BİR HƏDİS

BİR HƏDİS

عَنْ أَبِي هُرَيْرَةَ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: {لَيْسَ الْمِسْكِينُ بِالَّذِي تَرُدُّهُ التَّمْرَةُ وَالتَّمْرَتَانِ، وَلَا اللُّقْمَةُ وَاللُّقْمَتَانِ، إِنَّمَا الْمِسْكِينُ الْمُتَعَفِّفُ} اقْرَءُوا إِنْ شِئْتُمْ: {لَا يَسْأَلُونَ النَّاسَ إِلْحَافًا}

            Əbu Hüreyrədən (r.ə) rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Yoxsul, bir-iki loğma və ya bir-iki xurma verilsin deyə qapılarda dilənən kimsə deyildir; əsl yoxsul ehtiyacı olduğu halda həyası və iffəti səbəbi ilə insanlara əl açmayandır. İstəsəniz bu ayəni oxuyun: İnsanlara dilənmək üçün əl açmazlar. (əl-Bəqərə, 273)” (Buxari, Təfsir, 48; Müslim, Zəkat, 34)

                Rəsulullah (s.ə.s) bu hədisi-şərifində “miskin” kəlməsinin tərifini vermişdir. Miskin kəlməsi həm Qurani-Kərimdə, həm də hədisi-şəriflərdə keçən və yeməyə heç bir şeyi olmayan, hər gün qarnını doydura bilməyən yoxsula deyilir. Lakin Rəsulullah (s.ə.s) hədisində bu vəsfə sahib olan hər kəsi deyil, əlində qarnını doyduracaq qədər yeyəcək bir qidaya sahib olmadığı halda iffətinə və həyasına görə başqasına əl açıb dilənməyən, heç kəsə möhtac olduğunu hiss etdirməyən kimsənin miskin olduğunu bildirmişdir. Uca Allah Qurani-Kərimdə sədəqənin əsl sahiblərinin belə insanlar olduğuna diqqət çəkərək buyurmuşdur: “Sədəqə Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. Bu adamlar həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən (dilənmək üçün) israrla bir şey istəməzlər. Şübhəsiz ki, Allah malınızdan nə sərf etdiyinizi bilir”. (əl-Bəqərə, 2/273)

            Rəsulullah (s.ə.s) bu insanların əsil yoxsul olduqlarını açıqlamış, imkan sahiblərinin bu cür möhtacları axtarıb tapmalarını təşviq etmişdir. Çünki onlar bu xüsusiyyətləri ilə Allah qatında böyük dəyər qazanmış insanlardır. Eyni zamanda belə insanlar cəmiyyətdəki zənginlər üçün bir imtahan vasitəsidir. Əlindəki imkan ilə ailəsini keçindirə bilmədiyi halda dərdini heç kimə anlatmayan insanları tapıb dərdlərinə dərman olmaq önəmli bir xeyirxahlıq addımıdır. İşsizlikdən sıxıntılar içində olub psixoloji sarsıntılar keçirən ailə başçılarının düşdüyü halı, sağlam olduğu zaman hər şey öz axarında ikən keçirtdiyi bir qəza nəticəsində şikəst qalan insanların vəziyyətini təsəvvür etmək elə də çətin deyil. Elə bu səbəblədir ki, İslam tərəfindən cəmiyyətdəki sosial ədalətin bərpası üçün zənginlərin belə insanları axtarıb tapmaları önəmli görülmüş və beləliklə, insanlar arasındakı zəngin-kasıb tarazlığının bu yolla bərpa olunması istənmişdir.

            Hədisdə diqqət çəkən bir məqam da dilənçiliyin Rəsulullah (s.ə.s) tərəfindən xoş görülmədiyi və bu davranışın həya və iffətdən kənar bir hərəkət olduğudur. Möhtac olduqlarına görə deyil, peşə halına gətirərək dilənən insanlar axirətdə özlərini yandıracaq cəhənnəm odu hazırladıqlarının fərqində deyillər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz