BİR HƏDİS
عَنْ جَابِر بْن عَبْدِ اللَّهِ قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: "أَفْضَلُ الذِّكْرِ لَا إِلَهَ إِلَّا اللَّهُ، وَأَفْضَلُ الدُّعَاءِ الْحَمْدُ لِلَّهِ"
Cabir (r.a) belə demişdir: Mən, Rəsulullahın (s.ə.s) belə buyurduğunu eşitdim: “Zikir(lər)in ən fəzilətlisi `la ilahə illəllah`dır. Duanın ən fəzilətlisi isə `əlhəmdülillah`dır.” (Tirmizi, Dəavat, 9; İbn Macə, Ədəb, 55)
Kəlmeyi-tövhid dediyimiz və Allahdan başqa ilah yoxdur mənasına gələn la ilahə illəllah sözü imanın əsasıdır. Kəlmeyi-tövhidə inanmadan mömin olmaq mümkün deyil. Kəlmeyi-tövhidi dili ilə iqrar edib, qəlbi ilə təsdiq edən bir insan, kainatda yalnız Allahın var olduğuna, Ondan başqa ibadətə layiq bir varlıq olmadığına inandığını və sadəcə Onun qarşısında səcdəyə qapandığını ifadə etmiş olur. Peyğəmbərlər insanlara kəlmeyi-tövhidi öyrətmək üçün göndərilmiş və bu yolda canlarını belə fəda etmişdirlər. Şəhidlər kəlmeyi-tövhid uğrunda heç tərəddüd etmədən son nəfəslərinə qədər savaşmışdırlar. La ilahə iləllah zikri bu və buna bənzər səbəblərdən dolayı ən üstün zikirlərdəndir. Alimlərdən bəziləri kəlmeyi-tövhidin insanın daxilindəki pis xüsusiyyətləri və nöqsanları yox etmə gücünə sahib olduğunu və bu səbəblə də ən fəzlilətli zikir sayıldığını söyləmişdirlər.
La ilahə iləllah zikrinin ən fəzilətli zikir olduğunu buyuran Rəsulullah (s.ə.s), bu zikir sayəsində insanın qəlbinə yalnız Allahın hakim olmağa layiq olduğuna işarə etmişdir. Yəni `La` (Yox) deyərək bu zikri dilində təkrar edən bir bəndə həyatına, ruhuna və qəlbinə Allahdan başqa heç kimin sahib olmayacağını və qəlbinin yalnız Allahın adıyla döyünəcəyini ifadə etmiş olur. Özünü Allaha xas qılmış bir qəlb heç şübhəsiz ki, şirkdən, xətadan, nöqsandan, günahdan və hər cür şeytani vəsvəsələrdən uzaq qalar. Allahdan başqa hər şeyə yox deməklə qəlbin qapılarını yalnız Allaha açmaq eyni zamanda mənəvi bir dərəcəyə yüksəlmək deməkdir. Qəlbini madiyyatdan uzaq tutmaqla mənəviyyata nail olan bir bəndə Allahın razı qaldığı bəndələr zümrəsindəndir.
Kəlmeyi-tövhidin məkanı qəlb olduğuna görə yalnız dil ilə iqrar etmək yetərli deyildir. La ilahə illəllah zikrini dili ilə söyləyib lakin bu zikrin həqiqətini dərk etməyən bir şəxs tövhid əqidəsinə tam sahib ola bilməz. Ona görə də tövhid əqidəsinə tam sahib olmaq üçün dilin zikrini qəlbin təsdiq etməsi və dilin zikrinə müxalifət etməməsi şərtdir.
Ən fəzilətli dua olan əlhəmdülillah sözünü söyləyən kimsə, ona bəxş etdiyi saysız nemətlər səbəbiylə cani qəlbdən Allah Təalanı tərifləməkdədir. Həmdin içində şükür də vardır. Daha doğrusu həmd şükrün başıdır. Allaha həmd etməyən bir kimsə eyni zamanda Ona şükür etmir deməkdir. Xüsusiylə bir şey yeyilib içildiyi, Allahın lütf etdiyi hər hansı bir nemətindən faydalanıldğı zaman əlhəmdülillah deyilməlidir.
ŞƏRHLƏR