İLAHİ HÜZURDA MƏKAN TUTANLAR
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “İnsan siniflərindən hər birini Biz o gün öz imamları (yəni dünyada ətəyindən tutduqları başçıları) ilə birlikdə çağıracağıq”. (əl-İsra, 71)
Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun rəsulu Hz. Muhammədə salətu-salam olsun.
Hər birimizə gün işığı kimi aydındır ki, o müdhiş qiyamət günündə ilahi ədalətin zəfər bayrağının dalğalanacağı və nəfslərimizin onu lərzəyə salacaq əməllərimizlə üzləşəcəyi meydana, yəni Rəbbimizin hüzuruna dünyada ikən sözünə, əməlinə, mənəviyyatına könül verdiyimiz imamlarımızla birgə çağırılacağımıza ayeyi-kərimə heç bir şübhə yeri buraxmamaqdadır. Əbədi təhlükəsizliyimizi təmin edəcək və bizləri dünya və axirətin min bir təhlükə ilə dolu dəhşətverici yolçuluğunda əminliklə apara biləcək bir əbədiyyət imamına bağlıyıqmı? Bağlıyıqsa, bu bağlılığın səmimiyyət və ciddiyyət dərəcəsi bizi ilahi rəhmətə və xilasa bürüyəcək səviyyədədirmi? Sualımızın cavabını Uca Allahın hüzurunda məkan tutma sevdasını həqiqətə çevirə bilən Haqq dostları könüllərə mənəvi diriliş nəfəsi bəxş edən feyzli söhbətləri ilə verə bilər. İslam aləminin mənəviyyat öndərlərindən olan Əhməd ər-Rüfai həzrətləri söhbətlərinin birində belə buyurur:
“Nuri-Muhammədinin (kainata dirilik bərəkəti saçan Haqqa oyanış) şəfəqləri sökülmüş, günəşi də doğmuşdur. Əbədi olaraq da batmayacaqdır. Kim ki, bu mübarək Rəsulun (s.ə.s) sünnəsini yaşatmaq və əmrlərini yaymaq məqsədi ilə xidmət göstərərsə, o, qurtuluşa nail olmuş və zəfəri təmin etmişdir. Onun üçün yüz şəhid savabı vardır”.
Görəsən, bu möhtəşəm rəhmət mənbəyini görməməzlikdən gələrək aləmi ədəbsiz davranışları ucbatından hərc-mərcliyin, insafsızlığın yuvası halına gətirməyə çalışan yeni dünya təfəkkürü mənsubları bu davranışları ilə Allahın (c.c) imtahan mülkündə nəyə nail olmaq ümidindədirlər? Unutmayaq ki, Muhammədi (s.ə.s) nuru pərdələmə rəzaləti Adəm övladlarını əbədi qurtuluş haqlarından məhrum etmə səylərindən başqa bir şey deyildir. Lakin Haqqın nəzdində məkan tutmuş və qiyamətə kimi bütün əsrlərdə mövcud olan Allah dostları insan övladının bu qəflətinə qarşı amansız mübarizə aparmış və bu qəflətə sarsıdıcı zərbə vurmağa müvəffəq olmuşlar. Muhammədi (s.ə.s) nurun bərəkəti ilə həyatlarına və ümmətin mənəvi yaddaşına Haqqa təslimiyyətin və Ona ülvi bir məhəbbətlə qulluğun şüarını yazmış Mövlana həzrətlərinin XIII əsrdən günümüzə kimi uzanan oyanış rabitəsi bizləri Haqqın hüzuruna dəvət edən bir rəhmət cərəyanıdır. Hz. Mövlana belə buyurur:
“(Əbədi yolçuluğa Haqqın nəzdində etibarı olanlarla çıxmağa qərarlı olan və) Allah (c.c) ilə birlikdə olmaq istəyən kəslərə söyləyin ki, Allahın (c.c) vəli qullarının hüzurunda əyləşsinlər. Çünki evliyaullah ilə mənən birlikdə olan, yükünü bir haqq dostunun nəzdinə götürən və bir vəliyə bəndə olan kəs Allah-Təalanın mənəvi birlikdəliyinə nail olmuş olar”.
Hər birimiz üçün son dərəcə böyük önəm kəsb edən bu tale yüklü məsələyə münasibət bildirən Şərani həzrətləri də belə buyurur: “Böyük İslam alimləri insanın onu Allahın hüzuruna təmiz bir qəlb aydınlığı ilə çıxmaqdan uzaq tutan mənfi sifətlərin bəlasından təmizləməyə yardım edəcək kamil bir Allah dostuna bağlanmasının mütləq bir zərurət olduğuna birlikdə ittifaq etmişlər”.
Axirət əndişəsi qəlbində yer tutmuş insan bu böyük həyat imtahanı qarşısında maddi və mənəvi bütövlüyünü Haqqın rizasını qazanma həyəcanı qarşısında cəm edərək onu bu böyük qurtuluş mücadiləsində əlindən, könlündən tutacaq və onu Allaha yönəldəcək mənəviyyat öndərini diqqətlə incələməli, bütün ehtiyat tədbirlərini nəzərdən keçirərək qərarını düzgün verməlidir. Çünki əbədi müqəddəratı verəcəyi qərardan asılıdır. Bu mərhələdə iman əhlinin imdadına yetişən və izləyəcəyi yol xəritəsini onlara incəliklə izah edən Abdulqadir Gilani həzrətləri belə buyurur: “Əgər hər hansı bir kimsə (sizləri Uca Rəbbimizin hüzuruna götürəcək doğru yolun öndəri olduğunu) iddia edərsə, fərasətinizlə anlayın ki, o, bu işdən, bu sevgidən uzaqdır. Bilin ki, iddia sahibi olmayan elə kimsələr vardır ki, Haqqın hüzurunda (Allaha dəvət məqamında) məkan tutmuşdur”.
Dünya gündəliyində qarşımızda duran ən önəmli məsələ Haqqın nəzdində qulluq etibarımızı təmin edəcək və hüzuruna varmağa vəsiqə qazandıracaq ən etibarlı istiqaməti seçməkdir. Bəndələrinə daima əvəzsiz mərhəmət yağmuru endirən Sevgili Rəbbimizin sadiq dostu İbrahim əleyhissalamın dili ilə mübarək hüzuruna yetişmə yarışında qulun seçiminin önəminə işarə edərək hər birimizi peyğəmbərimizə və onun sadiq varislərinə əbədi könül yoldaşı olmağa dəvəti və müjdəsi müstəsna bir rəhmət timsalıdır: “(İbrahim əleyhissalam dedi): “Ey Rəbbim! Onlar, ( yəni saxta istiqamət imamları, bütlər) həqiqətən çox insanı haqq yoldan azdırıblar. İndi kim arxamca gəlsə, o, sübhəsiz ki, məndəndir”. (İbrahim, 36).
ŞƏRHLƏR