AİLƏ FƏDAKARLIQ TƏLƏB EDİR
Ən kamil insanın belə çatışmazlıqları olur, insanlıq halıdır.
Əsas məsələ bu çatışmazlıqları görüb, aradan qaldırmaq üçün səyləri əsirgəməməkdir. Ər-arvad üçün yetkinləşmə belə olur, zaman, səbir və dözümlülük tələb edir. Yetkin həyat yoldaşları onlar arasındakı münasibətin ailənin ən mühüm münasibəti olduğunu, bu münasibətin ailənin əsasını, bünövrəsini formalaşdırdığını bilir və buna görə davranırlar. Təbii ki, bunun ilk şərti onların bir-birinə qarşı duyğularını tam ifadə edə bilməsi, səmimi və dürüst olması, eləcə də hörmət əsaslı davranmasıdır.
Yetkin qadın və kişi öz səhvlərindən lazımi nəticə çıxaran insandır və öz məsuliyyətlərini tam dərk edir. Beləcə sahib olduqları dəyərləri öz övladlarına ötürə bilir və onlara nələrisə diqtə etmirlər. Belə bir ailə tərbiyəsi görmüş uşaq isə öz növbəsində vicdanlı və özünə nəzarət edə bilən bir şəxsiyyət kimi formalaşır, eləcə də yaxşını pisdən ayırd edə bilir. Bu mənada valideynləri teatr aktyorları ilə müqayisə etmək səhv olmazdı. Uşaq tamaşaçıdır və oyunu bəyənib bəyənməmək, alqışlamaq tamaşaçının, yəni uşağın əlindədir. Valideynlərin bir-birlərinə müraciət formasından tutun, bütün davranışları uşaqlar tərəfindən ciddi müşahidə olunur. Bu da uşağın gələcəkdə necə bir ailə fərdi, valideyn olmasını şərtləndirəcəkdir. Buna görə də həyat yoldaşlarının münasibətlərinin ailə üçün, bu münasibətlərin arzu olunan keyfiyyəti üçün isə uzlaşmanın əhəmiyyətli olduğunu unutmamalıyıq.
Ailə həyatında bəzən münaqişələr qaçınılmaz olur, lakin hər zaman bir neçə həll yolunun olduğunu düşünərək, münaqişəni şiddətləndirmək əvəzinə, səbir və təmkinlə bu yolları tapmaq lazımdır. Çətin olan da budur, hər halda... Bu iş yalnız yetkinliklə deyil, həmçinin fərdlərin təcrübəsi, öz ailələrində görüb götürdükləri və müşahidələri ilə də əlaqəlidir. Fikrimizcə, ailədə firavanlığa ətraf mühit, yaşam tərzi, mental təfəkkür birbaşa təsir göstərir. Ailədaxili məsələlər həmişə mürəkkəbdir, çünki hər şey və hər kəs həssasdır. Ailədə nə qədər problem olsa da, tərəflər bir-birinə qarşılıqlı hörməti əsirgəməməlidirlər. İnsan ailəsində həyatın səfasını sürməlidir, cəfasını deyil.
Xoş rəftar, imkan daxilində daha çox birgə vaxt keçirmək ailə üçün çox vacib elementlərdir. Yeni ailə quranların ilk illəri əsasən bir-birlərini daha yaxından tanımaqla, xasiyyətlərini öyrənməklə və yeni mühitə adaptasiya ilə keçir. Bu dövrdə hər iki tərəf üçün də “mən” ilk planda yer alır. Uşaq olandan sonra da bir müddət bu vəziyyət davam edir. Körpə həmişə ailə münasibətlərində körpü rolunu oynayır. Artıq bu ailənin fərdləri yavaş-yavaş “mən” mərkəzli deyil, yeni məsuliyyətlərin təsiri və təzyiqi ilə “biz” mərkəzli yaşamağa başlayır. “Mən”dən “biz”ə keçə bilməyənlərin isə ailəsi dağılmağa məhkumdur. İnsan təbiəti belədir: hamı özünü haqlı və düzgün görür. Lakin unutmaq lazım deyil ki, heç bir insident təktərəfli yaranmır. Dinc yaşayış üçün empatiya qədər haqlı tərəf olduğu halda güzəştə getməyi də bacarmaq vacibdir.
Ailədə valideynlər, uşaqlar və təbii ki, üçüncü şəxslər də tərəfdir. Hər bir tərəfin maraqlarının nəzərə alınması vacibdir. Belə bir mürəkkəb quruluşa malik ailə institutunun davamlılığı üçün əvvəla hörmət, sonra sevgi, bu ikisinin olduğu yerdə özlüyündən yaranan dözümlülük və empatiya əsas şərtlərdir. Həyat yoldaşları bir-birlərinin yeri gələndə uşağı kimi qayğısını çəkməli, dəstəkləyicisi və dostu olmalıdır. Ailə olmağın gətirdiyi bu məsuliyyət nə qədər dərindən dərk edilsə, xoşbəxtlik və səadət bir o qədər möhkəm olar. Bunun üçün isə qarşılıqlı (əslində qarşılıqsız) fədakarlıq lazımdır. Unutmayaq ki, yaxşı münasibətlər, saf niyyətlər üzərində qurulmuş ailə yalnız gənclər üçün deyil, həm də yaşlı nəsil üçün ən gözəl nümunədir.
Firavan ailə institutu hər bir cəmiyyət və dövlət üçün əlzəmdir. Müvazinət həmişə saxlanmasa, ər-arvad arasında dialoq mühiti tam olmazsa və onlar bir-birlərini tamamlayaraq bütöv olduqlarını düşünməzlərsə, ailənin maddi vəziyyətindən asılı olmayaraq onun firavanlığından, səadətindən söhbət gedə bilməz. Cəmiyyətə, dünyaya yol ailədən başlayır və onun saflığını, mənəvi meyarlarını qorumaq həmişə birinci sırada durub. Ən dəruni sevgi də elə ailədən başlayır. Sevən insan (qız və ya oğlan) mükəmməl ailə tərbiyəsi görərsə, sevgidə də sabitqədəm olar.
Müqəddəs bir ocaq olan ailənin davamlı olması üçün ər-arvad arasındakı münasibətlər, bu münasibətlərin keyfiyyətli olması və sağlam gələcək nəsillərin yetişdirilməsi üçün isə “qarşılıqlı fədakarlıq” olmazsa-olmaz bir vacibiyyətdir. Münasibətlər elə qurulmalıdır ki, ailə onun bütün fərdləri üçün bir səadət yuvası olsun; o yuvanı tərk edənlər öz yuvalarını da onun kimi qursunlar.
ŞƏRHLƏR