və dinimiz tərəfindən qətiyyən qadağan edilmişdir.

Türbə və qəbirlərdən mədəd ummaq, ölən kimsədən yardım istəmək İslama və İslam inancına uyğun deyil. Hər hansı bir zatın, Allah dostunun qəbri və ya türbəsi ziyarət edilə bilər, ruhuna fatihə oxunar. Hüzurunda Allaha dua edilər. Ancaq ziyarətgah dediyimiz belə yerlərdə dəfn olunmuş kimsədən “ya filankəs baba, filan işimi düzəlt və s.” kimi sözlərlərlə yardım və ya şəfa gözləmək doğru deyildir. Yardım və şəfa yalnız Allahdan istənməlidir. Belə mübarək zatlar, saleh kimsələr, edilən dualarda sadəcə olaraq vəsilə oluna bilərlər. Biz sadəcə olaraq belə kimsələrin yaxşı insan ola biləcəyini düşünərək, hüsnü-zənlə qəbirlərini ziyarət etməliyik. Bu hüsnü-zənnimizlə də edəcəyimiz duamızda: “Ya Rəbb! Ziyarətini etdiyimiz bu zatın Sənin yanında etibarının, hörmətinin olduğunu düşünürəm. Əgər bu hüsnü-zənnim doğrudursa, bu zatın xətri üçün, saleh əməlləri hörmətinə mənim bu duamı qəbul eylə, məni bu çətinlikdən qurtar!” şəklində dua edilə bilər. Belə bir vəziyyətdə ölüdən heç bir şey istəmiş olmuruq, yenə Rəbbimizdən istəyirik.

Qəbir, türbə və ziyarətgahları ziyarət əsnasında üsul və ədəbə diqqət etmək lazımdır. İstər qadınların, istərsə də kişilərin İslam ədəbinə uyğun olmayan paltar və geyimlərlə buralara girmələri doğru deyil. Həddi aşmamaq şərtilə qadınların qəbir ziyarəti caizdir. Bu zaman da birinci növbədə geyimlərinə diqqət göstərəcəklər, qəbiristanlıqda və qəbir başında yüksək səslə ağlamaq, saç-baş yolmaq, ağı demək və qəbirlərə aşırı dərəcədə sayğı göstərmək kimi fitnə qorxusu olmadığı və  uyğun olmayan hərəkətlərdən uzaq durulduğu təqdirdə qadınların qəbir ziyarəti mümkün və caizdir. Çünki Peyğəmbərimiz uşağının qəbri başında ağlayan bir qadına səbirli olmağı tövsiyə etmiş, ona ziyarət etməyi qadağan etməmişdir (Buxari, Müslim).

Ölümü xatırlamaq, axirət həyatını düşünmək və dua etmək üçün qəbir ziyarəti sünnədir. Fəqət əvvəl də qeyd etdiyimiz kimi, bu gün ölkəmizdə və bir çox yerlərdə türbə və qəbir ziyarətində xətalı davranışlara rast gəlinməkdə, Allah üçün ziyarət edilən türbədə Quran oxuyub dualar və istiğfarlar edərək ölüyə yardım edilməli olduğu halda, tam əksinə, ölüdən yardım istəyənlərlə rastlaşırıq. Halbuki qəbir və türbələr ölüdən hər hansı bir şey istəmək üçün ziyarət edilməməlidir.

Son olaraq; Qəbir ziyarətində bu ədəblərə də diqqət etmək gözəldir: qəbir ziyarəti əsnasında dəstəmazlı olmaq, qəbiristanlıqda səssizliyi qorumaq, haray, səs-küy çıxarmamaq lazımdır. Ölülərə salam verilməli, onlar üçün xeyir-dua edilməlidir. Bərəkət məqsədilə Quran oxuyaraq savabını onların ruhuna göndərmək gözəl hesab olunur. Hz. Peyğəmbərimiz (s.ə.s) qəbirləri ziyarət edərkən belə deyərdi: Əs-sələmu aleykum ya əhləd-diyəri minəl-muminin və innə inşəallahu bikum ləhiqun, əs-əlullahə lənə və ləkumul-afiyəh.” (Ey möminlər diyarının sakinləri, salam olsun sizlərə. Bizlər də inşallah sizə qovuşacağıq. Allah Təala-dan bizim və sizin üçün afiyət, axirətlə əlaqəli qorxu və sıxıntılardan qurtuluş diləyirəm.) (Müslim, Nəsəi, İbn Macə, Əhməd).

Hədis alimi İmam Nəvəvi, İmam Şafeinin bu sözünü nəql edir: “Qəbirin yanında ölüyə bərəkət olsun deyə Qurandan ayə və surələr oxumaq müstəhəbdir (gözəl əməldir). Quranın hamısının oxunması isə daha gözəldir”. (Riyazus-Salihin, s. 293).

Əhməd bin Hənbəl də Rəsulullah (s.ə.s)-in: “Yasin, Quranın qəlbidir. Hər kim onu Allahın razılığını və axirət yurdunu istəmək üçün oxuyarsa, şübhəsiz, günahları bağışlanar. Ölülərinizə də Yasin surəsini oxuyun” hədisini rəvayət etmiş və qəbir üstündə Quran oxumaqda bir eyib yoxdur demişdir.

Qəbirlər ibrət almaq məqsədilə ziyarət edilir. Ona görə də hər insan tez ya da gec qəbrə gedəcəyini düşünərək, qəbirlərdən və qəbir ziyarətlərindən ibrət almalıdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz