Müsahibə - Dr. Mehmet Dinç:
Türkiyənin Yeşilay təşkilatının sədr müavini psixoloq Dr. Mehmet Dinç:
“Onları virtual asılılıqdan qorumaq istəyiriksə, sosial ünsiyyəti təmin etməliyik”.
İrfan: Zərərli vərdişlərlə yüzillik mübarizə aparan bir təşkilatın idarə heyətində yer alırsınız. Bütün digər asılılıqlarla yanaşı, son illər sosial media asılılığının hər gün bir az daha artdığını görürük. Artıq azyaşlılar da sosial mediadan istifadə edirlər. Sizcə bu ehtiyac nədən yaranır?
Dr.Mehmet Dinç: Sosial media günümüzün bir həqiqətidir. Əslində, uşaqların sosial mediada var olma ehtiyacından daha çox uşaqların özlərinin var olmağa ehtiyacları var. Var olma ehtiyaclarını gerçək həyatda təmin edə bilmədikləri zaman istər-istəməz sosial mediaya sığınmaq məcburiyyətində qalırlar, çünki əllərinin daha rahat çata biləcəyi başqa bir alternativ görmürlər. Bu mənada baxdığımız zaman uşaqların bəzi təməl ehtiyacları var. Bunlardan biri enerjilərini boşaltma ehtiyacıdır. Uşaqlar daim hərəkət etmək, yeni-yeni şeylər kəşf etmək istəyirlər. Bu dünyadakı hər şey onlar üçün yeni olduğuna görə gördüklərini tanımaq, başa düşmək və məna vermək istəyirlər. Buna görə də kəşf edə biləcəkləri, hərəkət edib, araşdırıb təhlil edə biləcəkləri bir mühitə ehtiyacları var. Təəssüf ki, bu gün uşaqlar, xüsusilə də şəhər həyatında, bu imkandan məhrum qalırlar. Bu təqdirdə uşaq axtardığı mühiti sosial mediada tapır və oraya keçir. İkincisi də, hər insanın başqaları tərəfindən görünməyə ehtiyacı var. Görünmə ehtiyacı özünü ifadə etmək, varlığının hiss edilməsi, birinin ona qarşılıq verməsi ehtiyacı deməkdir. Bu gün xüsusilə şəhər həyatında daha az görünən hala gəlmişik. Qloballaşma ilə birlikdə inanılmaz bir şəkildə əşya yönündən zəngin, insan yönündən kasıb bir dövr yaşayırıq. Bir ata və ya ana uşağını qarşısına alıb, üzünə-gözünə baxaraq onu nə qədər dinləyir? Uşağın özünü ifadə etməsinə nə qədər imkan verir? O gün uşağın yaşadıqlarından nə dərəcədə xəbərdar olur? Ata-anaların başları özlərini maraqlandırmayan gündəm məsələləri ilə o qədər qarışır ki, özlərini maraqlandıran ən mühüm xəbərlərdən kənarda qalırlar. Belə görünür ki, uşaqların virtual aləmdə var olma ehtiyacları böyük nisbətdə gerçək dünyada var olmaqla bağlı ehtiyaclarını qarşılaya bilməməkdən qaynaqlanır.
- Əslində, valideynlər də bu vəziyyətdən çox şikayətlənirlər. Qarşısını almaq üçün nə etmək lazımdır?
- Uşaqların sosial media ilə əlaqələri ola bilərmi, bəli, ola bilər. Lakin burada iki mühüm məsələ var; biri fərdi olaraq edilə biləcəklər, digəri də cəmiyyət olaraq edə biləcəklərimiz. Fərdi olaraq edəcəklərimiz xüsusunda ata-anaların düzgün istifadə sahəsində mütləq nümunə olmaları zərurəti var. Yəni ata-ana sosial medianı mənalı, ölçülü, sağlam və məntiqli bir şəkildə işlətməlidir. Bu mövzuda ciddi nöqsanlarımız var. Yəni uşaqları barəsində narahat olan valideynlər əvvəla özləri barəsində narahat olmalıdırlar. Çünki özləri də sosial mediadan düzgün və səmərəli istifadə etmirlər. Ata-analar sosial medianı uşaqları üçün ödənişsiz uşaq baxıcısı olaraq görürlər. Məsuliyyət böyük ölçüdə valideynlərin çiyinlərindədir. Uşaq üçün həm nümunə olmalı, həm də istifadə sahəsində rəhbərlik, bələdçilik etməlidirlər. Uşaq nədən istifadə edəcək, nə qədər işlədəcək, necə faydalanacaq, bunların müəyyən edilməsi lazımdır. Uşağı necə gəldi sosial medianın ortasına atıb qaçmaq çox böyük problemlərlə nəticələnir. İkinci bir məsələ cəmiyyət olaraq edə biləcəklərimizdir. Sosial media şirkətləri artıq dövlətlərin fövqündə bir quruluş halına gəlib. Feysbukun istifadəçi sayı Çini və Hindistanı ötdü. Dünyada heç bir dövlət yoxdur ki, sosial media şirkətləri qədər vətəndaşı olsun. Dolayısilə sosial media şirkətləri çox böyük bir gücə malik oldular və heç bir şəkildə kiməsə hesab verməyə yanaşmırlar. Dövlət tərəfindən tələb olunanda hesab vermirlər, amma istehlakçı reaksiya göstərdiyi, təşkilatlandığı, birlikdə hərəkət etdiyi və alternativ axtarmağa başladığı zaman dərhal müdaxilə edir, yeri gələndə geri addım atırlar. Bu mənada uşaqların qorunması üçün də bəzi addımlar atıldı, lakin etiraz reaksiyası zəif olduğu üçün edilən düzəltmələr də çox aşağı səviyyədə qaldı. Ata-anaların və bu mövzuda məsuliyyət hiss edən bütün insanların cəm şəkildə beynəlxalq səviyyədə əlaqələr qurub sosial mediaya qarşı səslərini yüksəltmələri lazımdır. Çünki qarşımızdakı sistem tamamilə istehlakçının tələbləri əsasında hərəkət edir.
- Sosial media istifadəsinin xüsusilə də gənclərdə asılılıq yaratmaması üçün nələrə diqqət edilməlidir?
- İnternet istifadəsi ilə bağlı “ənənə” meydana gətirmək bu mərhələdə çox böyük əhəmiyyət daşıyır. Yəni “bir insan nə üçün sosial mediadan istifadə edər?” sualına cavab olacaq bir ənənənin həm ailə, həm məktəb, həm də cəmiyyətdə formalaşması labüddür. Təəssüf ki, internetin ölkəmizə girişi çox uğursuz bir şəkildə oldu və bunun təsirləri hələ də davam edir. İlk dəfə internet bizə tanıdılarkən qarşı cinslə tanış olmaq, əlaqələr qurmaq imkanı və s. şəklində əyləncə vasitəsi olaraq tanıdıldı. Hələ də əksər istifadəçi internetdən bu məqsədlə istifadə edir. Heç bir yerdə internetdən nəyisə kəşf etmək, elmi tədqiqat aparmaq və ya elmi nailiyyətlər əldə etmək məqsədi ilə istifadə olunduğuna dair mesajlar verilmir. Bu məsələ hansısa qaydalar toplusu müəyyənləşdirməklə həll ediləcək bir məsələ deyil. Çünki sosial media dediyimiz o məcra o qədər sürətli və ani dəyişir ki, bu gün qoyduğunuz qayda sabah dəyişə bilər. Sosial medianın zərərlərindən danışarkən onun insanı geriyə apardığından bəhs edilir; aludəçilik yaradır, fiziki və psixoloji mənada zərər verir və s. Amma biz psixoloqlar üçün ən azı bunun qədər mühüm olan başqa bir məsələ var: insanın hansı nöqtələrdə irəli getməsinə mane olur? Bu sualın cavabı çox mühümdür. Olduqca möhtəşəm bir gəncliyimiz var. Bu gənclərimiz sosial mediadan düzgün istifadə ənənəsinə sahib olarsa, çox xariqüladə işlər görərlər. Bəlkə geri getmirlər, amma daha çox irəli gedə biləcəkləri halda, gedə bilmirlər. Sosial medianın bizə verdiyi zərərləri hesablamaq üçün təkcə gözlə görünən zərərlərə fokuslanmamaq, itirilən karları da nəzərə almaq lazımdır. Yalnız bu şəkildə həqiqi tablonu və zərərin böyüklüyünü, miqyasını görmək mümkün olar. Bu zaman tablo bizim üçün dözülməz görünəcək və mütləq hansısa tədbirlərə əl atılmasının zəruriliyini qəbul etdirəcək.
Ata-ana uşağının yuxusunu nizamlı hala gətirər, erkən yaşından etibarən idmanla məşğul olmasına şərait yaradar, sağlam qidalanmasını təmin edərsə, fiziki inkişafına şərait yaratmış olar. Bunun yanında psixoloji inkişafı baxımından öz qabiliyyətlərini kəşf etməsi üçün də əllərindən gələni edərsə - sosial mənada ətrafını insanlar yönündən zənginləşdirər, başqa insanlarla münasibət qurmasını və inkişaf etdirməsini təmin edərsə, onsuz da, uşağın başqa şeylərə vaxtı qalmayacaq. Psixoloq gözü ilə baxdığımız zaman bunu deyə bilərik ki, bir insan bir-iki saatdan artıq sosial mediadan istifadə edirsə, o, bunun üçün inkişaf yönündən hansısa bir sahədən kəsməkdədir. Ata-analar sağlam inkişaf naminə uşağın ehtiyacı olan bütün qolları tamamladığı zaman zatən sosial mediaya o qədər də ehtiyac duymayacaqdır. Onları virtual asılılıqdan qurtarmağın yolu sosial ünsiyyəti təmin etməkdir.
- “Örnək” olmaq baxımından valideynlər nələrə diqqət etməlidir?
- Uşaqların belə bir xüsusiyyəti var; siz nə deyirsiniz deyin, dediklərinizdən daha çox etdikləriniz onlar üçün məna kəsb edir. Bu mənada valideynlər heç nə demədən uşaqlara yaxşı nümunə olsalar, problemi böyük ölçüdə həll etmiş olarlar. İkinci bir məsələ isə uşaqlara məsləhət verməkdən daha çox onları dinləməkdir. Uşaqlarla sağlam bir ünsiyyət qura bildiyiniz zaman uşaq öz təfəkküründə ata-anasına güvənərək onu hər bir şeyini bölüşə biləcəyi insan olaraq gördüyü zaman qarşısına çıxan mənfi və ya anlaşılmaz məsələlərdə bunu valideynləri ilə paylaşar. Ata-anası ilə danışan uşaqdan qorxmamaq lazımdır. Əksinə, valideynləri ilə danışmayan, dərdlərini bölüşməyən uşaq problemli sayılır. Ata-ana birinci növbədə sosial mediadan nə qədər düzgün istifadə etdiyini uşağına açıqca göstərməlidir. Bununla yanaşı, uşaqla ünsiyyət yollarını açıq saxlamalıdır ki, onu ailəsinin mənimsədiyi dəyərlər çərçivəsində istiqamətləndirə bilsin.
- Bəzən belə bir fikir səslənir: sosial media niyə zərərli olsun ki? Sosial medianın nə kimi zərərləri var?
- Sosial mediadan, xüsusilə də internetdən erkən yaşlarda şüursuzca istifadə etmək bədənimizə ciddi mənada təsir edir; fiziki inkişafda inanılmaz zərərlər müşahidə edilir. Gənclərdə bununla bağlı xəstəliklər baş verir. Bu gün gənc yaşlarda revmatizm, xolesterin, sümük zəifliyi, piylənmə, görmə və eşitmə pozuqluqları görülür. Diqqət əskikliyi son həddə çatıb. Virtual aləmdə hər şey dayanmadan sürətlə dəyişir, amma uşaq həqiqi həyata qayıtdığı zaman hər şeyin olduğu kimi qaldığını görür. Bu mənada beyin çox ciddi şəkildə təsirə məruz qalır. İnternetdə “yox” olmadığına görə bugünkü nəsil “yox” nədir, bilmir. Bir yerdən tapa bilməsə, başqa yerdə axtarır. Düşüncələr də şəkil olaraq formalaşır, daxilindəki ənənə şəklə bağlanır. Hər şeyin içini araşdırmadan xarici görünüşə baxmaqla kifayətlənir.
- İnternetin zərərlərindən bəhs etmişkən, Youtube kanalındakı uşaq fenomenlərinin uşaq psixologiyasına nə kimi təsirləri ola bilər?
- Bu bir növ uşaq istismarının yeni növüdür. Təəssüf ki, bu mənada çox çətin bir mərhələdən keçirik. Ata-analar bu mövzuda başdan nəzarəti ələ götürməzlərsə, daha böyük problemlərlə üzləşərlər. Uşaq bir yolla buna məruz qaldıqdan sonra nəzarət etmək çətinləşir. Bu səbəblə ata-analar iki nöqtəyə çox diqqət etməli, üçüncünü də mütləq yerinə yetirməlidirlər. Bunlardan birincisi, erkən yaşlardan etibarən uşaqların nəzarət altında, nəzarət edilən səhifələrlə tanış olmasıdır. Sosial mediadan istifadə edəcək, amma nəyə baxacaq, nədən istifadə edəcək?.. Uşaq küçəyə çıxanda tanımadığı insanlarla danışmasına icazə vermirik. İnternetdə də hər hansı sayta girməsinə icazə verməməliyik. Küçəyə çıxarkən hara gedir, kiminlə görüşəcək, nə zaman qayıdacaq və s. sualları soruşuruqsa, internetdə də eyni narahatlığı keçirməliyik. Bu ənənəni meydana gətirmək üçün uşaq yaşdan etibarən istiqamət vermək lazımdır. İkincisi, bu ənənənin davam etməsi üçün uşağın ünsiyyət qurduğu yoldaşlarına diqqət etmək lazımdır. Çünki uşaq üçün əsas olan doğru olanı etməkdən daha çox normal olanı etməkdir. Uşaq üçün doğruluğun hüdudu normal olandır. “Normal” olan isə ata-ananın dediklərindən daha çox yoldaşlarının etdikləridir. On yoldaşı hansısa Youtube kanalını seyr edirsə, o da seyr edər. Üçüncü mühüm amil isə ata-anaların əsla bu sahədəki məsuliyyəti dövlətin, sosial media şirkətlərinin boynuna yıxmamalarıdır. Özləri təşkilatlanıb səslərini yüksəltməlidirlər. Çünki bu sahənin arxasında çox böyük bir sərmayə gücü var və onu ancaq istehlakçılar yönləndirə bilərlər.
- Təşəkkür edirik, Mehmet bəy, vaxt ayırıb qiymətli məsləhətlərinizi oxucularımızla bölüşdünüz.
- Mən də təşəkkür edirəm.
ŞƏRHLƏR