Namaz və Şeytan
Heç birinin dəstəmazı hələ pozulmamışdı. Kişi çay içən arvadına “Getdim zöhr namazı qılmağa”, – dedi. Cavabında arvadı: “İkicə dəyqə gözlə, çayı içim, bir yerdə qılarıq” – dedi. Əri heç nə demədi, daxilən mızıldandı, namazı tək qılmaq istəyirdi, “Gərək, buna deməyəydim ki, namaz qılacam”. Eyni zamanda arvadının birgə namaz qılmaq təklifinə “Yox” da deyə bilmədi, masaya dirsəklənib arvadının çayını içib qurtarmasını gözlədi...
“Allahu Əkbər”, – təkbir deyib, kişi eyni zamanda hər iki əlinin baş barmağını sağ və sol qulağının dibinə aparıb birinci rükətə başladı. “Fatihəni” oxudu, sonra “Zeytun” surəsinə keçdi. Kişi ürəyində surənin sözlərini desə də beyninə məişət, qeyri-məişət, qayğılı, qayğısız fikirlər qırıq-qırıq dolmağa başladı. “İşdən sonra sabah bulvara tək gedim, yoxsa arvadnan?”, “İşdən qayıdanda Tarkoviskinin kinoları olan diski alım, ya yox? Bir də, maaşı on gündən sonra alacam, məndə əlli manat qalıb, dörd manat diskə versəm, qırx altı manat, görən, on günə bəs edər? İki kilo ət alacam sabah, on dörd manat çıx, qalanını meyvə tərəvəz, yox disk almayım, qalsın maaş alana...” Rüku və səcdədə ümumiyyətlə, heç nə barədə düşünmədi.
İkinci rükətə keçdi, “Fatihənin” ortasında yenə namaza olan diqqəti yayındı. “Sabah ağır gündü, üç mühazirə dalbadal, universitetdən çıxıb o biri işə qaçmaq. Nə pis şeydi iki yerdə işləmək. Min manat maaş alsaydım, amma bir yerdən, onda elə bir yerdə də işləyərdim. Daha ora-bura qaçmazdım”. “İqra” surəsinə keçdi.... “Arvad da çox qısqancdı, bilir ki, mən zina eləmirəm, yenə qısqanır, qısqanır. Yaxşı ki, boynuna alır ki, səhv eliyir. Pulum olsaydı, ikinci arvad da alardım. Amma dul, qız uşağı yox, ya da boşanmış müsəlman xanım.... Görəsən, yuxarı mərtəbədəki gəlinin əri var? Nədənsə yanında kişi görməmişəm... Amma uşağı var. Eee, qayğılı arvad elə mənə qalıb, imkanlı kişi tapıb ərə getsin də. Allah xoşbəxt eləsin. Üstəlik, bəlkə də heç möminə deyil... Sabaha hansı şalvarı geyinim, cinsi yoxsa qara şalvarı?” Şalvar məsələsi oturub təşəhhüdü oxuyanda yadına düşmüşdü. “Allahu Əkbər” deyib üçüncü rikətə başladı, “Fatihə”də sabah qalstuk taxıb-taxmamaq barədə fikirləşdi, yadına düşdü ki, bir məsələylə bağlı rektorun qəbulunda olmalıdı və üçüncü rükətin səcdələrindən sonra dördüncü rükətə qalxmaq əvəzinə səhvən təşəhhüdü oxumağa başladı, “Şəhadətin” yerində (“Əşhədu ən lə iləha illəllah əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluhu”) birdən səhv qılıb-qılmadığına tam əmin olmadığını hiss etdi. Sağ və sol çiyninə “Əssəlamu aleykum və rəhmətullah” deyəndən sonra arvadına tərəf çevrilib soruşdu:
- Ay arvad, sənə elə gəlmədi ki, mən səhv qıldım?
- Səhv? Yoox, düz qıldın.
- Əminsən? Bəlkə səhv səcdəsi etməli idik?
- Sənə elə gəlmədi ki, mən dörd əvəzinə üç rükət qıldım? – bic-bic qımışdı, yəni deyəsən, sənin də fikrin başqa yerdəydi deyə rükuya, səcdəyə gedəndə rükətləri saymamısan.
- Yox, dörd rikət qıldın... – bunu deyəndə qadın gülümsəmədi, yəni sənin bic-bic gülümsəməyinin mənasını guya anlamadım.
Kişinin birdən yadında düşdü ki, səhv səcdəsinin qaydasını bilmir, yəni, lap arvadı desəydi ki, səhv qılmısan, səhv səcdəsi edə bilməyəcəkdi. Bir də, lap qaydasını bilsəydi belə, əmin deyildi ki, səhv səcdəsini camaat namazında etmək olar, ya yox. “Yox e, bunun qaydasını mütləq sabah öyrənməliyəm”. Dəfələrlə özünə söz vermişdi ki, bilən dostlardan birinə zəng edib həmin şeyi öyrənəcək, – ya yadından çıxmışdı, ya da tənbəlliyi tutmuşdu....
Ərinin arxasında durub namaz qılan qadınsa birinci rükətdə bunları düşünmüşdü: “Evin tozunu silmək təmiz yadımdan çıxıb. Bir həftədən də çoxdu polları yumamışam, indi yəqin evdəkilər qiybətimi qırır. Əuzubilləh, yenə şeytan məni namazdan ayırdı...”
İkinci rükətin ikinci surəsində ərinin pencəyi yadına düşmüşdü. ”Yuyum, yoxsa ximçitkaya verim? Yusam əziləcək, ximçistkaya versəm, baldız-çuvaldız xanım fikirləşəcək ki, qolunda bir yağ ləkəsinə görə pencəyi ximçistkaya verir, bədxərclik edir, özü yuyub təmizləməyə tənbəllik eləyir. Yaxşısı budu gizlincə heç kimə heç nə demədən sabahısı ximçistkaya aparım”. Üçüncü rükətdə sabah işlədiyi xəstəxanada şöbə müdirinin ad günü üçün həkim həmkarlarıyla birgə otuz manatdan pul yığmaqları adəti yadına düşdü. “Qələt eliyirlər, Şöləyə (hamıdan pulu yığıb şöbə müdirlərinə konverti çatdıran həkim) iyirmi manat verəcəm, deyəcəm, bundan çox verə bilmərəm. Çox o yan bu yan eləsə deyəcəm ki... deyəcəm ki... heç nə deməyəcəm, qaşqabağımı sallayıb eyni sözləri deyəcəm. Bundan artığına gücüm çatmır, vəssalam”.
ŞƏRHLƏR