HƏR ŞEYİN HƏDDİ VAR
Yaşadığımız həyatda hər şeyin həddi-hüdudu, öz cızığı və sərhədi var. Bu hüdudların tapdanması, təcavüz edilməsi və pozulması halında narahat olar, müdafiəyə qalxar və hətta döyüşməyi gözə alarıq. Elə sərhədlər də var ki, uğrunda canımızı belə fəda edərik. Məsələn, şəxsiyyətimizin sərhədi olan məhrəm sərhədimiz; bu bizim məhrəm sahəmizdir. Heç kimlə paylaşmaz və heç kimin çeynəməsinə razı olmarıq. Ailəmizin məhrəm sərhədləri var. Kəm gözlərdən qoruyar və bu uğurda malımızla, canımızla ona qarşı sipər olarıq. İçində yaşadığımız vətənimizin də sərhədi var. Bu uğurda fəxrlə mübarizə aparar, şəhidlər verərik.
Bütün bu sadaladığımız sərhədlərin müəyyən edilməsində fitrət, ağıl, hiss, adət-ənənə və s. faktorların təsiri olmuşdur. Bunlarda bəzən düzgün isabət edilmə olduğu kimi, yanlış mövqelər və həddi aşmalar da olmuşdur. Bu səbəbdən Rəbbimiz öz rəhmətiylə həyatımızın hər sahəsinə uyğun qırmızı cızıqların nələr olduğunu bizə xəbər verərək bunların aşılmamasını istəməkdədir.
Allah-Təalanın qoyduğu bu hüdudlar Qurani-Kərimdə “Hüdudullah” deyə keçməkdədir: “Bunlar Allahın hüdudlarıdır (hökmləridir). Onlardan kənara çıxmayın!” (əl-Bəqərə, 229). Bu hüdudları qoruyan qullarını da Rəbbimiz mədh edərək müjdələmişdir.
Hz. Peyğəmbər (s.ə.s) bir hədisində belə buyurur: “Həqiqətən, halal da bəllidir, haram da. Onların arasında (halal və ya haramlığı bəlli olmayan) şübhəli şeylər vardır ki, bir çox insanlar bunu bilməzlər. Kim şübhəli şeylərdən çəkinərsə, dinini və namusunu qorumuş olar. Kim də şübhəli şeylərə düşərsə, harama düşmüş sayılar. Onun halı qoruğun ətrafında sürüsünü otaran çobana bənzəyir ki, az qala (sürü) qoruğa girsin. Bilin ki, hər bir hökmdarın qadağa bölgəsi (qoruğu) vardır. Allahın qoruğu isə Onun qoyduğu qadağalardır (haramlardır). Bunu da bilin ki, bədəndə bir ət parçası var. Əgər o sağlam olarsa, bütün bədən də sağlam olar. Yox əgər o fəsada uğrayarsa, bütün bədən də fəsada uğrayar. Diqqət edin, o (ət parçası) qəlbdir”. (Buxari, Müslim)
Allah-Təalanın qoyduğu hüdudlar haram hüdudlardır. Bu sərhədə yaxınlaşmaq belə təhlükəli görülmüşdür. Bu sərhədlərin qorunmasından məsuluq. Burada iki cəbhədən söhbət gedir:
1. Öz nəfsimizə qarşı ilahi hüdudları qorumaq
2. Başqalarının bu hüdudları pozmasına mane olmaq.
Əvvəlcə insan özü bu sərhədləri keçməmək üçün çalışmalıdır. Çünki bəzi arzularımız, hərisliyimiz və mənfəətlərimiz bizi bu sərhədləri aşmağa məcbur edə bilir, sərhəd tanımaz edir. Allah-Təala belə buyurur: “Allahın müəyyən etdiyi hədləri aşan kimsə özünə zülm etmiş olar”. (ət-Talaq, 1)
İnsan oğlunun bədən üzvləri üçün də “Hüdudullah” dediyimiz qırmızı xətlə çəkilmiş hədlər var. Dilimizin, qulağımızın, gözümüzün, əl və ayaqlarımızın yaxınlaşması qadağan olunan sərhədlər var. Hətta düşüncələrimizin və ağlımızın da belə bir sərhədi var.
Qadağan sahələr məhdud saydadır. Bu məhdud hüdudlar xaricində çox geniş, sərbəst bir sahə var; ağaclar arasından bir ağacın qadağan olması kimi. Təəssüf ki, insan oğlu o bir ağacdan qorunmaqdan belə aciz qalır. Bax əsl müvəffəqiyyət bu ağaca, başqa bir ifadə ilə, Haqqın qırmızı xətlərinə yaxınlaşmamaq, qoyduğu həddi aşmamaqdır.
Allah-Təalanın qoyduğu hədləri aşmamaq üçün nə edə bilərik?
Birinci növbədə o hüdudların nələr olduğunu bilmək lazımdır. Şəxsi həyatımızda, ailə həyatında, iş həyatında və s. bu hüdudların ətrafında dolanmamaq səlamətimiz baxımından əhəmiyyət daşıyır.
İkincisi, özümüzlə yanaşı, yaxınlarımızın da bu kimi hüdudları çeynəməsinə mane olmaqdır. Bu hüdudların çeynəndiyi bir yerdə ona mane olmaq imkanı olduğu halda mane olmamaq ilahi lənəti və qəzəbi üzərimizə çəkə bilər. Qurani-Kərimdə bu haqda belə buyurulur: “İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənət oxundu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi. Onlar etdikləri pis əməldən əl çəkmirdilər (və ya onlar bir-birini etdikləri pis əməldən çəkindirmirdilər). Onların gördükləri iş necə də pis idi!”. (əl-Maidə, 78-79)
Hz. Peyğəmbərimiz bir hədisində Allahın hüdudlarını qorumağın vacibliyini izah etmək üçün gəmini misal vermiş, yaşadığımız cəmiyyətin faydası üçün bu hüdudları qorumağın əhəmiyyətinə diqqət çəkmişdir. Belə ki, hamımız eyni gəminin – dünya gəmisinin – yolçuları kimiyik. Bu gəminin batması və ya başqaları tərəfindən batırılmaq istənməsi bizim də həlak olmağımıza səbəb ola bilər.
ŞƏRHLƏR