QISA ÖMÜR- ŞİRİN ÖMÜR
İnsan yaşa dolduqca bədən quruluşu dəyişməklə yanaşı, təfəkküründə, düşüncəsində də dəyişikliklər meydana gəlir. Uşaqlıq dövründə ana-ata qayğısı ilə böyüyən insan gənclik dövründə dəliqanlılıq hissləri ilə həyata böyük ümidlərlə baxır. Orta yaşa dolduqca daha əvvəlki gənclik çılğınlıqlardan heç bir əsər-əlamət qalmır.
Cavanlıq dövründə həyata baxdığı kimi baxmır. Artıq gənc kimi düşünmür. Get-gedə həyatın keşməkeşkli yollarında hərbə-zorbaya tab gətirə-gətirə əzilir, əməlli-başlı bişir, püxtələşir. Yetkinlik yaşında artıq öz həyatına istiqamət verməyə çalışır. Öyrənir, öyrədir, çalışır, zəhmət çəkir. Bu fani dünyada görüb-götürür və nəhayət, həyatını bir istiqamətə yönləndirir.
Doğulandan ölümə qədər insan həyatı üçün qoyulmuş bir qayda vardır və hamı da bu qayda ilə həyatını yaşamağa çalışır. Çox maraqlıdır ki, bu dünya həyatı sadəcə bundan ibarətdir: insan doğulacaq, ana-ata qayğısı ilə böyüyəcək, məktəbə gedəcək, hərbi xidmətdə olacaq, unirversitetə daxil olacaq, iş tapacaq, iş karyerasını quracaq, ailə həyatı quracaq, uşaq sahibi olacaq, ailəsi üçün ruzi qazanacaq, övladlarını böyüdəcək, tərbiyələndirəcək, məktəbə göndərəcək, universitetə daxil edəcək, evləndirəcək və nəhayət, nəvə sahibi olacaqdır. Sonunda qocalıb öz təqaüdünü alacaq, necə deyərlər, bir gün doğulduğu kimi öləcəyi üçün ölümünü gözləyəcəkdir. Budur insan həyatı. “Standart insan həyatı” demək mümkünsə, bu cür adlandırmaq olar. Bununla yanaşı, ibadət edəcək, yaxşı əməllər işləyəcək, yaxşılıqları tövsiyə edəcək, pisliklərdən çəkinəcək və çəkindirəcək, namazını qılacaq, orucunu tutacaq, zəkatını verəcək, həccə gedəcək, infaq edəcək, lazım gəlsə cihad da edəcək. Harama əl atmayacaq, oğruluq, zina etməyəcək, adam öldürməyəcək, bir sözlə, haqqı tövsiyə edib ədalətin bərqərar olmasında yardımcı olacaqdır.
Beləliklə, biz bir insan ömrünü bir abzasa sığdıra bilirik. Yetmiş-səksən illik insan ömrünü bir şablon kimi gözümüzün önündən keçiririk. Dünən uşaq idik, bu gün gəncik, sabah qocayıq. Gör necə də tez bir zamanda insan ömrü keçib gedir. Ölüm həqiqətini dərk edə-edə ölümə tərəf gedirik. Dahi bir söz var: “Biz ölmək üçün doğulmuşuq!”. Bəli, doğuluşumuzla ölümümüzü qazanmışıq. Doğulduqsa, öləcəyik.
İnsan həyatı bir film kimi bir ssenaristin yazdığı ssenaridir sanki. Əvvəl və axır. Başlanğıc və final. Başlandığı kimi sona çatmalıdır. Bu, bir qanundur. Bunu dəyişmək olmaz. Bir kitabın, bir məqalənin başlanğıcı var, bir də sonu. Hər şeyin əvvəli var, bir də sonu. Ömrümüzün də əvvəli olduğu kimi sonu da labüddür. Bütün bunlar insanı düşündürməyə vadar edir ki, bu həyat bundan ibarətdirsə, deməli, insan niyə yaşayır? İnsan sadəcə bu dünyaya gəlib qısa bir ömür sürüb sonra torpağamı qarışmalıdır? Bəs bundan əlavə başqa bir məqsəd yoxdurmu insan həyatında? Sadəcə doğulmaqla başlanan, ölümlə nəticələnən bu dünya həyatında o qədər əzab-əziyyətlərə, çətinliklərə qatlanmağın nə mənası var? Nədən ötəri insanlar bu keşməkeşli həyatı yaşayırlar. Doğulduğu andan etibarən yaşamağa can atır, yaşayır və nəticədə də ölür. Beləliklə, yenə qısa dünya həyatı. Burada N. Ostrovskinin sözləri yadıma düşür: “Ömür insana bir dəfə verilir və onu elə yaşamaq lazımdır ki, mənasız keçən illər üçün vicdan əzabı çəkməyəsən”. Bəli, ömür insana bir dəfə verilir.
Bu dünya həyatının qısa olmağı da onun çox şirin olmasına gətirib çıxarır. Bunu unutmayaq ki, az olan şey həmişə dəyərli, ləzzətli, dadlı, daha şirin olur. Bu dünya həyatı da belədir. Qısa olduğu üçün çox cazibəlidir, çox sevimlidir. Çünki insan bu dünya həyatından bir şey qana bilmir. Onun dadından doymur. Bunun üçün də dünya, həyat, yaşamaq bu qədər sevimlidir. Az olan saz olur.
Ancaq nəticə olaraq dünya həyatı bizi başqa aləmə götürmək üçün verilib. O da axirət həyatıdır. Bütün bu dünyada baş verənlərin nəticəsi kimi hər şey axirət üçündür. Bu dünya axirətə xidmət edir. Təbiri caizsə, dünya üniversitet kimidir, kimisini cənnətə, kimisini də cəhənnəmə hazırlaşdırır.
ŞƏRHLƏR