Satmağı Öyrən!
Məqalənin adı hər birinizi bir az təəccübləndirə bilər.
Etiraf etməliyəm ki, məqaləmə bu adı sadəcə sizi təəcübləndirmək və ya diqqətinizi cəlb etmək üçün deyil, həqiqətən satış işini öyrənməyin vacibliyinə nəzərləri çəkmək üçün vermişəm. Bəli, özünü satmağı öyrənməlisən! Çünki bu dünyada sata biləcəyin ən dəyərli şey sənin özünsən. Özünü düzgün yetişdirib sata bilmirsənsə, deməli, çox qazana bilməyəcəksən. Yəqin ki, bazara gedəndə ucuz, tozlu almaları deyil, təmizlənmiş gözəl almaları almağı tərcih edirsən. Əslində isə o almaların hər ikisinin keyfiyyəti eynidir. Təmiz almanı satdıran şey isə satıcısının onu müştəriyə düzgün təqdim etməsidir. Burada əsas məsələ eyni almanın yaxşı təmizlənməsi, düzgün düzülməsi və daha baha qiymətə satılmasıdır. Təbii ki, hər malın öz müştərisi olduğu kimi, üzəri tozlu olan almanın da müştərisi olacaq, ancaq əsas fərq verilən qiymətdə özünü göstərəcək. Bu, eyni ilə həyatda da belədir. Nəzərə alsaq ki, bütün insanlar yaradılış etibarilə eynidir, o zaman biz başqalarından fərqlənmək üçün bir şeylər etməliyik. Fərqli edəcəyimiz şeylərin başında isə özümüzü cəmiyyətə daha yaxşı təqdim etməyin yolları gəlir. Bunun da tək və yeganə yolu dövrün gətirdiyi yeniliklərə açıq olmaq və davamlı oxumaqdır. Belə demək mümükündürsə, müəyyən yaşdan sonra iş qabiliyyətini itirib pensiyaya ayrılmaq istəmirsənsə, hər yaşda özünü yeniləməyi bacarmalısan.
Oxumaq, öyrənmək sadəcə təyin edilmiş illər içərisində yekunlaşmamalı, öyrənmə mərhələsi bir ömür boyu davam etməlidir. Hər gün bir az daha yenilənən dünyada köhnə qalmaq yaşayarkən ölümünə fərman vermək deməkdir. Hansı ixtisasa sahib olursan ol, onun yeni modellərini hazırlamağı bacarmalı və yeni düşüncəyə sahib insanlara sata bilməlisən. Yoxsa hamının öz məhsulunu satdığı bazarda sən heç nə sata bilməyəcəksən. Nəzərə alsaq ki, bu dünyada çox şeyi bilənlər deyil, bildiklərini düzgün istifadə edənlər çox qazanır, o zaman bilgini yüklənməkdən çox yönləndirməyə diqqət edilməlidir.
İnsan o zaman uğurlu şəxsiyyətə çevrilir ki, o hər zaman özünü yeniləməyi bacarır. Davamlı olaraq bilgisinin üzərinə yeni bilgilər əlavə edir və zamanla yarışır. Bu gün əldə etdiklərin səni beş il idarə etsə də, on il sonra bu gün sahib olduqların bir işə yaramayacaq. Bu günün çox önəmli informasiyası sabah öz dəyərini itirirsə, mütləq sabaha uyğun olan məlumata sahib olmaq lazımdır. Yoxsa bu gün qazandığın dəyəri sabah sənə heç kim verməyəcək.
Həyatda ömür boyu uğura imza atmaq üçün üzərində dayandığımız fərdi “satış” strategiyası ailədaxili münasibətlərin davamlılığında da önəmli yerə sahibdir. Ailədaxili problemlərin yaşanmasının da başlıca səbəblərindən biri tərəflərin münasibətlərini qorumaq üçün özlərini yeniləməməsi və qarşı tərəfə düzgün “sata” bilməməsidir. Ailə quran fərdlər elə düşünür ki, biz artıq evləndiksə, deməli, münasibətimiz necə də olsa davam edəcək. Bəlkə də, həqiqətən ictimai qınaqdan çəkindiklərinə görə münasibətlər davam edəcək, ancaq o münasibətlərin əvvəlki kimi dadı-duzu olmayacaq. Maraqlı paradoksdur ki, insanlar evlənmədən əvvəl sevdiyi insanla görüşə gedərkən ən gözəl paltarları geyinir, bacardığı qədər xoş ətirlərdən istifadə edirlər. Yenə münasibətlərinin ilk illərində sevdiyi insanla ən gözəl, səmimi, xoş sözlərlə münasibət qururlar. Ailə müəssisəsi təsis edildikdən sonra isə bütün bunlar gözardı edilir. Nəticədə isə bir-birini görkəminə və xoş münasibətinə görə bəyənib ailə quran insanların arasındakı səmimiyyət və sevgi minimuma enir. Ömrün qalan və birlikdə yaşanan hissəsi də məcburiyyətdən yaşanan bir həyata çevrilir. Xoş auranın, sevginin, gözəlliyin olmadığı ailələrdə isə davamlı konfliktlərin yaşanması qaçınılmaz olur.
İstər bəy, istərsə də xanım, evli olduqları müddət ərzində ilk gündəki təravətlərini qorumağa çalışmırlarsa və bir-birlərinə qarşı münasibətlərində yadlaşmalar baş verirsə onlar öz evliliklərinin ömrünü qısaldır deməkdir. Unudulmamalıdır ki, bizim insanlararası münasibətlərimizi müsbət və ya mənfi mənada tənzimləyən əsas duyğu orqanlarımız gözlərimiz və qulaqlarımızdır. Gözlərimiz gözəl olana baxar, qulaqlarımız isə xoş söz eşitmək istər. Qarşımızdakı insanın zövqünü oxşamağın və onlara özümüzü uzunmüddətli “satmağın” yolu da bu prinsiplərə uyğun hərəkət etməkdən keçir.
Son olaraq, insanların ən sevimlisi olmaq istəyirsənsə, dilindən xoş sözü, üzündən təbəssümü əksik etmə! Hər yaşda ehtiyac duyulan insan olmaq istəyirsənsə, məlumat bazanı zənginləşdir və davamlı yenilə! Ailəni qorumaq üçün isə ya sevildiyin gün kimi ol, ya da sevdiyinin sevdiyi kimi!
ŞƏRHLƏR