ESSEVARİ FİKİRLƏR
Prototip bəzən yazıçını elə yerlərə aparıb çıxarır ki, yazmaqda olduğu əsərin müəyyən hissəsində həmin prototipə zəng edib demək istəyir ki, sən artıq mənə it zülmü verirsən, (Ya da əksinə, nə yaxşı ki, Allah səni mənim qabağıma çıxardıb).
* * *
Yazıçının öz mətnləri ilə qəribə - intim münasibətləri olur. Bir müddət keçəndən sonra ona elə gəlir ki, mətn “soyuyur”. Xeyr, o, tam “soyumur”, “istidən” “ilığa” keçir, amma mətn heç vaxt tam “soyumur”....
* * *
Yazıb bitirdiyin, amma səni qane etməyən hekayə üçün qəfil “təşrif buyuran” detalın verdiyi həzz məcazi mənada bu dünyanın cənnət həzzidir, yəqin.
* * *
İrihəcmli bir mətn işləyirəm, hal-hazırda. Əsas obrazlardan birinin prototipi, ümumiyyətlə, bu həyatda olmayıb, amma obraz o qədər canlıdır ki, elə hey təsəvvürümdə özünə yer almaq istəyir. İstəyir, deyəndə, artıq öz yerini bərkidib də.
* * *
* * *
* * *
Luis Bunuelin “Burjuaziyanın təvazökar cazibədarlığı” (1974) filmindəki Byulye Oje, Pazolinin “Mamma Roma”sındakı Bruno (Silvana Korsini) və ya bu yaxınlarda təşəbbüsümlə bizim tanınmış sənət adamlarının suallarını cavablandıran Fellininin “Amarkord”undakı Titta (Bruno Zanin) hələ də sağdır. Sonucda mənə elə gəlir ki, dünyasını dəyişmiş o rejissorlar da bir az sağdılar, tam ölməyiblər sanki. Mənimçün o dahi rejissorların ölməzliyi hardasa bu faktla bağlıdır.
* * *
Arada ədəbiyyat adamlarından tez-tez nəsr mətnlərində ilk cümlənin möhtəşəm-filan olmasının vacibliyi qeyd edilir. Dini terminologiya ilə belə demək olar: ilk cümlənin, ya abzasın uğurlu olması müstəhəbdir, fərz deyil.
* * *
Ədəbiyyat adamlarından kimsə deyib: “Ad əsərin az qala yarısıdır”. Ola bilsin, bu, şişirtmədir. Ancaq uğurlu ad əsərin cəlbedici olmasının əsas şərtlərindən biridir. Bayağı ad (Tutaq ki, “Xoşbəxt günlər” və ya “Göydəki ulduzlar”) səviyyəli oxucunu itələyir, nəzərə alsaq ki, oxucuların əksəriyyəti aldığı kitabı səhifələməyə başlayanda öncə mündəricata baxır. Amma eyni zamanda uğurlu adın altında həm də uğurlu mətn olmalıdır, yəni oxucu mətni oxuyandan sonra deməməlidir ki, heyf əsərə verdiyin o ada, ay yazıçı.
ŞƏRHLƏR