Suyun Qaldırılması

Suyun Qaldırılması

Bir an düşünün ki, həyatınızda krandan axan su yoxdur, siz də suyu gündəlik olaraq quyudan və ya arxdan təmin edirsiniz...

 Qədim dövrlərdə sudan istifadə qaydaları belə idi. Quyu və kəhrizlərdən adi üsullarla su çəkilirdi. Ta ki, düşünən insanların sayəsində yeni üsulların tapılması ilə  suyu  daha rahat əldə edənə qədər. Suyumuz hər daim borulardan axır, hər an istifadəyə hazır vəziyyətdədir. Bu sahədə də müsəlman alimlərin bir çox kəşflərinə borcluyuq.

Suyu tutma, qaldırma və nəqletmə sahəsində müsəlman alimlər qədim ənənələri təkmilləşdirmiş və öz dövrünün ən inkişaf etmiş texnologiyasını kəşf etmişlər. Qədim misirlilər uzun bir ağacın   ucuna vedrə bağlayıb, suyu çaydan alıb  yuxarıya ötürürdülər. Bir növ kran vəzifəsi görən bu qurğu şaduf adlanırdı. Bu qurğu hələ də istifadə olunur.

Miladdan əvvəl 100-cü illərdə böyük çarxlardan istifadə olunmağa başlandı.  Romalı memar və mühəndis olan Vitruvi (yun. Marcus Vitruvius Pollio; d. E.ə. 8070 - ö. E.ə. 15) əsərlərində böyük su qurğularından bəhs edərdi. Suyun gücü ilə fırlanan çarxın üzərindəki xüsusi qablar çayın içindən suyu alıb yuxarı qaldırır və kanallara boşaldırdı.  Beləliklə, aşağı hissədə olan suyun yuxarıya qaldırılması təmin edilirdi.  Romalı və İranlıların  istifadə etdiyi bu qurğuları müsəlman alimlər  daha da təkmilləşdirmiş və yeni cihazlar icad etmişlər. Müsəlman mənbələrində VII-VIII əsrlərdə  yazılmış əlyazmalarda kanalın qazılmasından və su çarxından bəhs olunur.

Əl-Cəzarinin su nasosu

Texnika sahəsindəki yaradıcılığı ilə öz dövrünün tanınmış mühəndisi sayılan Əl-Cəzari Şırnakta anadan olmuşdur. Cəzari su nəql edən mexanizmlərin layihələndirilməsi, mürəkkəb konstruksiyalı saatların və bir çox başqa mexanizmlərin hazırlanması ilə məşğul olmuş və bu işlərin nəticələrini 1206-cı ildə yazmış olduğu “Mexaniki sənətin nəzəri və praktiki əsasları” (ərəb. Əl Cəmi Bein Əl-Elm Vəl-Amal Əl-nafi Fi Sinat) kitabında təsvir etmişdir.

XII əsrin sonlarında Artuklu soltanının əmrində çalışan Əl-Cəzari bir çox sahədə olduğu kimi suyun nəqli sahəsində də öz məharətini göstərdi. Əl-Cəzari bu çalışmaları zamanı bu günə qədər mühərriklərdə istifadə olunan   dirsəkli valı icad etdi. Dirsəkli val Avropada yalnız XV əsrdən sonra  istifadə edilməyə başlanmışdır. Əl-Cəzari 5 ədəd su qaldıran mühərrik icad etmişdi. Bunlardan ikisi ilə ənənəvi qaldırıcıları təkmilləşdirmiş və heyvan gücündən istifadə edərək işə salmışdır. Digər mühərrik isə suyun gücü ilə hərəkət edən dişli çarxlardan meydana gəlirdi. Dirsəkli valın kəşfindən sonra isə suyun gücü ilə işləyən pompanı icad etdi. Suyun gücünın hərəkətə gətirdiyi çarxla birgə val fırlanır bu sayədə val dirsəkləri hərəkət etdirirdi. Dirsəklərin hər ikisi eyni anda işləmir, biri önə, digəri arxaya hərəkət edirdi. Boruların içərisinə yerləşdirilən qapaqcıqlar növbəli işləyir, biri açılır, o biri isə bağlanırdı. Dirsəklərin dartma və itələmə prinsipi ilə boruya su dolur və yuxarıya doğru  hərəkət edirdi. Bu qurğu su dəyirmanları kimi çay kənarlarına quraşdırılırdı və suyu 12 metr yüksəkliyə qaldırırdı.

Əl-Cəzarinin açdığı cığırda davam edən və 6 silindrli su nasosunu məruzə edən İslam alimi isə Tağıyəddindir. O, 1525-ci ildə Dəməşqdə anadan olmuş və 1585-ci ildə Türkiyədə vəfat etmişdir. Fəaliyyətinin əvvəlində Tağıyəddin, müsəlman teoloqu kimi müəyyən kitablar yazır. Bu kitablardan biri, ona dünya şöhrəti gətirən, 1551-ci ildə Dəməşqdə yazılmış, “Ruhani maşınların tətbiqi” (ərəbcə: Əl-Turuq Əl-saniyya Fil-alat ər-ruhaniyyə) adlı əlyazmasıdır. Bu əlyazma hazırda İrlandiyanın Dublin şəhərinin kitabxanasında saxlanır. Əl-Həsən bu kitabı təhlil edərək müxtəlif alətləri və maşınları cizgilər və şəkillərlə təsvir etmiş, mühəndislərin həyatı haqqında məlumatlarla birlikdə çap etdirmişdir. Bu iş müxtəlif alimlər tərəfindən araşdırılmış və orada təsvir olunmuş saatların, tərəzilərin, nasosların, su turbinlərinin və başqa maşınların konstruksiyaları öyrənilmişdir. Tağıyəddinin bu kitabında təsvir olunmuş bir nasosun müasir avtomobil mühərriklərinin yaranmasındakı rolu onun işləmə prinsipi araşdırıldıqda açıq-aydın görünür. 6 silindrli bu nasosun məruzəsi buxarlı mühərriklərin icadından 100 il əvvəl edilmişdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz