General Mayor Polad Həşimov xatirələrdə

General Mayor Polad Həşimov xatirələrdə

Allaha qurban deyəndə hər zaman ən yaxşısını təqdim edirlər ki, məqbul sayılsın. Bəzən də Vətən dediyimiz, Yurd  tutduğumuz ana torpaq uğrunda canımızı fəda edir, qurbanlar veririk. Bu zaman da Vətən oğullarının ən şücaətli olan, mərd, igid oğulları canları ilə şan qatır o vətənin tarixinə. Çingizlər, Mübarizlər, Vüqarlar, Əliflər, Raqiflər, Allahverdilər bitib-tükənməz bu xalqın bağrında....

Son döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun həyat hekayəsi də bu uğurda gələcək nəsillərə nümunə olacaq misilsiz nümunələrlə doludur. Aprel döyüşlərindəki qəhrəmanlığına görə Prezident tərəfindən ona hədiyyə edilən mənzili bir şəhid ailəsinə bağışlayan Vətən sevdalısı general haqqında danışılan maraqlı faktların bəzilərini, istədik ki, sizinlə də bölüşək...

 

Jurnalist Seymur Kazımov:

“Polad Həşimov cəsur, mərd zabit idi, həm əsgərlər, həm də zabitlər arasında kifayət qədər hörməti vardı. Hər zaman əsgərin yanında idi. Əsgərləri tənbeh də edərdi, cəzalandırardı da, amma onları təhqir edəcək, alçaldacaq ifadə işlətməzdi, onlara yuxarıdan aşağı baxmazdı. Hərbi nizamnamə nə tələb edirdisə, o cür də davranardı”.

“…Bir dəfə yayın istisində mənə stadionu 10 dairə qaçırtdı, özü də otağının pəncərəsindən seyr edirdi. İkinci dəfə də, hərbi andı 100 dəfə əzbər dedirtdi. Nə deyim, xəta məndə idi, cəzamı çəkməliydim.

2006-cı ilin yay ayı idi, mənim də hərbi xidməti başa vurmağıma günlər qalırdı, axşam yoxlanışında kazarmanın yanından keçəndə nə üçün yatmadığımı soruşdu. Mən də futbola baxmaq istədiyimi bildirdim. Apardı məni otağına, birlikdə futbola baxdıq, doğrusu, hansı oyun idi, yadımda qalmayıb”.

“Hərbi xidməti başa vurduğum gün qərargaha getdim ki, sağollaşam. Bayırda gözləməyimi tapşırdı. 10 dəqiqədən sonra əlində xidməti xasiyyətnamə ilə gəldi və mənə uzatdı. Gözucu baxdım, təşəkkür etdim. İstədim əlini sıxam, amma bacarmadım, zabit zəhmi gözlərində idi. Hərbi salam verdim, o da jestimə qarşılıq verdi. Əsgər və zabit kimi sağollaşdıq. Bir daha görüşmədik”.

 

Qismət Məsim:

“Nənəm ona ağlaya-ağlaya zərfdə pul vermişdi, o gərginləşsə də, nənəmi tanıdığı üçün onun xətrinə zərfi götürmüşdü. Ancaq iki aydan sonra tərxis olunanda məni yanına çağırdı, həmin zərfi mənə verdi. Dedi, anaya gözəl bir hədiyyə alarsan, əllərindən öpərsən. Çox kövrəlmişdim”.

 

Nicat Həşimzadə:

“Bir əsgər yoldaşımız ata olmuşdu. Bu hadisə Polad Həşimova tabor komandirimiz tərəfindən məruzə edilmişdi. Əsgər yoldaşım məzuniyyət haqqından bir ay əvvəl istifadə etmişdi. Xəbər komandirə çatanda tapşırıq verdi ki, əsgəri yanıma gətirin.

P.Həşimov:

- Komandirlərin səndən razılıq edir, əsgər yoldaşlarının da hörmətini qazanmısan. Qüsursuz xidmətə görə sənə növbədən kənar 10 günlük məzuniyyət verilir.

- Cənab polkovnik, axı mən yeni gəlmişəm məzuniyyətdən, - əsgər kövrəlir.
- Bilirəm, evinə bir də get ki, özün də yenilənib gələsən. (Gülümsəyir) Əsgər, pulun varmı?

- Bəli, cənab polkovnik.
- Göstər.

Əsgərin cibindən 80 manat çıxır.
- Düzünü de, əsgər yoldaşların kömək edib hə?

- Bəli, cənab polkovnik.
- Sənin yolun çox uzaqdır. O pulu qaytar əsgər yoldaşlarına. Get hazırlaş, sabahı gözlə.

Səhər əsgəri komandirin otağına gətirirlər:
- Pulu qaytardınmı?
- Bəli, cənab komandir.
- Gedə bilərsən, aşağıda səni gözləyən maşın var.
Taksi əsgəri düz evinə aparır. Düşəndə sürücü əsgərə bir konvert uzadır:
- Komandir tapşırdı ki, ancaq evdə açsın.

Evdə zərf açılır, kağızda yazılıb: “Təbrik edirəm, əsgər, ata olmusan”. Və konvertin içində 170 manat vardı.

Baş leytenant N.Həşimov:

“Bir səfər dağdakı posta çıxırdıq. Yolu qar bağlamışdı. Qarı təmizləmək üçün özü də bizə kömək etdi. Bizimlə eyni kazarmada yatacaqdı. Baxdım ki, yatacağı yer narahat görünür, üstünə də bircə döşəkağı salınıb. Əsgərə dedim ki, oradan bir dənə də döşəkağı gətir və generalın yerini dəyiş. Bunu eşidən Polad Həşimov belə dedi: “Baş leytenant Həşimov! Mən səndən artıq insanam? Siz harada yatırsınızsa, mən də orada yatacağam!”.

 

Kənd sakini:

“Polad kənddə qardaşımın toyuna gəlmişdi. Bir də gördüm həyətdə 20 çörəyi ortadan bölüb hərəsinin arasına bir şiş lülə kabab qoydurur. Soruşdum ki, bunu neyləyirsən? Qayıtdı ki, “Mənim dağda əsgər balalarım var, onlara aparacağam”.

 

Nicat Qəribov (İrfan jurnalının dizayneri):

“Bölüyümüzdə su olmadığı üçün dağda yığılan qar suyundan istifadə etmək məqsədilə borular döşəmişdik. Gər gün gedib kranı açır, yığılan suyun kazarmaya gəlməsini təmin edirdim. Bir gün Polad Həşimov məni gördü və hara getdiyimi soruşdu. Suyu açmağa getdiyimi öyrənəndə sürücüsünə dedi:

- Belə havada əsgəri təkbaşına göndərmək olmaz. Hər gün bu əsgəri kran başına aparıb gətirirsən, sonra məni aparırsan!”

Dediyi kimi də oldu”.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz