BƏRƏKƏTİN SİRLƏRİ
Son dövrlərdə insanların bir çoxu işlərin bərəkətinin qalmadığını deyir, daim günümüzün bərəkətsizliyindən gileylənirlər.
Görəsən, bərəkətin hasil olması üçün lazım olan əməllərə nə qədər diqqət edirik?
Bərəkət sözü – artmaq, çoxalmaq, feyzli olmaq mənalarına gəlməkdədir.
• Malın bərəkəti - onun artması, çoxalması və kifayət miqdarda olmasıdır.
• Evin bərəkəti - genişliyi, rahatlığı, dincliyi və sakinlərinin xoşbəxtliyidir.
• Qidanın bərəkəti - bolluğu, təmizliyi və halallığıdır.
• Ailə üzvlərinin bərəkəti - çoxluğu və gözəl əxlaqıdır.
• Ailə müəssisəsinin bərəkəti - ər və arvadın bir-birinə uyğun, nizamlı və anlayışlı olmalarıdır.
• Zamanın bərəkəti - genişliyi və edilməsi lazım olan işin vaxtında yerinə yetirilməsidir.
• Sağlamlığın bərəkəti - sağlam bir vücuda və dincliyə sahib olmaqdır.
• Ömrün bərəkəti - uzun olması və yaxşı, saleh əməllərlə keçmiş olmasıdır.
• Elmin bərəkəti isə - elmi ilə əməl etmək, bacarıqlı və qabiliyyətli olmaqdır.
Qısaca desək, bərəkət - adı xeyir olan hər şeyin bir araya gəlməsi və nemətin çoxalmasıdır.
Bərəkət, əslində, əldə var olan bir nemətin kənardan az görülsə də, hər şeyə kifayət etməsidir.
Gəlin bərəkət ilə əlaqəli Allah Rəsulunun (s.ə.s) bizlər üçün çox əhəmiyyətli olan bəzi tövsiyələrinə nəzər salaq:
Evə daxil olan şəxsin salam verməsi: Allah Rəsulu (s.ə.s) belə buyurur: “Övladım! Evinə, öz ailənin yanına daxil olduğun zaman onlara salam ver ki, sənə və ev xalqına bərəkət gəlsin”. (Tirmizi, İstizan, 10) Bu hədisin izahında qeyd olunur ki, insan evinə daxil olarkən hər zaman salam verməlidir. Evdə heç kim olmadığı zaman isə bu ifadələrlə öz-özümüzə salam verməliyik: “Əssələmu aleynə və alə ibadilləhis-salihin”. Mənası: “Allahın salamı, sülh və əmin-amanlığı bizim və saleh qullarının üzərinə olsun”.
Qurani-Kərim oxumaq: Allah-Təala Quranın bərəkəti haqqında belə buyurur: “Endirdiyimiz bu Quran özündən əvvəlki kitabları təsdiq edən və bərəkət qaynağı olan bir kitabdır”. (əl-Ənam, 92)
Allah Rəsulu (s.ə.s) də: “(Evlərinizdə) Bəqərə surəsini oxuyun, çünki bunun əldə edilməsi bərəkət, tərk olunması isə zərərdir. Ona sehrbazlar da güc çatdıra bilməzlər”, (Müslim, Müsafirin, 252) - buyurmaqdadır.
Bismillahla (Allahın adı ilə) başlamaq: Hər bir işimizə “Bismillah” deyərək başlamalıyıq. Belə ki, Allah Rəsulu (s.ə.s) buyurmuşdur: “Bismillah hər xeyrin başıdır, Bismillahla başlanmayan bir işin sonu yoxdur, bərəkətsizdir”. (İbn Macə, 1894 Feyzul-Qadir, V, 13).
Yeməyi bir yerdə yemək: Ailə üzvlərinin bir yerə toplanıb, bir süfrə arxasında yemək yeməsi bərəkəti qazanmaq üçün bir səbəbdir. Bir çox insanın bir yerə toplaşıb birlikdə yedikləri yeməkdə də bərəkət hasil olar. Allah Rəsulu (s.ə.s) belə buyurur: “Yemək süfrəsinə hamınız toplanın və yeməyə başlayarkən də Allahın ismini anın. (Bismillah deyin), əgər belə etsəniz, Uca Allah o yeməyi sizin üçün bərəkətli edər”. (İbn Macə, 245) Çox təəssüf ki, günümüzdə bəzi insanlar ya işini və ya başqaları ilə görüşməyi bəhanə edərək ailəcə oturub yemək yeməyə o qədər də əhəmiyyət vermirlər. Halbuki evə bərəkət gətirən amillərdən biri də elə budur.
Şükür etmək: Şükürdəki bərəkəti Uca Allah belə bildirməkdədir: “…Əgər şükür etsəniz, əlbəttə, sizə (olan nemətimi) artıracağam. Əgər nankorluq etsəniz, şübhəsiz ki, Mənim əzabım çox şiddətlidir”. (İbrahim, 7)
Allah Rəsulu (s.ə.s) isə: “Uca Allah öz bəndəsinin hər hansı bir şey yedikdən və içdikdən sonra həmd və şükür etməsindən xoşlanar”, (Müslim, Zikir 89; Tirmizi, Ətimə 18) - buyurmaqdadır.
Tezdən Qalxmaq: Bir insanın yatağından səhər tezdən qalxaraq işinə başlaması bərəkətə vəsilə olur. Allah Rəsulu (s.ə.s) belə buyurur: “Səhərin erkən saatları ümmətim üçün bərəkətli qılındı”. (Tirmizi Büyu, 6; İbni Macə, Ticarət,41)
Tezdən yataqdan qalxan insan sabahın təmiz havasını ciyərlərinə çəkərkən ruzi-bərəkət mehini də öz üzərinə və qazancının üzərinə çəkməkdədir. Allaha şükür və ibadətlə başlayan yeni bir gün insana halal ruzi və bərəkət gətirməkdədir. Çünki ruzi-bərəkətin, mənəvi duyğuların paylandığı vaxt sabahın son üçdəbirindən başlayıb, günəşin şüaları görünənə qədər davam edər. Allah (azzə və cəllə) hər birimizə, ölkəmizə və ümmətimizə bərəkətlər versin! Amin!
ŞƏRHLƏR