BİR HƏDİS
عَنْ شَدَّادِ بْنِ أَوْسٍ، أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: إِنَّ اللَّهَ كَتَبَ الإِحْسَانَ عَلَى كُلِّ شَيْءٍ، فَإِذَا قَتَلْتُمْ فَأَحْسِنُوا القِتْلَةَ، وَإِذَا ذَبَحْتُمْ فَأَحْسِنُوا الذِّبْحَةَ، وَلْيُحِدَّ أَحَدُكُمْ شَفْرَتَهُ، وَلْيُرِحْ ذَبِيحَتَهُ
Şəddad ibn Evsdən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Allah hər bir işdə yaxşılığı əmr etmişdir. Elə isə (bir canlını) öldürdüyünüz zaman gözəl bir şəkildə öldürün. Bir heyvanı kəsdiyiniz zaman (onu incitmədən) gözəl bir şəkildə kəsin. (Heyvanı kəsərkən) bıçağınızı itiləyin və kəsdiyiniz heyvanı rahatlaşdırın”. (Müslim, Sayd, 57; Əbu Davud, Ədahi, 12).
Allah-Təala bəndələrinin təkcə bir-birilərinə qarşı deyil, yaratdığı bütün varlıqlara qarşı da yaxşı davranmalarını, hamıya və hər şeyə yaxşılıq etmələrini əmr etmişdir. Çünki yaradılanlara yaradandan ötrü mərhəmətlə davranmaq İslam dininin əsasını təşkil edir. Qeyd etdiyimiz bu hədisi-şərifdə insanın ona zərər verən canlıları öldürərkən və yaxud inək, qoyun, keçi və s. kimi heyvanları kəsərkən mərhəmət duyğusuyla hərəkət etməsi tələb edilməkdədir.
İslam aləmində hər il Allah rizası üçün kəsilən qurbanların kəsimi əsnasında bu həssasiyyətlə hərəkət etmək və qurbanlıq heyvanları incitmədən, onlara hər hansı bir əziyyət vermədən kəsmək hədisi-şərifdə tələb olunan bir məsələdir. Bu səbəblə də Allah Rəsulu (s.ə.s): “(Heyvanı kəsərkən) bıçağınızı itiləyin və kəsdiyiniz heyvanı rahatlaşdırın”, - buyurmuşdur. Həzrət Peyğəmbərin bu əmrinə əsasən qurbanlıq heyvanlar kəsim yerinə gəlmədən gözlərinin bağlanması, heyvana nəvaziş göstərərək sığallanması və kəsim yerinə gətirərkən əziyyət verilməməsi İslam dinində diqqət edilməsi tələb edilən məsələlərdəndir. Bunun əksinə olan davranışlar İslam dininin qətiyyətlə qəbul etmədiyi və Həzrət Peyğəmbərin sünnəsinə zidd olan davranışlardır. Həzrət Peyğəmbərin sünnəsinə zidd olan davranışlar isə Allah-Təalanın qəzəbinə səbəb olar.
Hər bir əxlaqi davranış kimi, heyvanlara qarşı göstərilən sevgi və şəfqət də imanın tələbidir. Rəsulullah (s.ə.s) bu barədə belə buyurmuşdur: “(Heyvanları) öldürmək baxımından insanların ən mərhəmətlisi iman sahibi olanlardır”. (İbn Macə, Diyet, 31). Başqa bir hədisində Həzrət Peyğəmbər (s.ə.s): “Yumşaq davranmaqdan məhrum olan, xeyirdən də məhrum olar”, - buyurmuşdur. (Müslim, Birr, 74). Qeyd etdiyimiz bu hədisi-şəriflər aləmlərə rəhmət olaraq göndərilən Allah Rəsulunun bütün varlıqlara qarşı şəfqət və mərhəmətini ifadə edən hədislərdən sadəcə bir neçəsidir. Həzrət Peyğəmbərin həyatı araşdırıldıqda insan, heyvan və nəbatat aləminə qarşı nə cür həssasiyyətlə yanaşdığının bir çox nümunələrinə rast gəlmək mümkündür.
Nəticə olaraq, müsəlmanların iki önəmli bayramından biri olan Qurban bayramının Allah və Rəsulunun rizasına uyğun ab-havada keçməsini istəyən hər bir müsəlman Həzrət Peyğəmbərin bu hədisi-şərifində buyurduğu tövsiyəsini nəzərə almalı və beləliklə, bayramı əziyyət bayramına deyil, mərhəmət bayramına çevirməlidir.
ŞƏRHLƏR