Qadın "qadın" olsa
Atalar “Aslanın erkəyi, dişisi olmaz” deyiblər. Mömin də belədir: nə erkəyi, nə dişisi; imanı və iradəsi güclüdürsə dünyanın çətinlikləri qarşısında aslanlar kimi dayanar, səbir və təmkinlə hərəkət edər.
Tariximiz bunun saysız nümunələri ilə doludur. Ailə xaricində baş vermiş müsibətlərə nisbətən ailə daxilində baş vermiş müsibətlərə səbir mövzusunda, ola bilsin ki, qadınlar analıq şəfqətinə sahib olmaları səbəbi ilə kişilərdən bir addım geridə görünə bilərlər. Amma nəql edəcəyim bu hadisə iman və sədaqətin bir qadını necə zirvə nöqtəyə çatdıra biləcəyinə nümunə olacaqdır.
Əsri-səadətdə yaşamış Ümmü Süleym adında mədinəli bir səhabə qadın var idi. O, Mədinədə İslamın yayılmağa başladığı ilk illərdə müsəlman olmuşdu. Amma əri Malik müsəlmanlığı qəbul etməmişdi. Bu cütlüyün Ənəs adında bir övladları var idi. Xanımının müsəlman olduğunu eşidəndə əri çox hirsləndi və:
- Oğlumun əxlaq və əqidəsini pozma! – deyə onu məzəmmət etdi.
Ümmü Süleym isə:
- Mən onun əqidəsini pozmuram, əksinə, düzəltməyə çalışıram, – dedi.
Ümmü Süleymin qətiyyətini görən əri bu mübahisəni uzatmadı. Hirslə qapını çırparaq çıxıb getdi. Gediş o gediş oldu; arxasınca düşən bir düşməni tərəfindən öldürüldü.
Dul qalan Ümmü Süleymə çox yerdən təkliflər gəldi, amma qəbul etmədi. Bəhanəsi isə: “Ənəs hələ balacadır, bir az böyüsün, sonra baxaram”, - şəklində idi. O, kasıb olmasına baxmayaraq, övladını ən gözəl şəkildə tərbiyə etmək üçün öz həyatını bir kənara qoymuşdu.
Ona talib olanlardan biri də Mədinənin zəngin adamlarından olan Əbu Talha idi. Ümmü Süleym ona da eyni cavabı vermişdi.
İllər sonra Əbu Talha yenidən onun qarşısına çıxdı və: “Artıq Ənəs böyüyüb, ondan da soruş, razıdırsa, sən də razı ol”, - dedi.
Ümmü Süleym yenə razı olmadı. Bu səfər etiraz səbəbi başqa idi: Əbu Talha müşrik idi. “Bir müsəlman olaraq səninlə evlənə bilmərəm”, - dedi. Ona dəfələrlə başa saldı ki, bu sitayiş etdiyin bütləri sizin ustalarınız, dülgərləriniz düzəltmirmi?! Apar birini yandır, gör özünü qoruya bilirmi?! Onlar sənə nə bir fayda verər, nə də zərər!..
Əbu Talha ona çoxlu pul təklif etdi. Amma Ümmü Süleymin şərti dəyişmirdi: müsəlman olmadıqca, əsla!.. Mehr olaraq bircə tələbi var idi: “kəlmeyi-şəhadət”.
Bu əzm və səbir Əbu Talhanın ürəyini yavaş-yavaş yumşaltdı və İslamı qəbul etməsinə səbəb oldu. Bundan sonra artıq Ümmü Süleymin etiraz etməsinə bir səbəb qalmamışdı, onunla evləndi.
O günlərdə Rəsulullah (s.ə.s) Mədinəyə hicrət etdi. Ümmü Süleymin bir arzusu var idi: oğlunun tərbiyəsini şəxsən Rəsulullah (s.ə.s) versin.
Ər-arvad onun hüzuruna çıxdılar və Ənəsi təqdim etdilər: “Bizim hədiyyəmizi qəbul et, xidmətinizdə dayansın”, - dedilər. Həmin Ənəs daha sonra Rəsulullahın sirdaşı və İslamın böyük alimlərindən biri olan “Ənəs ibn Malik” idi.
Allah yeni ailə qurmuş bu cütlüyə bir övlad bəxş etdi. Adını Ümeyr qoydular. Rəsulullah onlara gələndə Ümeyri oynadar, “Ey Ümeyr, hanı nüğeyr (balaca quş)” – deyə zarafatlaşardı. Bir gün Əbu Talha evdə yox ikən həmin övladları vəfat etdi. İman və səbirlə püxtələşmiş Ümmü Süleym onu yuyub kəfənlədi və üstünü örtdü. Evdəkilərə də tapşırdı ki, Əbu Talha gələndə heç kim sezdirməsin.
Axşama Əbu Talha yanında qonaqları ilə evə gəldi. Evdən çıxarkən uşağı narahat idi. Buna görə də gələn kimi soruşdu:
- Oğlum necədir?
Xanımı evə yorğun gələn ərinin kefini pozmamaq və qonaqlarını layiqli şəkildə qarşılaya bilməsi üçün dedi:
- Sakitləşib, o indi rahatdır.
Sonra qonaqlarına süfrə açıb ikramını etdi. Qonaqlar nuşcanlıqla yeməklərini yedilər. Məclis gözəl keçdiyi üçün gec getdilər. Ümmü Süleym onsuz da yorğun olan ərini gecə vaxtı narahat etməmək üçün yataq saldı və yatdılar. Səhər tezdən Əbu Talha məscidə getmək üçün qalxdı. Qüsl alıb evdən çıxmaq istəyəndə xanımı dedi:
- Qonşularımız birindən bir əmanət alıblar. Xeyli istifadə etdikdən sonra əmanətin sahibi gəlib geri istəyib. Amma onlar əmanəti vermək istəməyiblər, etiraz ediblər.
Əbu Talha:
- İnsafsızlıq ediblər doğrusu, - dedi. – Xeyirdir, bunu mənə niyə danışdın ki?!
Ümmü Süleym yenə səbir, təmkin və iman dolu bir səslə:
- Allah bizdəki əmanətini geri aldı, - dedi.
Əbu Talha məsələnin nə yerdə olduğunu başa düşdü və: “Şübhəsiz ki, biz Allahın qullarıyıq və ona dönəcəyik”, - ayəsini oxudu. Məscidə gedərək başına gələnləri Rəsulullaha danışdı. Rəsulullah (s.ə.s):
- Allah bu gecənizi sizə mübarək etsin! – deyə dua etdi.
Bir il sonra Allah onları yenidən sevindirdi və Abdullah adında övladları dünyaya gəldi.
Bir qadının İslama bağlılığı, təbliği və onu ailə içində yaşatması ilə bağlı necə də gözəl nümunədir, elə deyilmi?!
Allahın rəhməti və cənnəti genişdir. Biz də o üstün əxlaq sahibləri ilə birlikdə o cənnətdə yer almağı ümid edirik...
ŞƏRHLƏR