BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

اَلْمَالُ وَالْبَنُونَ زِينَةُ الْحَيٰوةِ الدُّنْيَا وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِنْدَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ اَمَلًا

“Mal-mülk və oğullar dünya həyatının zinətidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid bağlamaq etibarilə daha xeyirlidir”. (əl-Kəhf, 18/46)

Nəfsimiz bizə bir çox dünya nemətini həddindən artıq sevdirir ki, bunun nəticəsində əsil dəyərləri və önəmli işləri ikinci plana atırıq. Bunların başında mal-mülk sevdamız və həddi aşan övlad arzusu gəlir. Uca Allah bu iki dünya nemətini “zinət” olaraq ifadə edir. Zinət isə bir şeyin əslini gizlədərək onu daha gözəl göstərməyə xidmət edən bir vasitədir. Deməli, var-dövlət və oğul-uşaq sevgimiz bizim yalan və fani dünyanı bəzəyən imtahan vəsiləmizdir. Necə ki, başqa bir Quran ayəsində Uca Rəbbimiz: “Şübhəsiz ki, mallarınız və övladlarınız (sizin üçün) bir imtahandır. Böyük mükafat isə Allah dərgahındadır”,[1] – buyurur. Yəni Allah-Təalaya yönəlməyiniz və yalnız Ona ibadət etməklə məşğul olmağınız sizin üçün övladlarınızla məşğul olmaqdan, onlardan ötrü mal-mülk yığmaqdan və onlara qarşı həddindən artıq sevgi bəsləməkdən daha xeyirlidir.

Buna görə də Allah-Təala ayənin davamında buyurur ki: “Əbədi olaraq qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab olaraq və ümid bağlamaq etibarilə daha xeyirlidir”. İbn Abbas, Səid ibn Cübeyr və sələf alimlərindən bir çoxu “Əbədi olaraq qalan yaxşı əməllər” ifadəsindəki məqsədin beş vaxt namaz olduğunu bildirmişlər. Həmçinin İbn Abbas belə demişdir: “Əbədi olaraq qalan yaxşı əməllər” ifadəsi ilə “سُبْحَانَ اللهِ وَالْحَمْدُ لِلهِ وَلَا اِلَهَ اِلَّا اللهُ وَاللهُ اَكْبَرُ /Allah pak və müqəddəsdir! Həmd Allaha məxsusdur. Allahdan başqa ilah yoxdur. Allah ən böyükdür!” sözləri nəzərdə tutulmuşdur. Əbu Hüreyrədən (r.a) nəql edilən bir rəvayətə görə də, Həzrət Peyğəmbər (s.ə.s) bu ifadəni belə təfsir etmişdir: سُبْحَانَ اللهِ وَالْحَمْدُ لِلهِ وَلَا اِلَهَ اِلَّا اللهُ وَاللهُ اَكْبَرُ / Allah pak və müqəddəsdir! Həmd Allaha məxsusdur. Allahdan başqa ilah yoxdur. Allah ən böyükdür!” sözləri əbədi qalan saleh əməllərdir”.[2]

Ümumiyyətlə, bizi Allaha yaxınlaşdıran və Allah rizası üçün etdiyimiz hər bir işimiz əbədi qalan saleh əməldir ki, əbədiyyət dünyasında məhz bunlar sayəsində xilas ola bilərik. Ancaq ailə, övlad və mal-mülkümüzün axirətdəki haqq-hesabda bizə heç bir faydası olmayacaqdır. Çünki Peyğəmbərimiz (s.ə.s) başqa bir hədisi-şərifində belə buyurur: “Ölənin arxasınca üç şey gələr; onlardan ikisi qayıdar, biri isə onunla qalar. Ailəsi, mal-mülkü və əməli onun ardınca gələr. Ailəsi və mal-mülkü qayıdar, əməli isə onunla qalar”.[3]

 

[1] Təğabun, 64/15.

[2] Əhməd ibn Hənbəl, “Müsnəd”, XXX, 299.

[3] Buxari, “Riqaq”, 42.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz