ÜÇ SUAL
Bir nəfər məşhur filosof Sokratın yanına gəlib deyir: “Sənin dost saydığın filankəs haqqında bəzi şeylər eşitmişəm. İstəyirəm bunları sənə xəbər verim ki, dostunu yaxşı tanıyasan”.
Sokrat onun xahişinə münasibət bildirməzdən qabaq deyir: “Tələsmə, eşitdiklərini mənə danışmağa vaxtın olacaq. Amma istəyirəm bundan əvvəl sənə üç sual verib cavabını öyrənim. Əgər məsləhət olsa, dostum haqqında bildiklərini mənə deyərsən”.
Həmin adam razılaşıb Sokratın suallarını gözləyir. Sokrat birinci sualı verir: “Mənə deyəcəyin məsələnin düzgün olduğunu yəqin bilirsənmi? Bunu öz gözlərinlə görmüsən, yoxsa başqasından eşitmisən?”
Adam cavab verir: “Düzünə qalsa, tam doğru olmasına yəqinliyim yoxdur. Mənə bunları bir nəfər danışıb”.
Sokrat deyir: “Yaxşı, deməli, deyəcəyin sözün tam doğru olduğunu bilmirsən. Böyük ehtimalla yalan və iftira da ola bilər. Onda ikinci sualıma cavab ver. Sən dostumun yaxşı bir cəhəti haqqında mənə danışmaq istəyirsən, yoxsa onun pis bir hərəkətini, ya sözünü xəbər verməyə gəlmisən?”
Adam cavab verir: “Əslində onun çox pis və yaraşmayan bəzi hərəkətlərindən səni xəbərdar etmək niyyətindəyəm. İstəyirəm biləsən ki, özünə dost saydığın şəxs necə pis adamdır”.
Sokrat nəticə çıxarır: “Deməli, sən mənə o adam haqqında pis bir fikir söyləmək istəyirsən, amma bunun doğru olduğuna özün də inanmırsan. Elə isə son sualıma cavab ver. Görək, həqiqətən, eşitdiklərini söyləməyə ehtiyac varmı? De görüm, deyəcəyin sözün mənə bir xeyri dəyəcəkmi? Bu söz məni sevindirəcək və ya mənə faydalı olacaqmı?”
Adam cavab verir: “İnanmıram ki, bu sözdən sevinəsən, ya sənə bunun bir faydası olsun. Dostunun pisliyi haqqında deyilən sözə necə sevinə bilərsən?!”
Sokrat verdiyi sualların cavabına yekun vuraraq deyir: “Əgər deyəcəyin söz doğru deyilsə, yaxşı bir söz deyilsə və mənə faydası dəyəcək bir söz deyilsə, bunu niyə mənə danışasan ki? Məntiqlə düşünsək, ağıllı adam vaxtını bu cür söhbətə qulaq asmağa sərf etməz. Mən bu söhbəti eşitmək istəmirəm”. Sokrat bunu deyib söhbəti bağlayır.
Böyük filosofun bu hərəkəti bizlərə gözəl bir ibrət ola bilər. Əgər ürək bulandıran, qara yaxan söhbətlərə qulaq asmazdan əvvəl bu sualı verib cavabını araşdırsaq, bəlkə də, o söhbətlərin əksəriyyətini eşitməyə ehtiyac qalmadığı bizə aydın olar. Bu halda həm vaxtımızı mənasız işlərə sərf etməz, həm qeybətə qulaq asmaq günahından qurtular, həm də bir çox dostumuz haqqında əbəs yerə bədgüman olub onları itirmərik.
Ən ideal insan
Psixiatriya xəstəxanasında iki nəfər bir-biri ilə söhbət edirdi. Biri o birisindən soruşdu: “Nə üçün buradasınız?”
Həmin adam üzünü sual soruşana tərəf tutub cavab verdi: “Hər kəsin məndən olmağımı istədiyi insan ola bilmədiyim üçün”.
“Anlamadım, nə demək istəyirsən?”
“Atam mənimlə fəxr etmək üçün çox yaxşı şagird olmağımı istəyirdi, amma mən yaxşı qiymətlər almadığım üçün mənim kimi övladı olduğuna görə utanırdı. Mənim orta səviyyəli bir şagird olmağımı qəbul etmədiyi üçün tənbəllikdə ittiham edirdi. Çünki “onun övladı” çox insan kimi “adi” ola bilməzdi. Bir gün məni ova apardı. Oğlunun əsl kişi olduğunu sübut etmək üçün məndən bir ceyranı tüfənglə vurmağımı istədi”.
Özü də yaxşı ovçu olan digəri ondan soruşdu: “Neçə xal aldın?”
“Heç nə… Ağlamağa başladım və atam məni bir də heç vaxt ova aparmadı. Atam mənim onun kimi vəkil olmağımı istəyirdi. Babam isə özü kimi dülgər. Amma anam dayım kimi bank işçisi olmağımı istəyirdi. Nənəm isə din xadimi olmağımı istəyirdi. Məhəlləmizin mollası mələk kimi qüsursuz olmağımı, dostlarım isə film aktyorlarına oxşamağımı istəyirdi. Nişanlım hər şey olmağımı istəyirdi. Atası isə qızının gözündə qiymətdən düşməsin deyə mənim “heç nə” olmağımı arzulayırdı. Televiziya proqramları içkidən istifadə etməyim, avtomobillərə və siqaretə aludə olmağım üçün məni həvəsləndirir, “xəbərlər” isə belə şeylərdən uzaq olmağımı istəyirdi”.
Bu sözlərdən sonra bir qədər duruxdu: “Üzr istəyirəm, sizi də narahat etdim. Mən bir ildir buradayam və artıq dəqiq bilirəm ki, dəli olmaq istəmirəm. Siz nə qədər vaxtdır buradasınız?”
“Mən buraya öz qohumumu görmək üçün gəlmişəm”.
“Hə başa düşdüm, siz də divarın o biri tərəfindəki dəlixanada yaşayırsınız!..”.
Gəlin, doğmalarımızı bizim ağlımızdakı “ideal” insan olmağa məcbur etməyək. Unutmayın, bizim ideal insan kimi düşündüyümüz bir stereotip heç də əsl ideal insan demək deyil. Dünyanın ən ideal insanı özü kimi olmağı bacaran insandır.
ŞƏRHLƏR