BİZ DƏ MÖMİNİKMİ?
Tarix: 15 oktyabr 2014.
Yer: Dördyol/Şəki.
Bir sürücünün anlatdıqları müsəlmanlar əleyhində dərc olunan min xəbərdən daha dərin bir iz buraxdı sinəmdə. Gəncəyə, oradan da Sınıq Körpü yoluyla Gürcüstana edəcəyim səfər üçün minəcəyim beş vasitədən ikincisini gözləyirdim ki, yoldaZaqataladan gələn Bərdə maşını göründü.
Yollarda çox gözləməyin verdiyi bezginlik refleksi ilə Gəncə maşınını gözləmədən buna minmək qərarına gəldim. Yevlaxdan Gəncəyə də ayrı bir maşınla gedərək minəcəyim maşın sayını altıya çıxartsam da heç olmasa yolda gözləməz, hərəkət halında olaraq vaxtı keçirəcəkdim. Qabaq oturacaqda yer var idi və sürücü ilə yan-yana oturdum. Çox keçmədi ki, sürücü məni söhbətə tutdu; hara gedirsən, niyə gedirsən, harada yaşayırsan və s. İlahiyyatçı olduğumu öyrənəndə soruşduğu ilk sual Suriya – İraq məsələsi oldu. Bu sualı eşitməyə artıq vərdiş etdiyimiz üçün verəcəyimiz cavabı da hamı bilir. Din libası altında ortaya çıxardılan kirli münaqişənin İslam dininə aid edilməsinin doğru olmadığını qeyd etdim. Müsəlmanların öz dinlərindən həqiqi mənada xəbərdar olmadıqlarını və çox rahat təsir altına girərək səhv yollara girə bildiklərini dilə gətirdim. Məni narahat edən əsas sual isə ikinci sual oldu: Filan mədrəsəni tanıyırsanmı?Cavab verməyə bir az çəkinsəm də yalan danışa bilməzdim. Dedim, - tanıyıram, amma bunun sizin söhbətinizlə nə əlaqəsi var? Olub-bitəni qısaca belə danışdı: “bir zamanlar (təxminən on il əvvəl) mən də dinə, ibadətə yaxın adam idim. Amma orada başıma elə iş gətirdilər ki, mən tamamilə çevrildim və dinə nifrət edən adam oldum.O vaxtlar İkarus marka böyük avtobus sürürdüm. O bölgədəki bəzi din xadimləri və din müəllimləri mənim avtobusumla həccə gedəcəklərini dedilər. Avtobusu yola hazırlamaq üçün xeyli xərc qoydum. Getməyə bir həftə qalmış işin içində bəzi ticari qaranlıq məsələlər olduğunu gördüm. Nəhayət, bu işə bulaşmamaq üçün aradan çəkildim və bu səfərə qatılmadım. Mən onlara çox güvənmişdim. Danışanda elə danışırdılar ki, deyirdim bunlardan daha gözəl insanlar ola bilərmi?! Ancaq işin axırında məni elə yerdə qoydular ki, bir daha o tərəfə yönümü çevirmədim”. Mən də öz növbəmdə hər kəsin səhvi ola biləcəyini, yəqin ki, bilmədiyin bəzi məqamların ola biləcəyini deyərək onu sakitləşdirməyə çalışdım. Çalışdım, amma cavabımın onu nə qədər qane etdiyini də bilmirəm. Avtobusdan Yevlaxda endim və oradan Gürcüstana çatana kimi bu söhbət beynimdən çıxmadı ki, çıxmadı. Bir avtobus sürücüsü on il əvvəl olan söhbəti hələ də içində bir qara yara kimi daşıyırsa, din xadimlərinin daşıdığı məsuliyyətin nə qədər böyük olduğunu düşündüm.Məsələnin sadəcə danışmaqla deyil, təmsillə həll olunduğunu bir daha dərk elədim. Könül qırmağın necə də sağalmaz bir yara olduğunu və onun fəsadlarını daha yaxından gördüm. Düşündüm ki, görəsən, biz nə qədər müsəlmanıq, nə qədər möminik? Uca kitabımızdakı vədlərin, Hz. peyğəmbərin hədislərindəki müjdələrin çoxunun “mömin” ibarəsi altında cəm edildiyini düşünəndə, - görəsən, həqiqi möminlər kimlərdir sualı bir daha ağlıma gəldi. Görəsən,Peyğəmbər (s.ə.s) möminin kim olduğunu bildirən hədislərdə nə demək istəyirdi? Suallarımın nəyə yönəldiyinin anlaşılması üçün bir neçə hədisi nümunə göstərim:
“Sizdən biriniz özü üçün istədiyi şeyi (din) qardaşı üçün də istəməsə iman etmiş olmaz”.
“Müsəlman, digər müsəlmanlara əli vəya dili ilə ziyan verməyən kimsədir”.
“Qonşusu ac ikən özü tox yatan mömin (iman sahibi) deyildir”.
“Bir kimsənin qonşusu onun şərindən əmin deyilsə, o kimsə mömin (iman sahibi) deyildir”.
“Əmanətə riayət etməyənin imanı yoxdur”.
“Mərhəməti olmayanın imanı olmaz”.
“Bizi aldadan bizdən deyil”.
“Elm öyrənməyən bizdən deyil”.
Bir çoxumuz bu hədislərin belə bir tərcüməsini görməyib, elə deyilmi? Kitablarımızda belə hədisləri “mömin deyil” yerinə “kamil bir mömin olmaz” şəklində tərcümə edilmiş halda görürük. Səbəbi: kəlmə - kəlmə tərcümə etsək, çoxumuz iman dairəsindən kənarda qalmış olarıq. Bu halda mömin olmamaq iman sahibi olmamaq, yəni imansız olmaq mənasına gələrdi. Mən də bu yumşadılmış tərcümələrlə razılaşıram, amma ara-sıra oturub fikirləşmək də lazımdır. Bəlkə də Peyğəmbər (s.ə.s) bu sözləri deyərkən elə o kəlmə mənasını nəzərdə tuturdu?!
Yazımın başında nəql etdiyim hadisənin də elə əsl səbəbi din xadimi olaraq həyat tərzi seçmiş qardaşlarımızın bəzi hərəkətlərinin sözünü etdiyimiz kəlməyə sığmamasıdır. İman işini, axirət sərmayəsini şansa buraxmaq olmaz. Odur ki, məncə belə ifadələrə sahib olan hədisləri bir daha qabağımıza qoyub götür-qoy eləmək məcburiyyətindəyik: biz bu hədislərin harasındayıq, görəsən, həqiqətən biz də möminikmi?
ŞƏRHLƏR