Səma MARAŞLININ "Məhəbbətə Doğru" kitabından- Qadın dili "Əzcə"

Səma MARAŞLININ "Məhəbbətə Doğru" kitabından- Qadın dili "Əzcə"

Ailədə xoş münasibət üçün ər-arvad arasında gündəlik dialoqların böyük əhəmiyyəti var.

 Həyatımıza baxanda cütlüklər arasında yaranan mübahisələrin əsasən bir-birini anlamamaqdan qaynaqlandığını görərik. Elə isə həyat yoldaşımızın, tərəf müqabilimizin dilini öyrənməyə necə baxırsınız? Gəlin ailə məsələləri üzrə mütəxəssis, yazar Sema Maraşlının “Əzcə” və “Düzcə” yazısını birlikdə oxuyaq!

Qadınların danışıq dili kişilərdən fərqlidir. Mən bu dilə bir ad vermişəm: əzcə.

“Əzcə” kişi dili olan “Düzcə” kimi açıq və konkret deyil. Qadınlar sözlərinin yerə salınmasından qorxaraq deyəcəklərini birbaşa söyləməzlər. İp ucu verərək tapmacanı kişilərin açmasını istəyərlər. Sözü əzib-büzdüklərinə görə “əzcə” adlandırmışam. Əzcə eyham vurma və üstüörtülü başa salma dilidir. Bu dilin qaydalarını öyrənən kişinin işi asan olar.

“Əzcə”də söz bazası genişdir. Çünki qadın beyninin hər iki tərəfində danışma mərkəzi var. Ona görə də qadınların danışmağa ehtiyacı kişilərdən çoxdur. Kişilərin danışma mərkəzi beyinin sol tərəfində yerləşir. Beyinin sol tərəfindən zərbə alan kişilər ömürlərinin axırına qədər danışma qabiliyyətini itirdikləri halda qadınlar beyinlərindəki iki danışma mərkəzi sayəsində canları çıxmadıqca danışma qabiliyyətlərini itirməzlər.

Qadının dərdi olanda daha çox danışır. Hər şeyə bir bəhanə tapır. Bunun qarşısını almaq üçün kişi xanımının xoşbəxt olması və üzündən sevincin əskik olmaması üçün çalışmalıdır.

Onları xoşbəxt etmək çətindirmi? Əksinə, çox asandır. Qadın ruhunu bir az başa düşmək kifayətdir. Hər gün ona bir az vaxt ayırın. Yarım saat da olsa iş-gücü bir kənara qoyub, ona qulaq asın. Qadınlar danışaraq artıq enerjidən azad olurlar. Danışa bilməsələr partlayarlar.  Qadınlar sadəcə lazım olanda, xüsusi istək və arzularını ifadə etmək üçün bu dildə, yəni “əzcə” dilində danışırlar. Gün ərzində baş verənləri hekayə tərzində danışmağı sevirlər. Onların çox danışmağa olan meylinin səbəbi dərd bölüşmək deyil. Qadınlar çox vaxt yaxınlıq qurmaq üçün başlarına gələni uzun-uzadı danışırlar.

Bəzən də qadınlar kim və ya nəsə ilə maraqlandıqlarını göstərmək, yaxud söhbət etmək bəhanəsi ilə sual verirlər. Məsələn, bir çox qadının tanış olma macərası bir-birinə sual verərək başlamışdır. Qadının sual verməsi “səninlə maraqlanıram, sənə əhəmiyyət verirəm” mənasına gəlir.

Sual verən qadına qısa da olsa cavab verin, sonra ona başqa bir sual yönəldin. Onunla maraqlandığınızı görüb sevinəcək. Məqsədi də bu olduğuna görə sual verməyi kəsib, cavab verməyə başlayacaq.

Qadınlar dünyaya gələcəkdə ana olmaq üçün gəldiklərinə görə nəsihət etməyi də çox sevirlər. Kişilərsə qadından nəsihət eşitməyə nifrət edirlər. Qadınlar nəsihətə başlayanda buna sərt reaksiya verərək xətirlərinə dəyirlər. Halbuki çox vaxt qadınlar nəsihət etdiklərinin fərqində olmadan belə danışırlar. Ona görə də yoldaşınız nəsihətə başlayanda əsəbiləşməyin, əksinə, ona iltifat edib kompliment deyin. Bəli, səhv eşitmədiniz. Ona şirin dillə iltifat edin. Məsələn, çox gözəl olduğunu, baxışlarının mənalı olduğunu, təbəssümün üzünə necə yaraşdığını, getdikcə daha da gözəlləşdiyini, axşam yeməyinin dadlı olduğunu və s. kimi sözlər söyləyin. Həmin gün onun xoşuna gələcək nə isə maraqlı bir şey kəşf edin. Dərhal nəsihəti kəsəcək, özü də fərqində olmadan ana kimi rəftar etməkdən uzaqlaşacaq və qadınlıq duyğuları qabaracaq.

Bu dili başa düşməyin ən asan yolu sevdiyiniz adamı qəlbinizlə dinləməkdən keçir. Qadınların ərləri ilə bu dildə danışmasının səbəbi anlayış, sevgi və yaxınlığa olan ehtiyaclarıdır. Qısa hekayə ilə mövzunu nöqtələyirəm:

Ailədə bir çox problem yaşayan kişi evi tərk edib anasının yaşadığı evə gedir. Anası ona evə qayıtmasını və xanımına qulaq asmasını nəsihət edir.

Kişi evinə qayıdır, arvadının dediklərini dinlədikdən sonra yenidən anasının qaldığı evə yollanır. Anası yenə nəsihət edir:

“Bu dəqiqə evə qayıt və xanımının sənə dediklərini yox, deyə bilmədiyi sözləri dinlə. Çünki sevgiyə gedən yol sevdiyin adamı qulağınla deyil, qəlbinlə dinləməkdən keçir”.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz