Tövhid və Şəhadət

Tövhid və Şəhadət

İnsanın yer üzündə ilk vəzifəsi iman etməkdir. İmanın ilk şərti və ilk qapısı da “Tövhid” və “Şəhadət” kəlmələridir. Kim səmimi qəlbdən və inanaraq “Lə iləhə illallah, Muhammədun Rəsulullah” deyərsə, mömin və müsəlman olar. “Allahdan başqa ilah olmadığını və Hz. Muhəmmədin (s.ə.s) Allahın elçisi olduğunu” ifadə edən bu kəlmə kainatın ən uca və ən qiymətli kəlməsidir.

Göründüyü kimi tövhid və şəhadət kəlmələri iki hissədən ibarətdir:

Birinci hissə Allaha imanı, ikinci hissə isə Hz. Muhəmmədin (s.ə.s) Peyğəmbər olduğuna imanı ifadə edir. Yəni Allaha inanan bir kəsin Peyğəmbərə də inanması vacibdir. Bir şəxsin bu iki kəlməyə inanması imanın digər bütün şərtlərinə inanması deməkdir. Belə imana da “icmali” iman deyilir.

Allaha iman ilə Hz Peyğəmbərə (s.ə.s) iman bir-birindən ayrılmazdır. Tövhid və şəhadət kəlmələri yoxdursa, iman da yoxdur. İmanın olmadığı bir könül, imanın olmadığı bir dünya qaranlıqdır. Ən xoşbəxt insanlar könüllərini imanla nurlandıranlardır. Buna görə də könülləri və dünyanı nurlandıran imanla Allaha qulluq etmək, Allahın əmrlərini yerinə yetirmək hər bir müsəlmanın əsas vəzifəsidir. Gözlərində pərdə olan, qəlblərinə möhür vurulmuş, “qəlbim təmizdir, namaza və ibadətə ehtiyac yoxdur”-deyənlərin qəlbləri və dünyaları qaranlıqdır. Çünki onlar imanı sönməkdən qoruyan ibadəti tərk etmişlər.

Uca Allah Qurani Kərimdə belə buyurur: “Allahdan başqa heç bir ilah yoxdur. (Bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi və əzəli varlıq Odur”.(Bəqərə255) Başqa bir ayəti-kəlimədə isə belə buyurur: “Göydə də, yerdə də İlah odur. O, hikmət sahibidir, (hər şeyi) biləndir”. (əz-Zuxruf 84).

Şəhadət kəlməsini söyləyən kəs Allaha bu cür söz vermiş olur: “Allahım, məni yaradan və yaşadan Sənsən. Ən böyük Sənsən. Hakim Sənsən. Halal və haramı bildirən Sənsən. Mən sənin qulunam.Yalnız sənə qulluq edəcək və yalnız səndən yardım diləyəcəyəm. Əmrləri yerinə yetirəcək və qadağalardan çəkinəcəyəm. Həyatımın hər anını Sənə iman və qulluq edərək keçirəcəyəm”.

Rasulullah (s.ə.s) bir hədisində belə buyurur: “Kim Allahdan başqa ilah olmadığına və Hz Muhəmmədin (s.ə.s) Allahın elçisi olduğuna şəhadət edərsə, Allah ona cəhənnəmi haram qılar və o cənnətə girər”. (Müslim, İman 44, 47). Uca Allah cümləmizi, son kəlməsi “Lə  iləhə illəllah” olanlardan və cənnətinə girənlərdən eləsin. Amin.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz