Həyat Yollarında
İnsan ömrü beşiklə məzar arasında davam edən bir yoldur. Bəzən dümdüz, bəzənsə dolaylı olan, enişli və yoxuşlu bu yolda sevincli və kədərli anlar yaşanır.
Bu yolun yolçusu olan insan bəzən ömür səfərində könül oxşayan mənzərələrlə qarşılaşır, üzünə təbəssüm yayılır. Bəzənsə keçdiyi yerlərdə xoş olmayan şeylərlə rastlaşır. Bu yolda qəza da var, uçurum da. Çox səfalı qonaqlama nöqtələri də var, təhlükəli keçidlərdə basqın təhlükəsi də. Amma nə qarşımıza çıxan göz oxşayan mənzərə, nə də rastlaşdığımız maneə bizi yoldan döndərməməlidir. Yola çıxdınsa gərək səfəri başa vurasan. Yarıdan qayıtmaq olmaz. Onsuz da belə bir şey mümkün də deyil.
Təbiidir ki, yola çıxan insana yoldaş lazımdır. Yolu necə başa vuracağımız bir az da yoldaşdan asılıdır. Tərəf müqabili elə seçilməlidir ki, sadəcə yoldaş olmasın, həm sirdaş olsun, həm hə dərd ortağı. Sevincimizə sevinsin, kədərimizi qəlbində hiss etsin. Əsas məsələ budur ki, arada ortaq duyğular olsun.
Bəli, həyat bir yoldur, yol yoldaşımızsa ailə qurduğumuz insanlardır. Ona görə də ailə gəmisinin kapitanını da, heyət üzvünü də düzgün seçmək ən başlıca vəzifəmiz olmalıdır. Bir dəfə gəmiyə mindikdən sonra da kapitana təslimiyyət, heyətə güvənmək gərək. Təlatümlü dünya dənizində əzmlə irəliləmək üçünsə bütün üzvlərin bir-birinə qarşı münasibətləri sevgi və ehtiram prinsipinə görə tənzimlənməlidir. Ailə gəmisində hər kəs tamamlayıcı olmalı, yıxılana əl uzatmalı, bir-birinə şəfqətlə yanaşmalıdır. Bu səfərdə kənar müdaxilələrlə çöldən, daxili çaxnaşmalarla da içəridən fitnə dəliyinin açılması yolverilməzdir. Ailədə yaşanan müəyyən fikir ayrılıqlarının həyat yolumuzu da ayırmasına izin verməməliyik.
Ailə əmanətdir. Çünki Allah Rəsulu Vida xütbəsində “Xanımlarınızı Allahdan əmanət olaraq aldınız”, - buyurur. Elə isə ailənin rəisi xanımını əmanət bilməli, sahibinin xətrinə yaraşacaq şəkildə müamilə etməlidir. Xanım da əmanət olduğunu dərk edərək göndərənin etimadını doğrultmalıdır. Xoşbəxt ailənin sirri məhz bu şüura sahib olmaqda gizlidir.
Məsələnin xülasəsi bundan ibarətdir: əmanət = əmin-amanlıq.
ŞƏRHLƏR