AİLƏ SİRLƏRİ BAHABİÇİLMƏZDİR!

AİLƏ SİRLƏRİ BAHABİÇİLMƏZDİR!

Ailə məfhumu və müəssisəsi İslam dininin ən çox əhəmiyyət verdiyi və müqəddəs qəbul etdiyi xüsuslardan biridir.

 Məhz buna görə də evlənməyi və halal yoldan çoxalmağı əmr etmişdir.

Ailə hər bir qadın və kişi üçün rahatlıq, təhlükəsizlik, məhəbbət və asayiş mərkəzidir. Sağlam ailə sağlam cəmiyyətin də təməlidir. Məhz buna görə hər bir müsəlman, hər bir vətəndaş öz ailəsini milli-mənəvi ruhda formalaşdırmalı və yad mədəniyyətlərin mənfi təsirindən mühafizə etməlidir. Əfsuslar olsun ki, son dövrlərdə kütləvi informasiya tələləri, əslimizə yad olan mədəniyyətlərin “təcavüzü” ailələrimizin formasını dəyişdirməyə başlamışdır. Ailədaxili münasibətlər və ailə məhrəmiyyətimizi heç bir mənəvi dəyəri olmayan veriliş və filmlər formalaşdırmağa başlamışdır. Məhz buna görə də hər keçən gün boşanmaların sayı artır və xoşbəxtlik yuvası saydığımız ailə bədbəxt insanlar kütləsinə çevrilir.

Ailə, mənsublarının mühafizə etdiyi sirli bir dünyadır. Yəni hər bir ailə öz daxilində sirləri və məhrəmiyyətləri ilə yaşayan, dəyər qazanan bir bütündür. Təəssüflər olsun ki, dünyadakı qlobal hakim mədəniyyətin insanlara sırımaq istədiyi bir xəstəlik də ailədaxili sirləri aradan qaldırmaqdır. Hər kəs öz əməlləri ilə fəxr edir və ailə sirlərini açıb-tökərək, bəzən də heç tanımadığı insanlarla paylaşaraq onların nəzərində dəyər qazanmağa çalışır. Halbuki İslam dini bunun tam əksini tövsiyə edir. Hər nə gizlidirsə, o, daha dəyərlidir.

Cəmiyyətimizdə müşahidə edilməyə başlanan xəstəliklərdən biri də insanların öz həyat yoldaşları (kişi, qadın fərqi yoxdur) ilə fəxr etməsi, digər insanlara onun üstün cəhətlərini anlatması, hətta məhrəm münasibətləri barəsində belə utanc hiss etmədən danışmasıdır. Halbuki məhrəmiyyətinə sahib çıxmayan ailə xoşbəxtlikdən məhrum qalar.

 Ailə məhrəmiyyəti cütlüklərin üzərinə yüklənən əmanətdir. Əmanətə xəyanət etmək İslam dinində böyük günahlardan qəbul edilir. Ailə sirlərinin ifşa edilməməsi barəsində çoxlu hədislər vardır. Hədislərin birində Peyğəmbərimiz (s.ə.s)  ailənin məhrəmini ifşa edən kişini “kişi şeytan”a, qadını da “qadın şeytan”a bənzədir (Əhməd ibn Hənbəl). Ailə qarşılıqlı haqq və hüquqlara riayət edildiyi müddətcə həqiqi ailə olar. Həzrət Əliyə (r.ə) nisbət edilən bu söz nə qədər də dərin mənalıdır: “Sirrin sənin əsirindir. Onu başqalarına danışıb ifşa etdiyin an sən onun əsiri olursan!”

Ailə sirlərinin və gizliliklərinin mühafizə edilməsi ilə əlaqəli Hz. Peyğəmbərimiz (s.ə.s) belə xəbərdarlıq edir: “Qiyamət günündə Allaha görə ən pis insan, xanımı ilə məhrəmiyyətini bölüşdükdən sonra onun sirrini ifşa edən şəxsdir.” (Müslim, Nikah 123). Göründüyü kimi, hədisdə Rəsulullah (s.ə.s) Allah dərgahında ən pis insanın ailədaxili sirlərini insanlara ifşa edən kimsə olduğunu ifadə edir. Uca Allah bir qadınla evlənib onun ən məhrəm duyğu və davranışlarını bölüşdükdən, onunla yaxınlıq qurduqdan sonra aralarında olanları, “mən belə etdim, o mənə belə davrandı” şəklində başqalarına anlatmağı və yaxud qadının məhrəm bir nöqsanını başqalarına danışmağı ən pis xəyanət  kimi qəbul edir. Buna əsasən alimlər demişdir ki, ər-arvadın ailə həyatında baş verən halları və xüsusi danışıqlarını başqalarına anlatması haramdır. Çünki bunlar ərlə arvada əmanət edilən və onlar tərəfindən gizli saxlanması vacib olan ailə sirləridir. Ailədə sirlər nə qədər sirr kimi qalarsa, bir-birinə olan etimad, hörmət və sevgi də o qədər artar. Ancaq hər hansı zərurətə görə, səhhətindəki problemə çarə axtarmaq üçün, ortaya çıxan ehtiyaca bağlı olaraq, ədəb qaydaları çərçivəsində məhrəm məsələ barəsində danışmaq olar. Bir qadının başqa qadında gördüyü şeyləri də ərinə danışması haramdır.

Ailə sirlərinin qorunmasını ifadə edən belə bir hekayə rəvayət edilir:

Vaxtilə bir şəxs xanımını boşayacağını söyləyincə ondan bunun səbəbini soruşdular. İslam ədəbinə sahib bu adam:

- Yoldaşımın sirlərini necə söyləyə bilərəm?! - dedi.

Bu məsələ ilə maraqlanan o insanlar, adam yoldaşından boşandıqdan sonra onun yanına gəldilər və:

- Yəqin ki, indi deyə bilərsən. O qadını niyə boşamışdın? – dedilər.

Peyğəmbər (s.ə.s) əxlaqı ilə əxlaqlanmış adam bu səfər də onlara bu məna dolu cavabı verdi:

- Yad bir qadının qüsurlarını necə deyə bilərəm?!

Ailə üçüncü şəxslərin girməyəcəyi, müdaxilə etməyəcəyi haram (qadağan) sahə olmalıdır. Ailəmizi və sirlərimizi “yad təhlükələrə” qarşı mühafizə edək ki, cəmiyyətimiz, milli-mənəvi adət-ənənələrimiz itməsin. Unutmayaq:

 Xoşbəxt ailə = xoşbəxt cəmiyyət = xoşbəxt dünya.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz