YƏCUC VƏ MƏCUC
İslam əqidəsinə görə, qiyamətin böyük əlamətlərindən biri sayılan Yəcuc və Məcuc yer üzündə fitnə törədən və həqiqi mahiyyətlərini Allahın bildiyi iki qrup və ya qəbilədir. “Yəcuc” və “Məcuc” sözləri ərəb dilinə başqa bir dildən keçmişdir. (Məsələn, fransız dilində “yağuğ” və “mağuğ” deyilən bu varlıqlar şeytan nəslindən sayılırlar. Bəzi kəslər də yer üzündəki insanların onda doqquzunun Yəcuc və Məcuc olduğunu söyləmişlər). İslam əqidəsinə görə isə Yəcuc və Məcuc qiyamətin qopacağını bildirən böyük əlamətlərdən biridir. Yəcuc və Məcuc əqidəsi Kitab və Sünnə ilə təsdiq edilir. Qurani-Kərimdə Yəcuc və Məcucdan açıqca bəhs edilir:
1. “Onlar dedilər: “Ey Zülqərneyn, həqiqət budur ki, Yəcuc və Məcuc (tayfaları) yer üzərində fitnə-fəsad çıxardırlar”. (əl-Kəhf, 94)
2. “Nəhayət, Yəcuc və Məcuc (səddi) açılıb hər təpədən hücum edəcəkləri və gerçək vəd olan (qiyamət) yaxınlaşdığı zaman o küfr (və inkar) edənlərin gözləri açıq qalacaq”. (əl-Ənbiya, 96-97)
Bəzi təfsir mənbələrindən öyrəndiyimizə görə, saleh bir şəxs olan Zülqərneyn (Müxtəsəri-təfsiri-İbn Kəsir II, 433) dindar kimsədir. Bu şəxs qərb, şərq və şimal tərəfə doğru getmişdi. Şimala çatanda eşitmişdi ki, Yəcuc və Məcuc bu torpaqlara hücum edir, fitnə çıxarır, əkinləri və insanları yox edir. Orada xalqın xahişi ilə Yəcuc və Məcucun zərərindən onları qurtarmaq üçün bir sədd tikdirdi. Bundan sonra Yəcuc və Məcuc o səddi keçə bilmədilər. (bax. əl-Kəhf, 93-97)
Ənbiya surəsinin 96-97-ci ayələrindən aydın olur ki, qiyamət qopmadan əvvəl bu sədd dağılacaq. Bu iki qəbilə yer üzünə yayılacaq və bir müddət yer üzündə fitnə-fəsad törədəcəklər.
Səhih hədis mənbələrində Allah Rəsulunun (s.ə.s) belə buyurduğu rəvayət edilir:
“(İsa (ə.s) Dəccalı öldürdükdən sonra) Allah-Təala İsaya (ə.s) vəhy edərək: “Heç kimin öldürə bilməyəcəyi bəndələr yaratdım, möminləri toplayıb Tur dağına apar!”- buyurar.
Allah-Təala Yəcuc və Məcucu yer üzünə göndərər. Onlar təpələrdən sürətlə enib gedərlər. İrəlidə gedənləri Təbəriyə gölünə yaxınlaşıb gölün bütün suyunu içərlər. Arxadan gələnlər oraya çatdıqlarında: “Bir zamanlar burada çoxlu su var imiş”, - deyərlər.
İsa (ə.s) ilə yanındakı möminlər Tur dağında mühasirədə qalarlar. Onlardan hər biri üçün bir öküz başı, sizin bugünkü pulunuzla yüz qızıldan daha qiymətli olar. İsa (ə.s) ilə yanındakı möminlər bu bəladan onları qurtarması üçün Allah-Təalaya yalvararlar. Allah-Təala da Yəcuc və Məcuc tayfalarının boyunlarının arxa tərəfinə balaca qurdlar ürcah edər, hamısı bir anda ölüb gedərlər....”. (Müslim, Fitən, 110)
Hz. Peyğəmbər (s.ə.s) bildirir ki, onun dövründə Yəcuc və Məcuc səddində balaca bir deşik açılacaqdır. Bu deşik halqa şəklində, baş barmağı boyda və ya ondan bir qədər böyük olacaqdır. Zeynəb binti Cəhşə (r.anhə) istinadən deyilir ki, Rəsulullah bir gün onun yanına gəlib çox narahat bir halda deyir: “Lə ilahə illəllah, vay ərəblərin halına, şər yaxınlaşır. Yəcuc və Məcuc bəndində bu boyda deşik açılmışdır”. Baş barmağı ilə işarə barmağını bir halqa şəklində birləşdirir. Zeynəb (r.anhə) deyir: “Mən dedim: “Ya Rəsulallah! Bizim aramızda əməli salehlər də var, biz hamımız həlak olacağıq?” O dedi: “Bəli, əgər pislik və günahlar artarsa!”. (Buxari, Fitən, 4, 28; Müslim, Fitən, 1)
Yəcuc və Məcuc sayları olduqca çox olan iki xalqdır. Onlar da Adəm övladlarıdır. Hz. Peyğəmbər (s.ə.s) belə demişdir: “Uca Allah Qiyamət günü deyər: “Ey Adəm!” Adəm (ə.s) deyər: “Ləbbəyk, ya Rəbb!” Allah-Təala buyurar: “Cəhənnəmə heyətlər göndərirəm”. Adəm (ə.s) soruşar: “Cəhənnəm heyətləri nədir?” Allah-Təala buyurar: “Hər min nəfərdən doqquz yüz doxsan doqquzu oda (cəhənnəmə), biri isə cənnətə gedəcəkdir. Bu zaman kiçik böyüyəcək, doğulası hər kəs doğulacaqdır. Aranızda Yəcuc və Məcuc adlı iki millət var. Onlar yalnız sayca çoxdurlar”. (Buxari, 6/382; Hakim, “Müstədrək”, 4/490)
Əbu Hüreyrənin (r.a) nəql etdiyinə görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Yəcuc və Məcuc hər gün (səddi) qazarlar. Bu işi bir balaca günəş şüası görünənə qədər davam etdirərlər. Onların başçısı deyər: “Sabah qayıdıb yenə qazarıq!” Allah-Təala qazılmış yeri daha möhkəm bir şəkildə örtər. Nəhayət, onların vaxtı çatanda, Allah onları insanlar arasına göndərmək istəyəndə yenə qazarlar. Bu işi günəş şüası görünənə qədər davam etdirərlər. Onların başçıları deyər: “İnşallah, sabah qayıdıb yenə qazarıq!” Səhərisi onlar qazıntı yerinə qayıdanda görərlər ki, buranı dünən necə qoymuşdularsa, eləcə də qalmışdır. Oranı qazar və insanların arasına çıxarlar. Suları qurudarlar. İnsanlar qalalarda özlərini qoruyarlar. Onlar öz oxlarını göyə atarlar. Oxlar onlara qana bulaşmış şəkildə qayıdar. Belə deyərlər: “Yer üzünün sakinlərini məğlub etdik. İndi də səma sakinlərinə üstün gələk”. Allah onların boyunlarının ardına qurd salar. Bu qurd onları məhv edər, öldürər”. (İbn Macə, Fitən, 27)
ŞƏRHLƏR