SUAL? - CAVAB!
Sual: İslamda siqaret çəkməyə necə baxılır? İşlətdiyimiz mağazada siqaret satmaq olarmı?
Cavab: Əvvəla qeyd edək ki, siqaret və ya tütün Həzrət Peyğəmbər (s.ə.s) və səhabə dövründə, yaxud müctəhid olan fəqihlər dövründə olmadığı üçün, onun barəsində birbaşa nə bir ayə, nə bir hədis, nə də məzhəb alimlərinin ictihadları vardır. Məlum olduğu kimi, tütün ilk dəfə Amerikadakı Antil adalarından birində tapılmışdır. Məhz bu səbəbdən siqaretin caiz olub-olmadığı hökmünü ortaya qoymaq üçün, sonrakı İslam alimlərinin, xüsusilə də tibb elminin siqaretin zərərləri ilə bağlı apardığı tədqiqatlara müraciət edən və bunun əsasında fitva verən müasir İslam alimlərinin fikirlərinə nəzər salmaq lazımdır.
Zəmanəmizdə tibb elmi tərəfindən aparılan tədqiqatlar nəticəsində tütünün insan orqanizminə verdiyi zərərlər təfərrüatı ilə ortaya qoyulmuşdur. Belə ki, içəri çəkilən tüstü ağciyərin çəpərindəki hüceyrələri zədələyərək qalınlaşdırır. Hüceyrələrin elastikliyi öz əhəmiyyətini itirdiyi üçün bərk öskürmə və asqırma nəticəsində həmin divarlar partlayaraq, artıq öz funksiyasını yerinə yetirməz vəziyyətə gəlir. Daxilə çəkilən siqaret tüstüsü damar divarlarının qalınlaşmasına səbəb olur və damar sərtləşməsini sürətləndirir. Bundan əlavə, siqaretin ağciyər xərçənginə tutulma ehtimalını iyirmi dəfə artırdığı və infarkt riskini iki dəfə çoxaltdığı, xroniki bronxit və digər xəstəliklərə səbəb olduğu tibb elmi tərəfindən aparılan tədqiqatlar nəticəsində sübuta yetirilmişdir. Tütündəki nikotin artıq dərəcədə zəhərli bir maddədir. Az miqdarda qəbul olunduqda belə, insanda stimullar əmələ gətirir, müxtəlif toxumaların sekresiyalarını artırır, qan təzyiqini yüksəldir. Siqaret tüstüsündən zəhərlənmə olmamasının səbəbi siqaretin yanması əsnasında tütündə mövcud olan nikotinin 1/3 – 1/7 – nin istiliyin təsiri ilə buxarlaşaraq tüstü ilə getməsi, geri qalanın da yalnız kiçik bir qisminin divarlara və qana çatmasıdır.
Odur ki, insan sağlamlığı üçün bu qədər mənfi təsiri olan siqaretin hökmü mövzusunda cahanşümul din olan İslamın fikir səsləndirməsi labüddür. Əvvəlki əsrlərdəki İslam hüquqşünaslarının əksəriyyəti siqaret haqqında ayə və hədis olmadığına və yuxarıda qeyd olunan zərərlərindən də xəbərsiz olduqlarına görə, “əşyada əsas olan mübahlıqdır” qaydasına əsasən siqareti mübah (halal) hesab edirdilər. Lakin günümüzdə siqaretin zərərsiz olduğunu iddia etmək tibbi nöqteyi-nəzərdən qeyri-mümkün olduğuna görə, bunun mübah olduğu fikrini irəli sürmək qətiyyətlə düzgün deyildir. Vurğulamaq lazımdır ki, zərərin dərhal və ya tədricən gerçəkləşməsi nəticəni dəyişdirmir. Həmçinin siqaret çəkən insan həm özünə, həm də ətrafına zərər vermiş olur. Həzrət Peyğəmbər (s.ə.s): “Həm zərər vermək, həm də zərərə qarşı zərərlə cavab vermək qadağan edilmişdir”, (İbn Macə, Əhkam, 17; Malik, “Müvəttə”, Əqziyə, 31) – buyuraraq, bir şəxsin nə özünə, nə də başqasına zərər verməsinin yolverilməz olduğunu vurğulamışdır. İslam ağıl, din, mal, həyat və nəsil olmaqla beş dəyəri qorumağı əsas məqsəd kimi qəbul etmişdir. Beləliklə, həyatı və sağlamlığı qorumaq, eləcə də bunun üçün lazımi tədbirləri görmək dinin ən mühüm məqsədlərindən biridir. Uca Allah Bəqərə surəsinin 195-ci ayəsində belə buyurur: “...Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq edənləri sevir”. Başqa bir ayədə belə buyurur: “...Özünüzü ödürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir” (ən-Nisa, 4/29). Əraf surəsinin 157-ci ayəsində isə belə buyurur: “...O peyğəmbər onlara yaxşılığı əmr edər, pis işləri qadağan edər, təmiz nemətləri halal, murdar şeyləri isə haram edər”.
Bu xüsuslar əsasında müasir İslam alimlərinin əksəriyyəti siqaretin insan orqanizminə və ətraf-mühitə verdiyi ziyanı və zərərləri nəzərə alaraq, siqaret çəkməyin haram olduğuna, eləcə də caiz olmayan bir şeyin satışının da caiz olmadığına qərar vermişlər.
Sual: Sulu qəlyan çəkmək olarmı?
Cavab: Əvvəla qeyd edək ki, aparılan tədqiqatlar nəticəsində sulu qəlyanın siqaretdən daha zərərli və daha təhlükəli olduğu müəyyən edilmişdir. Mütəxəssislərin rəyinə görə, bir dəfə sulu qəlyan istifadəsi 50 siqaret çəkməklə eynidir. Qəlyanın tərkibində olan nikotin siqaretdən qat-qat çoxdur. Sulu qəlyan çəkən zaman sudan keçən tüstünü xaricə çıxarmaq üçün daha çox güc sərf edilir. Bir saat qəlyan çəkən zaman insanın ciyərlərindən bir siqaret çəkən zamana nisbətən təxminən 100-200 dəfə daha çox tüstü keçir. Nəzərə almaq lazımdır ki, su tüstünü zərərli maddələrdən tamamilə təmizləmir və həmin maddələr ciyərin daha dərin qatlarına gedir. İnsan orqanizminə düşən kömür hissələri yanaraq dəm qazı ifraz edir. Qəlyan çəkən zaman baş gicəllənməsi və ürək bulantısı da bununla bağlıdır. Belə olan təqdirdə sulu qəlyanın çəkilməsi ağciyərlərin, ürək-damar sisteminin xəstəliklərinə və həmçinin sağalmaz xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər. Bundan əlavə, insanlar arasında bir sıra yoluxucu xəstəliklərin yayılmasına səbəb olduğu üçün sulu qəlyan əsl təhlükə mənbəyi hesab olunur.
Odur ki, dinimizə görə, sulu qəlyandan istifadə etmək qəti şəkildə yolverilməzdir və halal deyildir.
ŞƏRHLƏR