GƏLƏCƏYİNİ NECƏ “QORUMALI” (!)

GƏLƏCƏYİNİ NECƏ “QORUMALI” (!)

Dinimizin əsas məqsədlərindən biri də fərdi həyatın düzgün təsis və tənzim edilməsi ilə cəmiyyətin islah edilməsini təmin etməkdir. Şübhə yoxdur ki, cəmiyyət fərdlərdən meydana gəlir və sağlam fərdlərdən ibarət olmayan cəmiyyət heç zaman sağlam bir şəkildə ayaqda dura bilməz. Elmi-texniki tərəqqi kimi görünən irəliləyişlərin gözdən pərdə asdığı dövrlərdə cəmiyyətlər mənəviyyatın ikinci plana düşməsi nəticəsində əxlaq böhranı ilə qarşı-qarşıya qala bilir.

Təmiz cəmiyyət yalnız və yalnız ağıl, ruh və nəsəb yönüylə sağlam formada yetişdiriləcək fərdlərlə mümkündür. Sağlam xarakterli fərdlərin yetişdirilməsi də eyni ilə ağıl, ruh və nəsəbi təhdid edən bütün ünsürlərlə mübarizə aparma şüuruna malik bir cəmiyyətlə mümkündür. İnsan dünyaya göndərildiyi günkü kimi saflığını və təmizliyini mühafizə etməsi üçün maddi və mənəvi çirkinliklərə qarşı özünü qorumaqla məsuldur. Bu çirkinliklərin ən başlıcası nəslin qorunması önündəki əngəl olan zina məsələsidir. Nəsli təhdid edən zinaya qarşı hər bir fərdin məqsədlərindən biri bununla ciddi mübarizə aparmaq olmalı, hər nə cür çətinlik olursa olsun, geri addım atmayaraq cəmiyyətin gələcəyinin qorunması üçün sağlam duruş sərgiləməlidir. Mənfəətçi bir mövqe tutaraq “mənə nə, başqaları düşünsün” deyərək məsuliyyətsizcə yanaşma tərzi, əlbəttə, bir gün özünü və yaxınlarını təhdid etməyə başlayacaqdır. Çünki toplum həyatı bəzi xətaları və məsuliyyətsizlikləri əfv etməz və zamanı gəlincə cəzasını kəsər. Belə bir həssas məsələdə hər kəsin şüurlu hərəkət etməsi lazım olmaqla yanaşı, əlindən gəldiyi qədər dəyərlərinin təlqin etdiyi doğruluq istiqamətində yürüməsi lazımdır. Toplumu belə bir virusa bulaşdırma cəhdi görülərsə, qanun daxilində ölçü götürülməlidir. Unutmamaq lazımdır ki, qanunlar da insan nəslinin qorunması və  ailə müəssisəsini yaşatmaq və təşviq etmək missiyası daşımalıdır. 

Zina toplum həyatını təməlindən sarsan və ona öldürücü zərbə endirən bir fəlakətdir. Necə yuvaların dağılmasına səbəb olmuş və olmağa da davam etməkdədir. Beş zərurətdən (zərurati-xəmsə) biri olan nəslin qorunması zina səbəbiylə təhlükə altına girməkdə və zina yoluyla dünyaya gələcək uşaqlar ciddi mənada psixoloji problemlərə məruz qalmaqdadır. Ailə şəfqətindən məhrum olaraq böyüyən bu uşaqların həm özlərinə, həm də cəmiyyətə zərər vermələri potensial risk daşımaqdadır.

Zinanın cəmiyyət içərisində yayılmasının müəyyən səbəbləri var ki, bunların ən başlıcası sağlam ailə tərbiyəsinin olmaması, nəzarətsiz uşaqların tərbiyədən məhrum bir şəkildə böyüyərək topluma zərər verməyə başlamasıdır. Təəssüf ki, müxtəlif media vasitələrində açıq-saçıqlığın, milli-mənəvi dəyərlərimizə və əxlaq anlayışımıza zidd hərəkətlərin normal qarşılanması, xoş görülməsi, hətta zaman-zaman təşviq edilməsi kimi hallar, xüsusilə yeniyetmə çağındakı insanların bir çox şeyi mübah görməsi -zina da bura daxildir- bu məsələni gələcəkdə qarşısıalınmaz bir problem halına gətirməkdədir.

Uca Yaradan insan xilqətini bütün genetik detalları, maddi və ruhi yönləri ilə ən gözəl şəkildə bildiyi üçün cəmiyyətin əxlaq və dəyərlərinin məhz qorunması üçün ona xitabən: “Zinaya yaxınlaşmayın!” - əmrini göndərmişdir. Bu əmr həm zinanın, həm də zinaya səbəb olacaq bütün kanal və vasitələrin qəti olaraq əngəllənməsinin zəruriliyini ehtiva edir. Günümüzdə qərb yarımkürəsinin sahib olduğu kimliyi və dırnaqarası dəyərlərini digər yarımkürənin köklü mədəniyyətlərinə üstün etməyə çalışması məqsədi ilə insan nəfsinin bütün arzularını tumarlaya biləcək keyfiyyətdəki bir “mədəniyyət”(!) və liberalizm anlayışı, çox təəssüf ki, müəyyən boşluqların yaratdığı avantaj ilə də sistematik addımlarla gənclərimizi və gələcəyimizi bizdən qoparda bilməkdədir. Məhz bu dırnaqarası mədəniyyətin məhsuludur ki, zina toplumu fəsada aparıb çıxaran bir hərəkət olaraq görülməmiş, əksinə, təşviq edərcəsinə həmin feli işləyərkən daim dəyər verməyə çalışdığı sözdə insanı “qoruyuculardan” istifadə etmə yönündə “ciddi” maarifləndirmə işləri də aparılmışdır.  

Bütün niyyətlərinin İslam dəyərləri və adət-ənənələri ilə yoğrulmuş müsəlman cəmiyyətlərinin degenerasiyası olduğunu bildiyimiz həmin məkrli qüvvələr tarixin hər dövründə iş başında olmuşdur. Bu məqamlardan birini məşhur ingilis casusu Hemferin “İngilis casusunun etirafları” kitabında görə bilərik:

“Qız, oğlan, bütün İslam gəncliyinin beynini qarışdırıb İslamiyyət haqqında şübhə və tərəddüdə düşmələrini təmin etməliyik. Məktəb, kitab, məcmuə və bu iş üçün yetişdirilmiş kadrlar vasitəsilə onların ağıllarını sıfıra endirməliyik. Yəhudi, xristian və bütün qeyri-müsəlman gəncləri tək-tək ovlamaq və məqsədli yetişdirmək üçün cəmiyyətlər açmalıyıq...”.

Bu gün dünyanın dörd bir yanında getdikcə populyarlaşan və toplumun ciddi aşınmasına səbəb ola biləcək LGBT axımı eyni məqsədə xidmət etməkdədir və müəyyən qüvvələr və mərkəzlər tərəfindən xüsusilə idarə olunmaqdadır.

Əziz Gənc!

Dəyərinə sahib çıx, özünü qoru, nəslini qoru ki, gələcək səndən “əcdad” deyə bəhs edə bilsin!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz