İSTİFADƏ ET, ASILI OLMA!

İSTİFADƏ ET, ASILI OLMA!

İnsanlıq tarixi müxtəlif illərdə bir çox inkişaf mərhələlərinə qədəm qoymuşdur. Bunlar 1712-ci ilə təsadüf edən və buxar maşınının kəşfi ilə başlayan birinci, 1860-1914-cü illər arasında ucuz polad istehsalının əldə edilməsi ilə başlayan ikinci, 1976-cı ildə Apple kimi böyük texnologiya  nəhənglərinin ortaya çıxıb texnoloji yeniliklərə imza atması ilə başlayan üçüncü və nəhayət, son illər istehsalın tamamilə robotların əlinə keçməsi ilə başlayan və süni intellektin aktuallığını qoruduğu dördüncü sənaye inqilabıdır. Burada hər inkişaf mərhələsində insanlığın nələr qazanıb, nələr itirdiyi haqqında danışmayacağam. Bu dəfə üzərində durmağa çalışacağım mövzu, bütün sahə və sferalarda həyatımızı hörümçək toru kimi öz ağuşuna almış texnologiyanın həyatımızda yaratdığı aludəçilik və bu aludəçiliyin səbəb olduğu psixoloji problemlər olacaqdır.

Texnologiya və ya internet asılılığı hər nə qədər Psixi Pozğunluqların Diaqnostik və Statistik Təlimatına (DSM-5) görə bir xəstəlik kimi müəyyən edilməsə də, bu asılılıq növünün də insan psixologiyasına kifayət qədər mənfi təsirlərini ortaya qoyan tədqiqatlar var. Tədqiqatlar göstərir ki, texnologiya asılılığı insan psixikasına və davranış şəkillərinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərdiyi kimi, beyin fəaliyyətinə də ən azı bir dərman preparatı və ya spirtli içki asılılığı effektini verir. Texnologiya asılılığı insanlarda daha çox problemli internet istifadəsi, kompüter asılılığı, internet asılılığı, kompulsif internet istifadəsi olaraq müşahidə edilir. Bu asılılıq səviyyəsi isə video oyunlar, pornoqrafik videolar, sosial media, onlayn qumar oyunları vasitəsi ilə daha da yüksəlir.

İnternet və texnologiyanın həyatımızda nə qədər böyük bir rol oynadığını nəzərə alsaq, onun yaratdığı problem və patologiyaları müəyyən etmək də bir o qədər çətinləşir. Çünki bu asılılıq növü hər insanda fərqli vərdişləri ortaya çıxartmaq iqtidarındadır. Bəzi insanlarda əhvali-ruhiyyənin aşağı olması, internetdə keçirdiyi vaxtı idarə edə bilməməsi, özünü xoşbəxt hiss edə bilməsi üçün daha çox oyun oynamağa ehtiyac duyması kimi psixoloji simptomlar özünü göstərdiyi halda, bəzi insanlarda da real sosial münasibətlərdən uzaqlaşıb virtual sosial münasibətlərə istiqamətlənmək, iş və ailə həyatına laqeydlik kimi simptomlar ortaya çıxır. Onu da qeyd etmək lazımdır ki, texnologiya asılılığı depressiya, stress və yuxu pozğunluğu kimi digər problemlərə də yol aça bilir.

Bir insanın internet və texnologiya asılısı olaraq risk qrupuna daxil olub-olmamasını müəyyən etmək üçün bir neçə qiymətləndirmə vasitəsi var. Bu testlər internetdən asılılığınızı ölçmək üçün davranışlarınızı müəyyən bir miqyasda qiymətləndirməyinizə şərait yaradır. Buna misal olaraq Dr. Kimberly Youngun 20 sualdan ibarət olan “İnternet asılılığı” testini göstərə bilərik. Testin nəticələri 20-100 bal arasında dəyişir, testdə nə qədər yüksək nəticə göstərilərsə, asılılıq səviyyəsi bir o qədər yüksək sayılır.

İnternet aludəçiliyi yüksək qiymətləndirilən insanlara isə müəyyən müalicə metodları tövsiyə olunur. İlk olaraq onu qeyd etmək lazımdır ki, digər asılılıq müalicələrindən fərqli olaraq, tədqiqatçılar internetdən tamamilə uzaq qalmağın təsirli olmadığı qənaətindədirlər. Bunun əvəzinə internet asılılığının müalicəsi vaxtın idarə edilməsinə, istifadəni balanslaşdırmağa və ya nəzarətdə saxlamağa yönəldilməlidir. Asılılığın səbəbi müəyyən edildikdə isə həmin səbəblərin qarşısının alınması daha məqsədəuyğun qəbul edilir.

Bundan başqa, internet asılılığından qurtulmaq üçün qeyri-medikamentoz və medikamentoz müalicə metodları da mövcuddur.  Qeyri-medikamentoz müalicə vasitələrindən hesab olunan psixoloji terapiya dərman, alkoqol və yemək problemlərinin müalicəsində effektiv bir yol olaraq qəbul edildiyi kimi, internet asılılığında da müsbət nəticələr ortaya qoya bilər. Psixoloji terapiya olaraq “Motivasiya müsahibəsi” (Motivation interview): yeni davranış bacarıqlarını öyrənməyə kömək edən bir texnikadır. Bu metodla siz asılılıq davranışlarından uzaqlaşa və onun yaratdığı problemlərdən tamamilə qurtula bilərsiniz. Bundan başqa, “Həqiqət terapiyası” (Reality therapy): davranış dəyişiklikləri ilə həyatınızı yaxşılaşdırmağı təşviq edir. Siz və terapevtiniz vaxtın necə idarə olunacağını və alternativ fəaliyyətlər tapmağı öyrənmək üçün çalışırsınız. Tədqiqatlar bu üsulun Koreyanın 25 universitet tələbəsində internet asılılığını təsirli bir şəkildə azaltdığını və özünəinamı yaxşılaşdırdığını göstərir. “İdrak və davranış terapiyası” (Cognitive and behavioral therapy) isə: düşüncə tərzində sağlam olmayan nümunələri ortaya çıxartmaq və sağlam düşüncə və davranışlar yaratmaq üçün uyğun yolları tapmaqda məqsədyönlü bir müalicə metodudur.

Bundan başqa, tibbi yanaşma olaraq internet aludəçiliyi ilə birlikdə depressiya və gərginlik halı simptomlarının inkişafı əsnasında həkiminiz selektiv serotonin reabilitasiya inhibitorları (SSRI) - eskitalopram, bupropion, metilfenidat, citalopram, naltrekson - təyin edə bilər. Tədqiqatlar göstərir ki, SSRI-lər ümumi internet istifadəsi, video oyun əyləncələri və alkoqol içkiləri aludəçiliyinin azalmasına kömək edir. Bu preparatlar eyni zamanda əhvali-ruhiyyənizin yaxşılaşmasına və motivasiyanızın artmasına dəstək ola bilər.

Son olaraq, unutmayın, asılılıq ağılın və iradənin fəaliyyətini məhv edir. Özünüz olmaq istəyirsinizsə, asılı olmaqdan uzaq durun.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz