XOŞBƏXT AİLƏ NAMİNƏ

XOŞBƏXT AİLƏ NAMİNƏ

Yalnızlıq və təklik  Allaha məxsusdur. Çünki o Uca Yaradıcı bir və tək olmağı yalnız özünə xas bir keyfiyyət qılmış və bu etibarla bütün varlıqları cüt olaraq yaratmışdır.

 Dolayısı ilə bütün varlıqlar cütlük barəsində bir-birilərinə möhtacdırlar. Eyni zamanda yaradılmış olmalarına görə quruluş etibarı ilə də bir nöqsanlıq və acizlik içindədirlər. Yəni Allahdan qeyri bütün varlıqlar, minlərlə ehtiyac içində həm bir-birilərinə, həm də hər şeyi yoxdan xəlq edənə möhtacdırlar.

Xüsusilə də “insan” başqasına möhtac olma baxımından ən başda gəlir. Belə ki, insanın ehtiyac və istəkləri digər varlıqlara görə daha çoxdur. Üstəlik bu ehtiyaclar davamlı artar və heç vaxt bitməz. Çünki insan davamlı olaraq maddi və mənəvi rahatlıq içində yaşamaq istəyər. Sıxıntı, yoxluq, iztirab, əziyyət və fəlakətlər ona çətin gələr. Xüsusilə belə anlarda tutacaq bir əl, sığınacaq bir könül axtarar.

Qurani-Kərimdə buyurulur:

“Hər şeyi cüt yaratdıq ki, düşünüb ibrət alasınız”. (əz-Zariyat, 49)

“Və sizi cüt-cüt yaratdıq”. (ən-Nəbə, 8)

Xülasə, Allah-Təala varlıqları cüt yaratmış və aralarına da bir-birilərinə yaxınlıq etsinlər deyə cəzb etmə və cəzb edilmə qanunu qoymuşdur. Beləcə onların maddi və mənəvi kamalını bir-biriləri ilə bütünləşmələrinə bağlamışdır.

Bu həqiqət işığında deyə bilərik ki, bir kişinin qadına, bir qadının da kişiyə ehtiyac və meyli əsas etibarı ilə nəslin davam etdirilməsi üçündür. Ancaq əlbəttə ki, tək qayə bu deyil. Çünki qurulan sağlam bir ailə ilə fərdlərin ruhi və ictimai rifah, sükunət və ahəngi də insanın möhtac olduğu son dərəcə mühüm bir qayə və hədəfdir. Bu mənəvi rahatlıq, sükunət və ahəngə nail olmaqdan arzu edilən zirvəyə isə ancaq “məhəbbətullah”la çatmaq mümkündür. Yəni qəlbin Haqq-Təalaya eşqlə yönəlməsi ilə... Bu, Leylidən Mövlaya doğru uzanan bir yolçuluqdur.

İslam ailəyə çox böyük əhəmiyyət verir. Ailələr cəmiyyətin toxumları nisbətindədir. Belə ki, tarixi bir həqiqətdir ki, sağlam təməllər üzərində inşa edilən ailələr cəmiyyəti qoruyub gözəlləşdirmişdir. Bir-birilərinə mənəvi baxımdan bərabər, yəni tay olmayan cütlər və soyuq münasibətlərlə və ya yanlış şəkildə qurulmuş yuvalar cəmiyyəti məhv edər.

İlahi ölçülərlə qurulmuş bir yuva dünya şərtləri çərçivəsində sanki cənnət bağçası olar. Belə bir yuvaya sahib olmaq üçünsə, əlbəttə, ailə məhəbbət və sağlam təməllər üzərində qurulmalıdır. İslam ailənin təməlini nikah kimi ülvi bir “əhd-peyman”la atır. Yəni, hər iki tərəfin də Allahın hüzurunda bir-birilərinə Allah adına müəyyən söz vermələrini şərt qoyar.

Hər kəs ailə səadəti arzulayar. Xoşbəxt ailə qurmaq üçünsə hər şeydən əvvəl gələcək həyat yoldaşını seçmə xüsusunda İslamın qoyduğu qaydalara ciddi riayət etmək lazımdır. Evlənəcək şəxslər bir-birilərini gözəllik, zənginlik kimi fani və nəfsə xoş gələn səbəblərlə seçməməlidirlər. Əksinə, iman və əxlaq kimi təməl mənəvi vəsflərə üstünlük verərək seçim etməlidirlər. Bu xüsusda Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur:  

“Qadın dörd şeyi; yəni malı, gözəlliyi, əsil-nəcabəti və dini kamalı üçün nikahlanar. Siz dindar olanını seçin ki, xeyir tapasınız!” (Buxari, Nikah, VI. 123; Müslim, Rada, 53)

Yuvanı quran dişi quş olduğu həqiqətini nəzərə alaraq evləniləcək bir xanımda axtarılması vacib olan xüsusa diqqət yetirən hədisi-şərif evləniləcək bir oğlanda axtarılması vacib olan xüsusu da əhatə edir. Çünki hər mömin üçün təqvadan sonra ən qiymətli nəsib, evləndiyi şəxsin saleh əməl sahibi olmasıdır. Saleh kişi hüzur sarayının sarsılmaz dirəyi, salehə qadın da səadət bağçasının ən qiymətli meyvəsidir. Bu həqiqət hədisi-şərifdə belə ifadə edilir:

“İnsanın ucalığı dinində, izzət və şərəfi ağlında, əsil-nəcabət gözəlliyi də (nikahla qoruduğu) əxlaqında gizlidir”.

İçərisində Allahın əmr və qadağalarına riayət edilən hüzurlu bir ailə yuvası dünya səadətinin təməli və Rəbbimizin ən böyük ehsanlarından biridir. Bu nemət və səadətin davam etməsinin sirri hər iki tərəfin mənəvi iqlim içərisində yaşamasındadır ki, bu da qarşılıqlı fədakarlıq və anlayışa bağlıdır.    

Zəmanəmizdə ailə müəssisəsinin dağılmasının ən mühüm səbəblərinin başında “qadının kişiləşməsi, kişinin də qadınlaşması” gəlir. Allah-Təala qadına ayrı, kişiyə ayrı xüsusiyyətlər bəxş etmişdir. Bu xüsusiyyətlər hər ikisinin cəmiyyətdəki vəzifələrinin layiqli şəkildə yerinə yetirilməsinə görə formalaşmışdır. Vücud quruluşundan ruhi keyfiyyətlərinə qədər bütün yaradılış xüsusiyyətləri kişi və qadında Allahın onlara verdiyi məsuliyyətlərə görə şəkillənmişdir. Bu, ailənin dolanışığını təmin etməklə vəzifələndirilmiş kişidə ruhi sağlamlıq, dözümlülük və bədəni xüsusiyyətlər formasında ortaya çıxmışdır. Bu da kişinin ailədə rəis olmağını və o ailə üçün həyat mücadiləsi verərək dolanışığı təmin etmək yolunda məsuliyyətini vacib qılır.

Qadın ailənin dolanışığından məsul deyil. Məsul olsaydı, bu onun üçün əziyyət və çətinlik olardı. Çünki yaradılışı ruh və bədən baxımından həyat mücadiləsinə əlverişli deyil. Ona ilk növbədə bu bərabərlikdən hasil olacaq uşaqların doğumu və doğuşdan etibarən baxılıb qorunmaları kimi duyğu hisslərinin vacib olduğu ilahi bir vəzifə verilmişdir. Ancaq imkan və şərtlər əlverişli olarsa, yaradılışına uyğun şəraitdə işləyə bilər.

Bütün bu ilahi təyin əsəri olan yaradılış xüsusiyyətləri qadın və kişiyə ayrı və bir-birini tamamlayan xarakter qazandırır ki, tərəflər bu xüsusiyyətlərin xaricinə çıxdığı zaman ailə səadəti zəifləyir.

Bu xüsusu da qeyd etmək lazımdır ki, ailədə kişi “hakimiyyəti kobudluqla idarə etmə”;  qadın itaəti də “əsarət” şəklində başa düşülməməlidir. Bu vəzifələr İslamın həssas bir şəkildə təyin etdiyi ölçülər daxilində həyata keçirilərsə ailədə “zalım” da olmaz, “məzlum” da...

Qadının iffət və itaət dairəsindən çıxaraq ərinə zülm etməsi, bunun müqabilində kişinin də hakimliyini nəfsani arzularına qurban verməsi ailə yuvasını məhv edər. Ancaq ailə xaricində həyat mücadiləsi ilə vəzifəli olan kişi, bəzi zamanlarda bir çox stressə məruz qala bilər. Belə anlarda onun evində xanımından təsəlliedici, şəfqətli bir itaət görməsi həm haqqı, həm də ehtiyacıdır. Eyni şəkildə axşama qədər evində ərini gözləyən bir qadının da ondan lazımi maraq və əlaqəni görməsi ən təbii haqqı və ehtiyacıdır. Buna görə də ailədə hər kəs Allahın təyin etdiyi haqq və məsuliyyətlərini bilməlidir. Ailədə kişi mərhəmətli, haqqa riayət edən; qadın isə itaətkar və hörmətcil olmalıdır.

Xülasə, ailənin davamını xoşbəxtlik və səadət içində təmin edən yeganə qayda qarşılıqlı sevgi və hörmətdir. Ancaq unutmamaq lazımdır ki, atalar: “Yuvanı dişi quş qurar” deyiblər. Bu baxımdan yuvaya sahib çıxmaq xüsusunda qadın daha təsirli rola sahibdir. Dolayısı ilə qadının bu nöqtədə göstərəcəyi fərasət, səy və fədakarlıq, kişininkindən daha böyük əhəmiyyət daşıyır. Çünki Allah-Təala ana olacağı üçün qadına bu yöndə kişidən daha üstün qabiliyyət və hissiyyat bəxş etmişdir.  

Ailə səadəti hər iki tərəfin bir-birinin qarşılıqlı haqlarına hörmət göstərmələrinə və bu hörməti məhəbbətlə qüvvətləndirmələrinə bağlıdır.

Ailə səadətinin yaşanması üçün ayədəki “ittəqu / Allahdan qorxun” ifadəsinin qəsd etdiyi “təqva” bulağından su içmək çox mühümdür. Yer-göy şahiddir ki, bu dünya qadın hüququna riayət etməyin bərəkəti ilə cənnətə, riayətsizliyin pis aqibəti ilə də cəhənnəmə çevrilmişdir. Həzrət Peyğəmbər (s.ə.s) qadın haqları xüsusunda vida xütbəsində belə buyurmuşdur:

“Ey insanlar! Qadınların haqlarına riayət edin! Onlarla şəfqət və sevgi ilə rəftar edin! Onlar haqqında Allahdan qorxmanızı tövsiyə edirəm. Siz qadınları Allahın əmanəti olaraq almısınız; onların namuslarını və iffətlərini Allah adına söz verərək halal etmisiniz!” (Səhihi Buxari müxtəsəri, X. 398) 

Bu səbəblə, xanımları saleh bir nəsil yetişdirmək üçün övladlarının əxlaqı ilə məşğuliyyətdən ayırmaq,  yaradılışlarına zidd iş1ərə yönləndirmək nə ağıl, nə də məntiqə sığar. Çünki ailədəki hüzur və səadət ancaq qadındakı və kişidəki xüsusiyyət və qabiliyyətlərin yerli-yerində işlədilməsi və qorunması ilə əldə edilə biləcək bir nəsibdir.

Məhz bu nəsibə nail olmaq üçün edilən evliliklər İslamın üzərində çox həssas şəkildə durduğu bir xüsusdur. Onun həm maddi, həm də mənəvi iki tərəfi var. Dolayısı ilə ailə yuvasını ikitərəfli qura bilmək üçün son dərəcə ciddiyyət və diqqət sahibi olmaq şərtdir. Əks halda evlilik bəsit bir bərabərlikdən ibarət olar. Bu kimi dar anlayışlarla qurulan ailə yuvaları da, təəssüf ki, yersiz boşanmalarla nəticələnir. Həqiqətən də dini və əxlaqi hisslərlə birləşməyən tərəflərin sonu ya ayrılıq, ya da qəbrə qədər davam edən zillət zənciri olar. Əlbəttə ki, bu, heç də arzuolunan deyil. Buna görədir ki, Allah Rəsulu (s.ə.s) buyurur:

“Evlənin, boşanmayın! Çünki boşanma səbəbi ilə Ərş titrəyər”. (Əli əl-Müttəqi, IX, 1161/27874)

Düşüncəsiz qurulan evliliklər və bunun nəticəsində qaçınılmaz olan boşanmalar saymaqla bitməyəcək qədər çoxdur. Bunun ən ağır və pis təsiri ilk növbədə uşaqlar üzərində müşahidə olunur. Ev içində səmimi ailə münasibəti görməyən, nümunə ala biləcəyi ata-anadan soyuq rəftar görən uşaqlar küçələrin öhdəsinə buraxılan zavallıya çevrilirlər.

Bir sözlə, yersiz boşanmalardan qorunmaq, şübhəsiz ki, qadın və kişinin öz dəyərlərini qarşılıqlı olaraq bilmələri və bunları mühafizə etmələri ilə mümkündür. Ər-arvadın xoşbəxt günləri, xoş və şirin xatirələr, səmimi sevinclər, rifah və ləzzət həmişə ilahi ölçülər çərçivəsində təmin edilir. Bu isə, hər iki tərəfin Haqqa bəndə olaraq bir-birinə qarşı sədaqət və səmimiyyəti ilə baş tutur. Hədisi-şəriflərdə belə buyurulur:

“Bir kimsə gecə vaxtı xanımını oyadar, birlikdə və ya hər biri ayrı-ayrı iki rükət namaz qılarlarsa, Allahı çox zikr edən kişi və qadınlardan yazılarlar”. (Əbu Davud, Tatavvu 18, Vitir 13)

“Gecə vaxtı qalxıb namaz qılan, xanımını da qaldıran, qalxmazsa üzünə su çiləyərək oyadan kəsə Allah rəhmət etsin! Eyni şəkildə gecə vaxtı qalxıb namaz qılan, ərini də oyadan, oyanmazsa üzünə su çiləyərək yuxusunu qaçıran qadına da Allah rəhmət etsin!” (Əbu Davud, Tatavvu 18, Vitir 13)

Qısacası, ailə səadəti:

1.  İki tərəf arasında səmimiyyət,

2. Bir-birini təqvaya sövq etmək, - kimi iki böyük düstura bağlıdır.

Ailə səadəti üçün hər şeydən əvvəl xanımlar Allaha qulluğa və təqvaya riayət etməlidirlər. Bu xüsusda ibadətə, namaz və niyaza diqqət etməklə bərabər, halal və harama da riayət etməlidirlər.

Ailə daxilində xanımın təqva və istiqaməti ərini, uşaqlarını, qohumlarını və hətta qonşularını xeyir və savaba sövq edəcək mahiyyətdə olmalıdır. Əməlisaleh xanım ətrafına səadət saçan, cənnət ətirli bir çiçəkdir. Xanımlar üçün Allaha qulluqdan sonra gələn ən mühüm vəzifə ərlərini və ailə üzvlərini bəxtiyar etməkdir. Ərlərini məmnun etmək və ailə səadətinə kölgə düşürməmək qadınlara Allahın rizasını qazandırır. Həzrət Peyğəmbər belə buyurmuşdur:

“Əməlisaleh qadın əri üzünə baxdığı zaman onu sevindirər, ərinin məşru istəklərini yerinə yetirər və onun olmadığı yerdə həm malını, həm də namusunu mühafizə edər”. (İbn Macə, Nikah, 5/1857) O halda bir qadın ərinin razı qalacağı yolları axtarıb tapmalı və onun razılığını qazanmalıdır.

Qadın evin içində özünə diqqət etməli, təmizlik və səliqəyə ciddi yanaşmalıdır. Hər hansı bir kişinin nəzərində qadının pinti və səliqəsiz olması onun gözdən düşməsi üçün kifayətdir. Ərinin yanında gözə xoş görsənməyəcək hər formadan uzaq olmalıdır. Evdə axtardığını tapmayan kişinin gözü-könlü çöldəkilərə meyl edər ki, bu da ailə səadətini məhv edər. Buna görə də qadın ev içərisində rəngi və ətri müxtəlif çiçəklərdən bağlanan bir buket kimi olmalı, ərinə səadət və xoşbəxtlik gətirməlidir. Ər axşam evə getməyə səbirsizliklə can atmalı, evə tələsməlidir.

Salehə bir xanım ərini gülər üzlə qapıda qarşılamalı, evdən çıxarkən də onu gözəl söz və dualarla yola salmalıdır. O gün çox yorulmuş olsa da bunu bəlli etməməli və onun yanında üzünü turşutmamalıdır. Ərinin sıxıntılarını bölüşməli, yorğunluğunu atması üçün ona kömək etməlidir. Həddən artıq inciklik, yerli-yersiz şikayətlər səbəbi ilə bir-birilərinin kefini pozmamağa çalışmalıdırlar.

Əməlisaleh qadın ərinə qarşı heç vaxt səhlənkar olmamalı, ailə üzvləri arasındakı sıralamada onu ikinci plana atmamalıdır. Bu hal yaradılışa tərs olacağı üçün normal bir kişi qadının belə bir davranışını qəbul etməz.

Bir insanı məmnun etmək üçün onu yaxşı tanımaq lazımdır. Buna görə xanım ərini başa düşməyə, onun ideallarını, maraqlarını, hisslərini, zövqlərini paylaşmağa çalışmalıdır. Buna qarşılıq olaraq kişi də xanımına qarşı eyni şəkildə hərəkət etməlidir. Əgər buna əhəmiyyət verməzlərsə, ailə birliyinin təbii nəticəsi olan “bərabərliklər, ortaq nöqtələr və paylaşmalar” getdikcə azalar və gün keçdikcə tərəflər bir-birindən uzaqlaşar. Vaxtında tədbir görülmədikdə bu bir müddət sonra elə bir hal alar ki, tərəflər arasındakı məhəbbət və bərabərlik ayrılıq və nifrətə çevrilər. Bunun ən pis mövsümü isə qocalıqdır. Birlikdə keçirdikləri illər boyunca bir-birilərini tanıyıb başa düşməyə çalışmayan cütlüklərin ixtiyar çağındakı ayrılığı isə acı bir tənhalıq və geridönülməz bir həsrət və peşmançılıqdır.

Xanım hər bir xeyir işdə ərinə yardım etməli və dəstək olmalıdır. Onun qohumlarına da hörmətdə nöqsan işləməməlidir. Seçim və fədakarlıq qarşısında qalarsa, ərin ailəsinə daha çox yaxınlıq göstərməlidir.

Həyat gözlənilməz hadisələrlə doludur. Fəlakət və böhran zamanları ola bilər. Belə zamanlarda ərinin yanında olmalı və onun yükünü xəfiflətməyə çalışmalıdır. Atalar nə gözəl demişlər:

“Xalça ol, üstündə qırx dənə ayaq dolaşsın ki, baş tacı olasan”.

Bir sözlə, insan sevməlidir ki, sevilsin; saymalıdır ki, sayılsın. Fədakar olmalıdır ki,  əvəzində gözəllik və hörmət görsün. Lakin ailə içərisində bunlar əvvəlcə xanımdan gəlməlidir. Təbii ki, ağıllı qadın ərinə özünü sevdirər və səadət yolunun memarı olar. Hədisi-şərifdə:

“Əri özündən razı olaraq vəfat edən qadın cənnətə gedər” (Tirmizi, Rada, 10; İbn Macə, Nikah, 4) buyurulur. 

Qadın  ərinin  davranışlarına diqqət etməli və bir mövzuda əsəbiləşdiyini gördükdə məsələni böyüdüb münaqişə həddinə çatdırmamalıdır. Çünki ciddi və uzun müddət davam edən münaqişələr aradakı məhəbbət və hörməti zədələyər, ailə yuvasını təhlükə qarşısında qoyar. Bu kimi vəziyyətlərdə xanımların ərlərinə qarşı davranışlarında mülayim və tərbiyəli olmağa diqqət etmələri lazımdır. Sonunda ər də xətasını başa düşəcək və xanımına qarşı xəcalət içində hörmətkar davranacaqdır. Əks halda xətalı olmasına rəğmən bu haqsızlığını görə bilməyəcək, beləliklə, aralarına girmiş olan şeytan iki qəlbə də kin və düşmənçilik toxumları əkəcəkdir.

Ər və arvadın diqqət edəcəyi digər bir xüsus da həddindən artıq güvənsizlik və qısqanclıqdır. İnsanları ən çox narahat edən şeylərdən  biri də özlərinə qarşı etimadsızlıqdır. Əgər bu mövzuda çox ciddi səbəblər ortaya çıxarsa, bir-birilərini günahlandırmadan əvvəl, oturub danışmalıdırlar. Yoxsa xırda-para məsələləri böyüdüb müşkül bir problem halına gətirməməlidirlər.

İnsanların bəzi hadisələr qarşısında bəsirət dediyimiz daxili duyğu və düşüncəsi bağlana bilər. Unutqanlıq və ya xətaları ola bilər. Bir xanım ərinin məsləhətləşmək ehtiyacı olduğunu görərsə, bütün səmimiyyət və xoş niyyəti ilə ona yanında olduğunu hiss etdirməlidir. Belə hallarda o mövzuda bildiklərinin ən doğrusunu söyləməyə çalışmalıdır. Ən yaxın sirdaşı olmalıdır. Unutmamalıdır ki, kişi və qadın bir-birini tamamlayan ünsürlərdir və möminlərin  anaları olan Peyğəmbərimizin xanımları da bəzi zamanlarda öz  fikirləri ilə Peyğəmbərimizə dəstək olmuşlar.

Ailə səadətinin sağlam təməllər üzərinə bina edilməsi saleh bir atanın idarəsinə bağlıdır. Saleh ata demək ailənin dolanışığını təmin etmək, tərbiyəsinə nəzarət edərək mühafizə etmək kimi vəzifələri ən gözəl şəkildə yerinə yetirən ata deməkdir. Bu isə, elmli, fərasətli, təcrübəli və ən əsası da imanlı və gözəl əxlaqlı olmaqla mümkündür.

Şübhəsiz ki, Allahın hər insana verdiyi zəka, güc, qabiliyyət, xüsusiyyət və fikirlər müxtəlifdir. Buna görə də müxtəlif xarakter və peşələr meydana gəlmişdir. Cəmiyyət nizamının davam etməsi üçün vacib olan hər peşəyə və bu peşə sahiblərinə ehtiyac vardır. Bir cəmiyyətdə həm qəssab olacaq, həm həkim, həm müəllim, həm də zibilyığan... Elə isə hər kəs öz imkanlarına görə bir ailə qurmağa səy göstərməlidir. Ailəni qurarkən tərəflərin ictimai vəziyyətlərində bərabərlik olmalıdır. Bu, yalnız maddi imkanlara deyil, eyni zamanda dünya görüşü, savad və adət-ənənə bərabərliyinə də aiddir. Bu o deməkdir ki, maddi imkanlardan daha da irəli olan mənəvi duyğuları, qayə və istəkləri yaxın olan  insanların bir-birilərini başa düşməsi və qaynayıb-qarışması daha asan olur.

Ata qazancına görə, imkan nisbətində “ev, qida və paltar” ehtiyaclarını qarşılamaqla vəzifələndirilmişdir.

Ev istər kirə, istərsə də mülk şəklində olsun, ailə üzvlərinin rahat şəkildə yaşaya biləcəyi genişlikdə, şəraitdə və mümkün olduğu qədər yaxşı bir yerdə və gözəl qonşular arasında seçilməlidir. Yaxşı yerdə yaşamaq üçün imkan varkən, gedib pis və əxlaqsız qonşuların yaşadığı vahiməli, sağlamlığa əlverişli olmayan yerlərdə məskunlaşmaq ailə üzvlərinə haqsızlıq olar. Bu xəta bir müddət sonra əxlaq aşınmasına və ailə yuvasının yıxılmasına zəmin hazırlayar.

Qidada ölçü isə, kişinin qazancı nisbətindədir. Qazanc xüsusunda nə tənbəllik etməli, nə də həddindən artıq yük altına girməlidir. Kişinin vəzifəsi bu tarazlıq içərisində qida təmin etməkdir. Bu tarazlıq xərcləmələrdə israf etməmək və lazım olduğundan artıq da xəsislik etməmək şəklində olmalıdır.

Ölməyəcək qədər yemək fərz, ehtiyac qədər yemək mübah, ancaq həddindən artıq yemək isə haramdır.

Ailə üzvlərinin sevdiyi qida və meyvə xüsusunda ata həssas və diqqətli olmalıdır. Ailədə utancaq olduğuna görə bir şey istəyə bilməyən uşaqları, xüsusən də qız uşaqlarını nəzərə almaq lazımdır.

Qonaqlara ziyafət xüsusunda da şəri ölçülər daxilində comərd davranılmalıdır. Bu həm əxlaqi bir keyfiyyət, həm də insanlıq şərəfinin gərəyidir.

Evin  kişisi  geyim xüsusunda özünə, xanımına və uşaqlarına qış və yaz geyimi olmaqla ən az iki dəst paltar almaq məcburiyyətindədir. Cümə, bayram günlərində və müxtəlif xeyir iş mərasimləri kimi sevincli günlərdə geyinmək üzrə  xüsusi  paltar  almaq da məşru və mübahdır.

Qadın və uşaqların dini, əxlaqi baxımdan yetişdirilməsi, onların dünya və axirət səadətlərinə səbəb olacaq şəkildə tərbiyə edilmələri kişiyə aid mühüm vəzifələrdəndir. Bu vəzifə Qurani-Kərimdə belə bəyan edilməkdədir:

“Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar olacaq”. (ət-Təhrim, 6)

 Bu vəzifənin çərçivəsi hər kəsin öz şərait və imkanları ölçüsündə xanımından və uşaqlarından başlayaraq, evdəki xidmətçilər, qonşular, qohumlar, məktəb və hətta mərtəbə-mərtəbə yaşadığı bütün şəhəri içərisinə almaqdadır.

Evin rəisi ailə üzvlərinin Qurani-Kərim öyrənməsinə əhəmiyyət verməli, övladlarına ibadət həzzini daddırmalıdır. Digər tərəfdən dünya və axirətə dair qayda və ədəbləri də öyrətməsi zəruridir. Bu çərçivədə övladlarını məktəb yaşına gəldikləri zaman müəyyən “yay kurslarına” göndərməli, ibtidai təhsili bitirdikdən sonra Qurani-Kərim kurslarında mütləq oxutdurmalıdırlar. Xüsusən qız uşaları üçün bu daha vacibdir. Unutmamaq lazımdır ki, bir valideynin övladına qoya biləcəyi ən qiymətli miras axirət mirasıdır.

Kişi ailəsini hər cür pislikdən qorumalıdır. Ailənin dini dəyərlərini və əxlaqi gözəlliklərini pozacaq olan yoldaşlardan, ziyarət və gəzintilərdən, televizordakı əxlaqsız proqramlardan, mənasız və səviyyəsiz kitab, qəzet və jurnallardan ailə üzvlərini uzaq tutmalıdır.

Xülasə, ailəni daxildən və xaricdən qorumaq vəzifəsi bütövlükdə kişiyə aiddir.

Ağıllı və zəki bir kişi evinə addım atarkən ağlını, ticarət yerinə girərkən də hissiyyatını qapının kandarında buraxmağı biləndir. Ailəsi və uşaqları ilə münasibətlərində onların dünyəvi işlər xüsusundakı xəta və qüsurlarını xoş görüb əfv etməli, onlara mərhəmət və mülayimliklə yaxınlaşmalıdır. Xanımının bütün sirr və ayıblarını hər kəsdən gizlətməlidir.

Dini əskiklik və laqeydliklərində isə ciddiyyətlə yanaşmalı, cəhalət və tənbəllik kimi mənfi davranışların üstünə qətiyyətlə getməlidir. Kişi ev içərisində ailəsinə qarşı mülayim davranmalı, gözəl sözlərlə könüllərini almalı, qaş-qabaqlı və kobud sifətlə onları yanından uzaqlaşdırmamalıdır.

Xanımı ilə dolanışıq və ev idarəsi mövzusunda məsləhətləşməli və gücündən artıq işləri ona həvalə etməməlidir. Müəyyən zamanlarda xanımına uşaqların tərbiyəsi xüsusunda yardım etməlidir. Çünki həm uşaqlar, həm də ev işləri qadınları gecə-gündüz həddən artıq yorur. Bu ağır yüklərində onlara yardım etmək aradakı məhəbbət və anlayışın artmasına səbəb olur.

Xanımının üzünə qarşı və qiyabında dualar etməlidir.

Xanımından  xəbərsiz  uzaq  səfərə çıxmamalıdır. Evə xəbərsiz və kim olduğuna yaxşı bələd olmadığı yad qonaqlar gətirməməlidir. Xanımından şəri ölçülərin xaricində naməhrəmlərin qarşısına çıxmasını və onlara xidmət etməsini tələb etməməlidir.

Allah-Təala hər birimizə ailə yuvamızı xeyirlə qurmağı, bu ailədən xeyirli nəsillər yetişdirərək Muhamməd ümmətinə və bütün insanlıq aləminə xidmət etməyi nəsib etsin!

Ey Rəbbimiz! Bizə və ailələrimizə Sənə qulluq və itaət üzrə razı qalacağın bir təqva həyatı nəsib edib evlərimizi lütf və səadət cənnətinə çevir! Min bir üsyan və qəflət əməllərinin alovlandırdığı əzab cəhənnəmi etmə!

Amin!..

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz