MÜASİR GƏNCLİK

MÜASİR GƏNCLİK

 Tarixə nəzər saldıqda hər zaman gənclərin siyasi-ictimai həyatda və cəmiyyətdə əhəmiyyətli bir mövqeyə sahib olduğunu görməkdəyik. Gənclik illəri hər bir insanın həyatında əhəmiyyətli və əvəzedilməz rola malikdir. Yaşlı nəslin nümayəndələri də hər zaman gənclik illərindən danışaraq sanki yaşanan hər şeyin, əldə olunan uğurların yalnız bu dönəmdə qazanıldığını və həyatın əsas hissəsinin gənclikdən ibarət olduğunu deyir, bunu onların dilindən tez-tez eşidirik. Bəlkə də, maddi imkanlar baxımından düşündüyümüz zaman, günümüz gəncləri bizdən öncəki nəslə nəzərən daha şanslı və daha yaxşı bir zamanda yaşamaqdadır. Bir öncəki nəsildə olan imkanlar müasir gəncliyə nəzərən daha məhdud idi və çox da inkişaf etməmişdi. Lakin buna baxmayaraq, bugünkü gənclikdən daha fəal və daha çalışqan bir gənclik yetişmişdi.

Zaman keçir, dünya sürətlə dəyişir, texnologiyada tez-tez  yeniliklər baş verir. Günümüz gəncliyi də baş verən hadislər qarşısında aciz qalmayaraq, istər-istəməz hadislərin dəyişimi ilə ayaqlaşmağa çalışır.

Müasir gəncliyin özünəməxsus problemləri var. Günümüzün fərqli gəncləri təkbaşına böyüyən bir nəsil sayılır. Zaman dəyişdikcə insanlar və onların arasındakı ünsiyyətdə də sanki zamana görə dəyişiklik baş verir. Artıq insanların bir-birini yaxından tanımadığı və ünsiyyətin azaldığı bir dövrdəyik. Hər kəs ünsiyyət üçün sosial şəbəkələrə üz tutur və sanki axtardığı hər şeyin orada olduğunu düşünür. Zamanın çox sürətli bir şəkildə keçdiyinin belə fərqində olmur. Texnologiyanın sürətli inkişafı zaman-zaman insanlara müxtəlif xəstəliklər, həyəcan və stress də yaşatmaqdadır. Halbuki texnologiya və sosial şəbəkələrin bu qədər inkişaf etmədiyi zamanlarda insanlar daha xoşbəxt və daha rahat, stressiz bir həyat yaşayırdı. İnsan sosial varlıq olduğu üçün mütləq mənada ünsiyyətə ehtiyacı var. Lakin günümüz texnologiyası və sosial şəbəkələr insanları bu sosiallıqdan uzaqlaşdırmağa davam edir. İndi hər kəs daha çox oyun və bu kimi məşğuliyyətlərə zaman ayırmaqdadır. Bu da mənfi mənada öz təsirini göstərərək yalnız və təkbaşına böyüyən bir nəslin ortaya çıxmasına səbəb olur.

 Problem bununla bitmir. Təkbaşına monitor qarşısına keçən gənclər daha sonra bunun ciddi fəsadları ilə üz-üzə qalırlar. Boşa sərf olunan vaxt elmsiz, öz dəyərlərini unudan və gələcək həyatı sual altında olan bir nəslin formalaşmasına və daha sonrakı nəsillərin həyatına ciddi təhlükə yaratmaqdadır.  

 Gənclik dövrü adətən insanın tam olaraq formalaşdığı və gələcək həyatın bu təməllər üzərinə qurulduğu bir dövrdür. Müəyyən yaşa kimi daim axtarışda olan insan haradasa bir yerdə axtardığını tapır və bütün həyatını tapdığı bu faktor üzərində qurur. Çox vaxt axtarışda olan bu faktoru ya ətrafımızda olan dostlarımız, ya da örnək ala biləcəyimiz insanlar vasitəsi ilə tapır və onlara bənzəməyə çalışırıq. Günümüz insanına nəzər saldıqda milli-mənəvi dəyərlərin zədələndiyini və bu kimi təməl ünsürlərin unutdurularaq bir neçə nəsil sonra tamamilə yoxa çıxması təhlükəsini görməkdəyik. Adətən yuxarıda qeyd etdiyimiz düşüncə çirkabına batmamış gənclər bu kimi insanları kənardan gördükdə psixoloji olaraq sarsıntı keçirir, doğru və yanlışı seçməkdə çətinlik çəkirlər. Bu bataqlığa düşməməyin yeganə yolu sağlam düşüncə sahibi olmaq və öz dəyərlərini hər şeydən uca tutmaqdan ibarətdir.

  Bütün bu təhlükə və dəyişən dünyanın mənfiliklərinə baxmayaraq, gənc olaraq özümüzdə güc tapıb rəbbimizin qoymuş olduğu qaydalara uyğun hərəkət etməli, həyatımızı ona görə qurmalıyıq. Lazımi qədər İslami və dünyəvi elmə sahib olaraq zamanımızı düzgün qiymətləndirməliyik. Ətrafımızda olan insanlara sevgi, şəfqət və mərhəmət hissi ilə yanaşmalı, onlara qarşılaşdıqları problemlərin həllində yaxından köməklik göstərməliyik.

Dahi mütəfəkkirlərdən birinin gözəl bir ifadəsi var: “Bir ölkənin gələcəyini görmək istəyirsinizsə, bugünkü gənclərinə baxın”. Odur ki, gələcək naminə var gücümüzlə çalışmalı və bizdən tələb olunan bir gənclik ortaya çıxartmalı, sonrakı nəsillərə təmiz bir gənclik miras buraxmalıyıq.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz