ÇİÇƏK ÜÇÜN...
Şəhərin küçələrində tələsə-tələsə gedirəm. Hər insan kimi mən də planladığım yerə vaxtında çatmalıyam. Həyat çatmaq və bu uğurdakı səylər içində keçib gedir.
Şəhər həyatında hər şeyin normalına az rast gəlinər. İnsanlar ya çox sürətlidir, ya çox yavaş; ya çox danışar və ya heç danışmaz. Ya çox iştahlıdır və ya çox az yeyər. Nəqliyyat vasitələri belə normal hərəkət etməz; hər zaman tıxac var. İnsanlar həddən artıqlığın hər növünü (romantika, əsəb, stress, qorxu...) yaşayar. “Normal” və “şəhər” sözləri modernizmin şəhərləri və insanları bir-birinə bənzətdiyi gündən bu yana bir yerə cəm ola bilmir.
Yolda gedərkən yerdə ayaq baş barmağı böyüklüyündə bir çiçək gördüm. Çiçəyin yaxınlığında torpaq yox idi; bir insanın əlindəki buketdən, aparılan bir çələngdən və ya balkondan düşmüşdü. Çiçək mənə "al məni,al məni " deyə səslənirdi. Ülkər firmasının "al beni" adlı bir şokoladlı vaflisini təxminən 1990-cı illərdən bu yana bilirəm. “Al məni” deyildiyi zaman yalnız şokoladlı vafli ağla gəlməlidir? Evlərdə açılmadan bir küncdə dayanan səccadələr, çəkilməyə-çəkilməyə tozlanmış təsbehlər, səhifələri heç açılmadan dayanan dini kitablar həmişə "al məni, oxu məni, çək məni" deyir, amma eşidənə!.. “Diyirlənən daş yosun tutmaz” deyərlər. Çəkilməyən təsbehlərin, oxunmayan kitabların, açılmayan səccadələrin sahiblərinin könülləri, kaş ki, yalnız yosun tutmaqla qalsaydı!
Yolda tapdığım kiçik bir çiçək gündəmimi dəyişərək mənə insan olduğumu xatırladır. Gedəcəyim yeri unuduram sanki. Həqiqətən, mən belə tələsə-tələsə hara gedirdim? Məscidlərdə, siniflərdə, söhbət məclislərində, böyüklərin yanında, qohum-qardaş ziyarətlərində telefonla oynayanları və ya otağına çəkilərək internetə gömülənləri çox gördüm. Ən çox yadırğadığım və mənə qəribə gələn şey isə parklara gedən insanların çəmənliyə, qarışqaya, çiçəyə, ağaca, quşa baxmaq yerinə virtual dünyada sörf etmələridir. Əslində, oyun oynayan insanlarda həyəcan və sevinc üz ifadələrinə əks olunmalıdır. Amma indi elektronik və virtual oyun oynayanları sanki üzərlərinə ölü torpağı atılmış kimi, poker oynayan birinin əlindəki kağızın rəngini bildirməməyə çalışan üzü (poker face ) kimi soyuq görürəm. Bir az daha dərinə getsəm, hər keçən dəqiqə üzlərindən qan çəkilir, gözləri donaraq mənasızlaşır, robotların üzərlərindəki metalın soyuqluğu və ruhsuzluğu oxunur üzərlərindən. Həyatın mexaniki ictimai və ya virtual axıntısına özümüzü elə qapdırmışıq ki, insan olduğumuzu, ürək daşıdığımızı, ürəyin dəqiqədə 75-80 dəfə çarpmaqdan başqa işinin də olduğunu unutmuşuq. Hanı sənətdən sənətçiyə, əsərdən müəllifə doğru yol qət edəcəkdik?! Sənətçiyə aparmayan hər sənət əsəri israf edilmiş deməkdir. Görmüş olduğu minlərlə yağış, qar və dolu dənəsini israf edən o qədər çox insan var ki!
Çiçək ilə yoluma davam edirəm; kiçik çiçəyin üstündə dörd möhtəşəm rəng var. Gözəllik baxanın gözündədir, deyirlər. Gözəlliyi zahirdə deyil, daxildə axtarmaq lazımdır. Bütün dünyanı gəzib dolaşsa, əgər daxildə gözəllik yoxdursa, göz sevməyə, kompliment deməyə heç bir şey tapa bilməyəcək, söz başdan sona şikayət və eyib tapmaqla çirklənəcək. Gözəllik baxanın gözündə olarsa, bəs çirkinlik haradadır? Gözəllik haradan görülürsə, çirkinlik də oradan özünü biruzə verər. Əşyanın özü deyil, o əşyaları görən vasitələr gözəl və ya çirkindir. Əlimdəki çiçək beş duyğu hissimə də xitab edir (dadmaq xaric). Əlimdəki çiçəyin gözəl bir iy vermədiyini təxmin etmişdim. Olsun, yenə də heç olmasa özünə xas torpaq-bitki qarışığı bir qoxusu var. Bütün içkilərin dadını acı, şirin, turş, duzlu, şəkərli deyə xarakterizə etmək olur, amma suyu yalnız su olaraq açıqlaya bilirik. Əlimdəki çiçək də su kimi iy verir. Çiçək təbəssüm edir, amma qəhqəhə çəkmir; danışır, amma qışqır-bağır salmır.
Çiçək danışmasaydı, Yunus Əmrə “sordum sarı çiçəyə” deyərək soruşa bilərdimi? Çiçəklə danışmaq üçün adın Yunus olması kifayət etməz. Könül də “Yunus könlü” olmalıdır. Siz heç çirkin çiçək gördünüzmü? Çiçəyin qurumuş halı belə gözəldir. Tikanın isə yaşı da, qurumuşu da ağrıdar. Çiçəyin yarpaqlarını qırmayım, incitməyim deyə yavaşca toxunuram . Kaş ki, insanlara da belə yumşaq toxuna bilsək, çiçəyə baxa bildiyimiz kimi baxa bilsək. Qadınlar çiçəkdir deyirlər. Qadınlar çiçəkdirsə, bəs kişilər nədir? Kişilərə kötük, odun kimi bənzətmələr edirlər. Əsl insan çiçəyi qopardarak iyləməz. Rükuya gedirmiş kimi əyilərək iyləyər. Nə qədər kişilər var ki, çiçək özünü onların yanında tikan kimi hiss edər. Nə qədər çiçəkdir deyilən qadınlar da var ki, çiçəyin sahib olduğu bütün gözəlliklərdən nəsibsizdir. Çiçək, odun, kötük olmaq daxilimizə yönəlik ruh hallarıdır. Bunların qadını - kişisi olmaz.
Türkcə lüğətdə əyri yola düşən qadınlara “səki çiçəyi” deyə bənzətmə edilir. Səkilər payızda tökülən yarpaqlar kimi evsizlərlə, yetim və kimsəsizlərlə dolu olur. Səki daşları və çiçəklər bir-birinə zidd ikilidirlər. Biri sərtliyi, digəri yumşaqlığı; biri ayaqlar altında əzilməyi, digəri göz-burun xəttinə qədər qaldırılaraq qoxlanmağı; biri təmizliyi, digəri isə toz-torpaqla çirklənməyi təmsil edir.
Şəhərin küçələrində əlimdəki çiçəklə tələsə-tələsə gedirəm. Bambalaca bir çiçək mənə insan olduğumu, aciz olduğumu, nəhayətli olduğumu və Allahımı xatırladır. Həqiqətən, mən hara, nə üçün gedirəm, bilirsinizmi? Yoxsa bu qədər yolu o çiçəyi yerdən götürmək və ona kompliment demək üçün gəlmişəm? Bəs, siz hara gedirsiniz? Yoxsa hamımız yolu azdıqmı?!
ŞƏRHLƏR