MÜSAHİBƏ- SƏMƏD BABA

MÜSAHİBƏ- SƏMƏD BABA

İrfan: Səməd baba, İrfan jurnalının buaykı mövzusu ailə münasibətlərinin əhəmiyyəti haqqında olacaq. Sizinlə bu barədə söhbət etmək istədik.

Səməd baba: İndi, hörmətli balalar, qardaşlar, bizim nə dini, nə də dünyəvi bir təhsilimiz olmayıb. Buna baxmayaraq biz gözəl qoyun otaran bir çoban olmuşuq. Naxırını qabağına qatıb gedən çoban yox, dörd yüz, beş yüz qoyun özünün arxasınca gələn çoban olmuşuq. Biz onlara çox insafla, hörmətlə yanaşmışıq.

Allaha çox-çox şükürlər olsun ki, gözümüzü ailədə “la ilahə illallah – Muhammədun rəsulullah”la açmışıq. Çox şükür, Allah dostlarının, elm sahiblərinin evimizə gəlməyini və bizi aparıb özləri ilə axşamı səhər eləməyi nəsib edib.

İlk olaraq Allah dostları ilə oturub-görüşməyimiz Göyçay rayonunun Mırtı kəndindən olan Allah dostları ilə bağlıdır. Onlar at belində gələr, həftələrlə bizdə qalardılar. Bəzən də biz gedib o Allah dostlarının evlərində həftələrlə qalardıq. Bizim təhsilimiz uşaqlıq illərindən bəri onlardan eşitdiyimiz, gördüyümüz nəsihətlərdir. Məsələn, böyük gəlməmiş süfrə açılmazdı. Evin böyüyü gələndə birinci növbədə əlinə su gətirərdik. Ondan sonra süfrəni salardıq. Çaydır, çörəkdir, böyüklər bismillah etməmiş, böyüklər çörək kəsməmiş kiçiklər əl uzatmazdı. Onlara baxa-baxa gözləyərdilər.

- Süfrədə böyüyü gözləməyin ailədaxili tərbiyəyə nə qədər təsiri olur ki?

- Hər işdə bir ədəb qaydası var. Orada da böyük-kiçiyə aid bir ədəb qaydası var. Əgər bir sinifdə müəllimə hörmət qoyulmazsa, uşaq ondan nə götürə bilər? Böyüyə hörmət olacaq ki, ondan nəsə görüb götürsün.

Ailəyə gəldikdə, mehribançılıq ata-anadan keçməlidir. Qadına qarşı mehriban olmaq çox vacibdir. O, Allahın əmanətidir. Övladların da ata-anaya qarşı çox ləyaqətli olmasına, oturub-durmağa diqqət etməsinə ehtiyac var. Ata-ananın da yenə eyni şəkildə övladlarına qarşı qayğı göstərməsi, hərəkətlərinə diqqət yetirməsi lazımdır. Əgər övlad ata-ananı düzgün başa düşürsə, onu layiqli bir şəkildə ata-ana qəbul edirsə, mehribançılığı varsa, Allah qarşısında da onun hörməti var, xalq arasında da.

Yeməkdə, danışıqda, gülməkdə, hər bir işdə ədəb bizə rəhbər olmalıdır. Hər işimizdə səbirlə davranıb ədəbi əldən buraxmamalıyıq. Elmimiz nə qədər çox olursa olsun, səbir olmazsa o işi layiqincə yerinə yetirə bilmərik.

- Baba, ailə tərbiyəsində söz mühümdür, yoxsa əməl? Hansı daha təsirlidir?

- Sözü də demək lazımdır, amma əməl daha vacibdir. Dünya qədər elmin olsa, o elm səni bu dünyada mühafizə edər, amma əməl Allah qatında mühümdür. Əməlsiz iş elmi sahədə nəsə fayda verə bilər, amma bu daimi olmaz. Elm müvəqqəti olaraq səni mühafizə edər, amma əməl bütünlüklə əhatə edər. İstər övladları ilə münasibətlərdə, istərsə də dostları və iş yoldaşları arasında əməl olmazsa deyilən sözün faydası olmaz.

- Evliliyiniz, ailə qurmağınız barədə nə danışa bilərsiniz? Neçə yaşında evlənmisiniz?

- Biz çox gec evləndik. Xanımım məndən on yaş balacadır. Belə oldu ki, atalığım da dünyasını dəyişmişdi. Biz beş-altı nəfər qalmışdıq bir qadının boynunda. O da çox həlim-səlim, çox zəhmətkeş qadın idi. Özü də namazını, orucunu ötürən deyildi. Belə olub imkansızlıqdan gec evləndim, hardasa altmışıncı illərin əvvəli idi. Xanım məndən on yaş balaca olsa da, hardasa iyirmi yaşı olardı. Mən onun ata-anasını tanıyırdım, qızı tanımırdım. Dayılarım  vasitəçi oldular, dedilər səni evləndiririk. Əlbəttə, bu əsnada mənim də bəzi suallarım, şərtlərim oldu, onları xanımla öz aramızda danışdıq, razılaşdıq.

- Bəlkə o şərtlərdən danışasınız?

- Bizim nə malımız-mülkümüz, nə də geniş imkanlarımız var idi. Şərt deyəndə, belə bir söhbətimiz olmuşdu ki, qapımıza gələn qonağı, mən oldum-olmadım, evdə varmış kimi qəbul edəcəksən. Gələn-gedənin qarşısında əliaçıq tərpənməlisən... Ola bilsin qəndimiz olmaz, çayımız olmaz, hamısı var imiş kimi qəbul et. Bunun kimi bir neçə məsələni elə ilk gündən danışdıq. Allaha şükür, o kişinin qızı da mehribançılıqla qarşıladı.

O vaxt cavan idim. Yorulmadan gecəmi-gündüzümü zikrlə, ibadətlə keçirə bilirdim. Hətta bir dəfə bir qonşumuz anamdan, evdəkilərdən soruşar ki, bu, gecələr nə iş görür? O da cavab verər ki, vallah, başqa işini bilmirəm, amma yanında bir kibrit qutusu olur, çöplərini gah o tərəfə, gah bu tərəfə yığır. O vaxtlar təsbehim yox idi. Bəraət gecəsi, Rəğaib gecəsi kimi müəyyən gecələrdə kibrit çöplərindən istifadə edərək zikr edərdim.

- Heç olub ki, xanımla dalaşasınız, sözünüz çəp düşə?

- O mənada dalaşmaq, xeyr, qətiyyən ola bilməz. Dava-dalaşa vaxtımız olmayıb (baba təbəssüm edir). Həmişə çöldə-bayırda olmuşam. Ya qoyun otarmışam, ya usta kimi haradasa hörgü işində olmuşam... Ev işlərimizi namaza görə nizamlayardıq, vəssalam. Həmişə mehriban olmuşuq.

- Dediniz ki, var-dövlətimiz olmayıb, amma mehriban olmuşuq. Bu gün bəzi ailələr deyir ki, bizim aramızdakı söz-söhbətlərin səbəbi maddi imkansızlıqdır. Siz də deyirsiniz ki, mehribançılıq pul ilə olmur. Bunun sirri nədir?

- İnsanları varlı-yoxsul deyə ayırırıq. Düzdür, yoxsul olan dünyada bir az çətinlik çəkər. Amma yoxsulun Allah qatında digərindən aşağı bir dərəcəsi varmı? Bunu düşünmək lazımdır. Əsas məsələ budur. Fağır da bunu bilərək səbir göstərməlidir. Səbir, səbir və yenə də səbir... Belə bir rəvayət deyirlər: Məhsul yığımı vaxtı bir nəfər baxır ki, yığdığı bu məhsul on bir ayına yetər, amma bircə ayına çatmır. Fikirləşir ki, ən yaxşısı Rəsulullahın (s.ə.s) yanına gedim, ondan istəyim. Gedir Rəsulullahın (s.ə.s) yanına, salam verir, deyir: “Ya Rəsulallah! On bir ayımın ruzisi var, bircə ayım çatmır, onu da siz versəniz?”. Peyğəmbərimiz deyir ki, “Get mənə bir miqdar un gətir, bu küçə ilə get, orada filankəsə ver”. Adam deyiləni edir, un kisəsini götürüb gedir. Ev sahibini çağırır. Ev sahibi çıxanda deyir: “Bu əmanət sizə çatmalıdır”. Adam deyir: “Ay qardaş, mənim, şükür Allaha, hələ üç günlük ruzim var. Sən düz gəlmisən, amma o adam mən deyiləm. Bir az daha yuxarı get, orada filankəs var, onun ehtiyacı olar”. Adam gedir, sonrakı qapını döyüb ev yiyəsini çağırır. Salamlaşıb deyir: “Bu əmanət sənə çatmalıdır”. Ev sahibi deyir: “Çox şükür, hələ mənim üç öynə yeməyim var. Sən düz gəlmisən, bir az da yuxarı get, axtardığın adamı taparsan”. Adam gedir, o biri qapını döyür, çağırıb salamlaşır. Bu ev sahibi də deyir: “Şükür Allaha, hələ mənim bir öynə yeməyim qalıb, ehtiyacım yoxdur”. Bu rəvayət həqiqətən yaşanıb, yoxsa bir öyüd-nəsihətdirmi, bunu bilmirəm, amma burada yoxsulun nə qədər səbirli olmasını və Allaha yaxın olmasını görürük. Rəsulullah (s.ə.s) ona başa salır ki, sən bir aylıq ruzi dərdi ilə yollara düşmüsən, xalqa bax, bir öynəliyi olduğu üçün şükür edir. Bax, həqiqi səbir budur, Allah bizə bu səbirdən, bu cür yaşayışdan pay versin ki, qiyamətdə Allah qarşısında, Rəsulullah (s.ə.s) qarşısında üzüağ olaq. Yoxsulluq səbirsizlikdir. Əgər səbri varsa, o adam yoxsul deyil.

- Siz bayaq dediniz ki, “gələn qonağı yedirib-içirib yola salmaq lazımdır, xanıma bunu şərt qoşmuşdum”, amma öz imkanınız az idi. İnsan yoxsul ikən verəndə malı qurtarmır ki?

- Allahın verdiyinə şükür eləmək lazımdır. Şərt deyil ki, hər gələnin qarşısına qonaqlıq kimi süfrə açasan. Yeməyə gələn qonaq əvvəlcədən xəbər verir, sonra gəlir, ona görə də tədarük görülür. Amma təsadüfən gələn qonağa evdə nə varsa, Allah verəndən verilər, burada ayıb olası heç nə yoxdur. Xərcləmək malı azaltmır. Biz Allahdan istəyəndə çoxlu-çoxlu istəyirik, nə qədər versə də, bəsdir demirik. Amma kimsə bizə əl açanda biz manat yox, qəpik axtarırıq.

- Çobanlıqla ailə başçılığı arasında nə kimi bənzərliklər var?

- Çoban öz naxırını qoruduğu kimi, yeməyinə-içməyinə diqqət etdiyi kimi ailə də bir-birinə nəzarət edir. Xalq arasında gəzən belə bir rəvayət var ki, bir gün Fatimeyi-Zəhra deyir ki: “Ya Rəsulallah, ailəyə qarşı məndən daha inamlı, etibarlı, cənnətlik bir qadın varmı?” Buyurur ki: “Filan yerə get, görərsən”. Gedib görür ki, bir qadın günün altında oturub, orada qurutduğu çörəkləri yeyir. Soruşur ki: “Niyə belə edirsən?” Qadın cavab verir: “Ərim camaatın naxırını güdür, bu dəqiqə günün altındadır, çörəyi də bu istidə quruyub. Mən də onun kimi günün altında, çörəyimi qurudub yeyirəm...” Buna oxşar bir çox rəvayətlər var. Ailənin daxilində hörmət, məhəbbət yoxdursa, ata-anaya xoş rəftar yoxdursa, onun Allah qatında da dəyəri olmaz. Allahın, Rəsulullahın və ya xalqın məhəbbətini, hörmətini qazanmaq üçün bunu əvvəlcə öz ailəsinin daxilində qazanmaq lazımdır. Nəfsimizə rəhbərlik etməyi bacarmalıyıq. Qarşımızda bir loğma varsa, “onu da mən yeyim” yox, “onu yoldaşıma yedirim” deyə fikirləşmək lazımdır. O bir loğmanı biz yesək, elə də bir şey qazanmış olmarıq, amma onu yoldaşımıza yedirsək çox şey qazanarıq, həm Allah qatında, həm də ailədə. Bu bir axirət ticarətidir. Bir-birimizə təmənnasız etdiyimiz yaxşılıqlar axirət sərmayəmizdir.

- Ailədə mehribançılıq üçün riayət olunacaq ədəb qaydaları nələrdir? Keçmiş ilə indinin bir fərqi varmı?

-  İstər o vaxt, istər bu vaxt, bir-biri ilə danışıq tərzi, söhbət və mehribançılıq ədəb qaydalarındandır. Gələn qonağı gülər üzlə qarşılamaq ədəb qaydalarındandır. Günümüzdə bunlara daha az riayət olunur. İnsan bildikləri ilə ilk əvvəl ailə içində əməl etməlidir ki, başqası da ondan görüb nəsə götürsün. Hansı bölgələrdə ki, böyük Allah dostları var idi, Sovet vaxtında da o bölgələrdə ədəb qaydaları, hörmət-izzət daha çox yaşadılırdı.

- Səməd baba, Allah razı olsun, bizə vaxt ayırdınız, qiymətli məsləhətlər verdiniz.

- Allah sizdən də razı olsun. Haqq-Təala Adəm ilə Həvva, İbrahim-Xəlil ilə Sara, Yusif ilə Züleyxa, Muhammədül-Mustafa (s.ə.s) ilə Xədicətül-Kübra, Əliyyül-Mürtəza (r.a) ilə Fatimeyi-Zəhranın arasındakı hüsnü-mübaşirəti, ülfəti ailələrinizə nəsib və müyəssər etsin! Amin!

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz